manera.az
manera.az

Eşqsiz yaşamağın min bədəli var - Yeni şeirlər

Eşqsiz yaşamağın min bədəli var - Yeni şeirlər
MANERA.AZ Hüseyn Bağıroğlunun yeni şeirlərini təqdim edir.

Aparır

Özünü dərk eləmək bir ömür zaman aparır,
Bu zaman nədir belə, ömürü yaman aparır.

Bəlkə də sovqatıdır ağ duman şıltaq küləyin,
Sən əsən yellərə bax, dağlara duman aparır.

Heç ibrət olmadı ki, Məcnunun o halı bizə,
Yenə də ağlımızı qaşları kaman aparır.

Nuhun gəmisi kimi Eşq yenə dəryada qalıb,
Bir bilən yoxdu onu bir dəli tufan aparır.

Mən səhər yellərinin sirrini aşkar elədim:
Bülbülün nəğməsini güllərə dərman aparır.

Yer üzündən ucalan nuru görüb çaşdı bəşər:
Aşiqin ruhudur o, göylərə Quran aparır.

Şair, ümmana dalıb heyrətlə dalğalanırsan,
Bir dönüb damlaya bax, zərrədə ümman aparır.

Əfəndim

I

Bir yalandı onun duyub bildiyi,
Bu dünya bizləri biməz, Əfəndim.
Onun gecələri necə ah çəkir,
Onun gündüzləri bilməz, Əfəndim.

Dən görüb tələyə gələn hərifdi,
Tələdə sevinib gülən hərifdi.
Ölümü ölümsüz bilən hərifdi,
Ölümü öldürən ölməz, Əfəndim.

Dağdan ağır daşları sel apardı,
Göy üzündən quşları yel apardı,
Bir aşiqin ağlını gül apardı,
Bir kimsə göz yaşın silməz, Əfəndim.

İnsan oğlu insan kimi durulsa,
Fani dünya eşq üstündə qurulsa,
Sözün sirli tilsimləri qırılsa,
Kim deyir üzümüz gülməz, Əfəndim.

II

Yoza bilsən min bir yerə yozular,
Bu dünyanın bu duruşu, Əfəndim.
Yaza bilsən nəğmə kimi yazılar,
Dağda daşı, göydə quşu, Əfəndim.

Bu ömürü yarpaq-yarpaq dərəsən,
Bir gül sevib qədəminə sərəsən.
Eyni bulaqdanmı gəlir görəsən,
Üzün suyu, gözün yaşı, Əfəndim.

Ağlı olan oyatmaz ki, dərdini,
Hər havaya oynatmaz ki, dərdini.
Neyə dönüb ovutmaz ki, dərdini,
Bu dünyanın hər qamışı, Əfəndim.

Yalandan don biçər hər savaşına,
Müqəddəsdir deyər şər savaşına.
Bilən varmı bu dünyanın başına,
Niyə düşər göyün daşı, Əfəndim.

Qulaq versən mələklərin sözünə,
Sözün açar olar göyün üzünə.
O dünyada yer tapdımı özünə,
Bu dünyanın dost-tanışı, Əfəndim.

Nələr çatlar çatılan qaşlarında,
Dünya durularmı göz yaşlarında.
Bu faninin bu fani işlərində,
Bir kimsə yox məndən naşı, Əfəndim.

Bəsirət gözü

Bir az ayıq olsan, bir azca ayıq,
Külli kainatı dəm görəcəksən.
Kədərin bətnində işıq topası,
Sevincin bətnində qəm görəcəksən.

Dil zikir etməkdən qabar olmasa,
Hər ahın göylərdə havar olmasa,
Könül yar deməkdən qubar olmasa,
“Qübari-dərgəhi nəm” görəcəksən.

O biri üzüdür gecə gündüzün,
Tikan üzü də var gülən gül üzün.
Əgər bağlı olsa bəsirət gözün,
Gördüyün hər şeyi kəm görəcəksən.

Ziyandı

Sən qoyma qəm-kədər dola gözlərə,
O qəmin kölgəsi gözə ziyandı.
Ağlamaq öyrətmə ala gözlərə,
Duzlu göz yaşları üzə ziyandı.

Aldınmı bitməyən eşqin sorağın,
Bir az da allansın o al yanağın;
Yaramın qaysağın hey qoparmağın,
Yarama səpdiyin duza ziyandı.

Yerin min bir yersiz qalmaqalı var,
Göyün müəmmalı min xəyalı var,
Deyirlər isimin altı halı var,
Dünya hansı halda bizə ziyandı.

Allaha güvən

Bu günün bir gün olmasa,
Yol gələn sabaha güvən.
Çox güvənmə ona-buna,
Sən təkcə Allaha güvən.

Nəfs adamı lap qəlp edər,
Sonra özündə qərq edər.
Təpərsiz olar təpələr,
Sən dağ olub dağa güvən.

Ömrün sirrin çözə-çözə,
Vur özünü oda-közə,
Dərd söyləmə dərdbilməzə,
Ondansa bir aha güvən.

Eşqsiz yaşamağın min bədəli var

Nə zaman tanıyar, nə məkan bilər,
Bu Eşqin nə sonu, nə əvvəli var.
Gözə görünsə də, görünməsə də
Onun hər könüldə bir heykəli var.

Kim yalan deyirsə tapmasın xeyir,
Qeybdən qopub gələn bir səda deyir:
Nə yerlər, nə göylər təməlsiz deyil,
Hər şeyin eşq adlı bir təməli var.

Sən yaşa qəmi qəm, kefi kef kimi,
Keçmə bu dünyadan naşı dev kimi;
Uçub tökülərsən köhnə ev kimi,-
Eşqsiz yaşamağın min bədəli var.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031