manera.az
manera.az

Daş altda sirr olasan... - Samir Kərimoğlunun şeirləri

Daş altda sirr olasan... - Samir Kərimoğlunun şeirləri
MANERA.AZ Samir Kərimoğlunun sürreal şeirlərini təqdim edir:

***
Xəlvəti
öləcəyəm.
Bir
Məchulluğu
böləcəyəm...


***
Adil Mirseyid üçün

Sənin
rənglərin vardı,
yoxsulluq,
ehtiyac,
Xoşbəxt...
pəncərələr,
qapılar bəyaz..
buludlar,
Adam...
Sənin
rənglərin vardı,
hüznünü boyamırdı...
dunya
simi qırılmış ud...
gölgələr yorğun,
umidlər didərgin.
Buludu
göydə çək,

ruhun tək.
O təhna ağac,
bu sarı yarpaq
bir
yarada qaysaq...
Parisin gecələri sərxoş,
Senanın sahilləri lilli...
Üşüyən,
üşüyən Adam
bəlkə sənə
isti bir
türk qəhvəsi gətirim...


***
Sənin üçün

Hansı rəngi seçim?
Onsuz
içim
bürünüb rənginə...
Dayan!
bir çatım,
ucan dodağına,
qaçan gözunə...


***
bu
viranə evdən
təkcə
ətrini götürdüm.
Ayrılığa
hədiyyə üçün...

Gəl,
oxşayım səni.
içimə
bir yol çəkim...

Gözlərin
Çınqıllı yol...
Günəşi
tərsinə çevirib,
yürüdüm,
yürüdüm...


***
Gecə
qara,
qara.
Ay
aypara,
aypara.
Səhərə qədər
ürək süzülür,
Qədəhə...


***
Dünyanın
sevmədiyi
adam olasan.
Qaraçı tək
dolaşasan dünyanı,
dərviş tək
çağırasan ruhunu...
Daş altda
sirr olasan...
bir yağışda öləsən,
bir yağışda diriləsən...


***
Vağzalın
bozluguna
tökülür,
payız havası.
Qatar
unudub,
ayaqlarını,
qanadlarını...
sərçələr
boş skamyalarda
adam axtarır
dimdikləriylə...


***
Mən
içimin nağılıyam.
Divlərin
Yuxusundan keçdim...
Uşaq gozündə
sevinc,
qocanın üzündə
hüzn.
Və beləcə
bir gün
nağıl danışa-danışa,
yox olursan
göylərin asi üzündə...


***
Təklikdən
kim boğulmayıb ki,
ruhun
soyulur
an-an.
Enirsən,
içində
qırx pilləkən,
görürsən,
ümidin
yox orada...
Və bu zaman
icindən
Bir ah keçir...
Gözdolusu
yaşamadım
sən yaşa
üfüqdən
o yana...


***
Səni
düşünməkdən
gözəl nə var.
Gör ,
nə vaxtdır
bir dənizdə
çəkirəm avar...
sənin üçün
ölməyə
min yol var...
ay var,
il var,

yağış var,
qar var...
Ölümü
ölməyə
qoymayım gərək.
Çəkək,
dünyanı
qıraq bir yerə
bəlkə
bir az
söhbət edək...


***
Deyirlər,
az çək,
bu zəhrimarı.
dumana
bürünüb,
kim çəksin,
bu qəmi...
Əllisi də,
yüzü də
ölümdü dünya.
Ruhum
yanan gəmidi,
buraxın dənizə
qoy getsin...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930