Sentyabr düşəcək, kipriklərindən buludların.. - Yeni şeirlər
Samir Kərimoğlunun yeni şeirləri..
Arzularından yıxılır adam
yenə
rəsmin yarımçıq,
rənglər
quruyub əllərimdə...
bəlkə də
heç bilmirsən,
arzularından
yıxılır adam...
hələ bir
əyilib qalxmağın da var,
o şəkildən
boylanmağın da...
nə sənin üçün,
nə özüm üçün
ölə bildim...
bilirəm,
yox idin
mən üşüyən fəsildə...
darıxma,
darıxma,
darıxma
cəkəcəyəm ,
o rəsmi...
bir az
Sınmış qədəh və günəş
gecə lazımdır,
bir az da yağış...
sınmış qədəhdən,
günəş boylananda
gözlərinin rəngini çəkəcəyəm...
dartıb aparacağam
lap uzaqlara
uçurum kimi gözlərini...
haçansa,
sənə yaxınlaşmaq üçün,
bir rəsm bağışlayacağam...
deyəcəksən ki,
sənin də bacardığın
bu imiş...
Lənətə gəlmiş “mən”
bu lənətə gəlmiş,
şəhərdə
məhəccəri sınmış
pilləkənlə
yuxarı
qalxa- qalxa
fikirləşirsən ki,
düşməninə
yaman bənziyirmişsən...
Uzaqlarda...
küləyin
şəkli qalib,
bu ağacda...
uzaqda,
lap uzaqda
bir qız dayanıb,
xatırlamır,
sevgisini asmışdı,
hansı budaqdan...
Yağış təbəssümü
heç,
görmüsənmi
yağışın sevincini?
sevincdən ölənləri...
islaq saçlarında
yağışın təbəssümünü
oğurlamaq istəyir gecə...
gecədən
diksinir kimsəsiz küçə...
uzaqlaşır səndən
bir yağışda
batıb qalmış əllərin...
hələ də axtarır,
o yağışı,
o sevinci...
daha yoxdur,
o yağışdan,
o küçədən...
Elmirin kətana yazdığı şeir...
bu şeir
Elmirindi...
kətanda
siyasət kimidir,
səhvləri
heç vaxt bağışlamır...
Səndən keçən gecə
şəklini
daşıyan gecə
əlbət,
bir gün
heç bilmədən
sənin
özündən də keçər...
Nostalji
Sentyabrın
ovcunda payız,
payızın içində
sınmış ağac...
qanlı üzünü
yağış yuyur,
qollarına
təbəssümlə baxan ağacın...
balaca bir ev
qızınacaq,
bir ağac isə
həmişəlik
üşüyəcək,
qucaqlaya bilməz
xatirələrini...
tanıya bilmədiklərin
yanından keçəcək,
lap payızın
özü kimi...
bir yarpaq kimi
sentyabr düşəcək,
kipriklərindən buludların...
MANERA.AZ