Heç sevmədim ad günümü.. - Samir Kərimoğlunun şeirləri

Bu gün Samir Kərimoğlunun doğum günüdür. 46 yaşı tamam olur. Özünün dediyi kimi, 47-ə keçir.
Nəsə bizim feillərdən ta əvvəldən heç gözüm su içmir, “keçmək”də bir könüllülük prinsipi var, guya özü keçir, soruşsan, deyəcək ki, nə vaxt 47-ə gəlib çatdım, xəbərim yox…
O, minimalist şeirlər yazır. Böyük dünyanı kiçik, lakin çox mənalı və duyğusal şeir ərazisinə salmaq istəyir. Bu da bir şair iddiasidır, qoy olsun! Onu çox sayda yazarlar içərisində fərqləndirən də budur.
Samir həm də istedadlı tarixçi-alimdir.
Elmi fəaliyyəti və bədii yaradıcılığında ona uğurlar arzulayırıq.
Hörmətlə: Mehman Qaraxanoğlu,
Tural Adışirin
Samir Kərimoğlunun şeirləri..
***
bir də
payız gələcək,
quşlar uçacaq,
təbəssümlərinin ardınca...
***
ikimizə
bir şeir
bəs edər,
lap
dünyanın yoxluğuna qədər...
səhər günəşi,
axşam ayı
sevməyə dəyər...
sən yaşamağa get,
mən ölməyə...
***
rəssamın
fırçasında duruxub qalıb,
rəngin son damçısı....
çəkir,
zamanın acısını...
***
oxuya,
bilmədim,
alın yazımı...
***
buludlar
gözlərini yumub,
quşların dimdiyindən
enir payız...
və bir uşaq
dişlədiyi
almaya dogru qaçır...
***
bir qaşıq
yeməkdə
vaxt da soyuyur...
***
heç
sevmədim,
ad günümü...
onsuz da
həmişə geçikirəm...
***
daha bəsdir,
gəl gedək,
külək
tozlu masadan silir,
intihar vaxtını...
***
bir az buludda,
bir az yagışda
yaşayıram....
bir ölüm
səhnəsidir darıxmaq,
hörüyündə
saxla məni qız...
***
siqaretin
son qullabında
sərsəm duyğular
mürgü döyur...
yenə evə
islaq gedəcəyəm...
***
pəncərdən
baxaq,
bu lənətə gəlmiş,
şəhərin sükutuna...
köhnə saatın
vahiməsinə
biganədir həyat...
***
aramızda
zaman ölçüsü yox...
mən uçurumları sevirəm...
sən isə
mənə baxıb gülməyi...
MANERA.AZ
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.