manera.az
manera.az

Karaoke axşamı təşkil edilib | MANERA.AZ

Karaoke axşamı  təşkil edilib | MANERA.AZ

Beynəlxalq Mətbuat Mərkəzində “Samur” qəzeti və “Suvar” Ləzgi Xalq Ansamblı birgə “Ləzgi dilini qoruyaq!” layihəsi çərçivəsində “Ləzgi karaokesi axşamı” təşkil edilib.

Tədbiri “Samur” qəzetinin baş redaktoru Sədaqət Kərimova açaraq layihə barəsində məlumat verib: “Bildiyiniz kimi, möhtərəm Prezidentimiz müvafiq sərəncamla 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edib. Bu, çox sevindirici haldır. Prezidentin sərəncamına uyğun olaraq bu istiqamətdə bir sıra layihələr həyata keçirməyi nəzərdə tutmuşuq. Təşkil etdiyimiz bu tədbiri “Multukulturalizm ili”nə ilk töhfəmiz hesab edə bilərsiniz. Ləzgilərin çox qədim adətləri var, onlardan biri də xorla mahnı ifa etməkdir. Təəssüf ki, bu adətimiz get-gedə unudulur. Bizim bu layihəmizin məqsədi məhz ləzgi xalqının qədim adətlərini canlandırmaq, təqdim etmək və qorumaqdır. “Suvar” Ləzgi Xalq Ansamblı birgə bu layihə üzərində 6 ay çalışmışıq. Onu da qeyd edim ki, bu layihə həm də “Suvar” Ləzgi Xalq Ansamblının yaranmasının 20-ci ildönümünə təsadüf edir. “Suvar” bu illər ərzində dünyanın bir çox ölkələrində Azərbaycanı ləyaqətlə təmsil edib. Biz bu il ansamblın 20 illiyini Ulu öndərimizin adını daşıyan Heydər Əliyev Sarayında təntənə ilə qeyd etmək arzusundayıq. Bu arzumuzun reallaşması üçün Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyinə böyük ümid bəsləyirik”.

Tədbir adıçəkilən ansamblın solistlərinin iştirakı ilə ləzgi icmasının ifa etdiyi xalq mahnılarının karaokesi ilə davam edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) əməkdaşı Sevinc Mürvətqızı təmsil etdiyi rəsmi qurumun rəhbərliyi adından ləzgi icmasını salamlayıb və bu tədbiri Azərbaycanda unikal multikultural mühitin mövcudluğunun sübutu kimi səciyyələndirib. Prezident İlham Əliyevin Azərbaycanda multikulturalizm siyasəti ilə bağlı fikirlərini xatırladan çıxışçı tolerantlıq və multikulturalizmin dövlət siyasətində prioritet istiqamət, eyni zamanda xalqımızın çoxəsrlik həyat tərzi olduğunu vurğulayıb: “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev həmişə çıxışlarında haqlı olaraq vurğulayır ki, ümummilli lider Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi və hüquqi banisidir. Dövlətimizin və Prezident İlham Əliyevin həyata keçirdiyi multikulturalizm siyasətinə, eləcə də ölkə başçısının müəyyənləşdirdiyi- Azərbaycanı dünyaya tanıtmaq hədəfinə uyğun olaraq millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin təşkilatçılığı və ideya rəhbərliyi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi mühüm layihələr reallaşdırır”.

Mərkəzin fəaliyyəti ilə bağlı məlumat verən S. Mürvətqızı təmsil etdiyi qurumun yarandığı vaxtdan etibarən həmişə Azərbaycanda yaşayan müxtəlif xalqlar, etnik qruplar və dini konfessiyalarla sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb və sonra tədbirin təşkilatçılarına BBMM-in hədiyyəsini təqdim edib.
Tədbir “Suvar” Ləzgi Xalq Ansamblının himni ilə yekunlaşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI