Ölüm həyat ünüdür - Şeirlər

Manera.az mərhum şair, jurnalist Fəxrəddin Orxanın şeirlərini təqdim edir:
* * *
Səmadan endi dəvət,
"-Gəl,"-deyir,
Gəlləm əvət.
Mövlam verir ziyafət,
Bu yol hara aparır?
Yatıb gördüm röyamı,
Sel uçurtdu qayamı.
Günəşəmmi, Ayammı-
Bu yol hara aparır?
Söhbət bir candan gedir,
Ruh uçur, zindan gedir.
Oxdur - kamandan gedir,
Bu yol hara aparır?
Bu bir dünya düzümü,
Yola sallam özümü.
Kim bulacaq izimi-
Bu yol hara aparır?
Ölüm həyat ünüdür,
Tam kainat dinidir.
Təzə doğum günüdür? -
Bu yol hara aparır?
Əqrəblər qaçır...
İndi saatla da tutmur söhbətim,
Üzünə baxdımmı -- əl-ayaq açır.
Bilməzmi dünyada bitir möhlətim...
Bəlkə də kövrəlib o məndən qaçır.
Qaçır göz yaşını görməyir deyə,
Uzaqdan yaylığı sındırır məni.
Fələyin Əqrəbi yol açır göyə,
Yerdəki əqrəblər yandırır məni.
Biri yol dəyişir, biri göz yumur,
Güya ürəyində iş ölçüb-biçir.
Biri günahını sözlə də yumur
Sanki köhnə qəbrin yanından keçir.
Bu qədər qorxulu azar nə pismiş...
Saniyəölçən də dözmür, tablamır.
Yaxşı ki əhdini zəhərlə kəsmiş
Əqrəblər dünyada vaxt hesablamır.
Təqdim etdi: Tural Adışirin