manera.az
manera.az

Payız bir rəsm çəkib - Mətləb Ağanın şeirləri

Payız bir rəsm çəkib - Mətləb Ağanın şeirləri
Manera.az Mətləb Ağanın şeirlərini təqdim edir:

***
Səhər səndən açılır,
gün batır sən tərəfdən...
nə yazsam, “sən” çıxırsan
otuz iki hərfdən...

...“sən”sən on iki dəfə
saatdakı rəqəmlər...
yolda min kərə hər gün
çıxır qarşıma “sən”lər...

... baxıram - hər yerdəsən,
sənsən bu boyda ölkə...
elə o əsən külək,
ya da bu isti bəlkə...

...bir tək sənə yaraşır
bu yay bütün geyimlər...
səndəndi-nə oxusam;
hekayələr, şeirlər...

...söhbətlərdə birinci
sənin adın çəkilir...
rəssamlar nə çəkirsə,
tək bir qadın çəkilir...

...amma bir söz demişdim,
anlamadım deyirsən:
“bir - güzgüdə gördüyün
o qadın sən deyilsən...”


***
Baxdığın bir tavandır,
fikirləşdiyin bir o...
səssizliyi hürküdür
hərdən köhnə radio...

hey fırlanır özüyçün
saatın əqrəbləri...
haçandı unutmusan
ovcundakı həbləri....

tozlu, köhnə şəkillər
döşəmədə dincəlir...
sanki filmə baxırsan
- kədərli, işgəncəli...

nə qədər görəcəksən,
sən bu ağ- qara filmi:
rolda tək bir nəfərdi,
ölüb qurtara bilmir...


***
Lap az qalıb sabaha,
gedənlər - yığışırlar...
hərdənbir qaranlığa
gülüb keçir maşınlar...

lap uzaqda bir qatar
cırır öz yaxasını...
...bəlkə səhər gec olar,
indi tutum yasını?..

səndən bir tək xəbər yox,
“ölüsən, sağsan”- deyim?
“beş gün keçsə aradan
unudacağsan”- deyim...

dünən deyildi bəlkə,
min ildi burda yoxsan...
yəqin səni görərəm,
durub güzgüyə baxsam...

bəlkə burda olarsan,
saatı geri çəksəm...
...ya, “sən” desəm, özünü
yanımda görəcəksən...

...deyəcəksən: “çox şükür,
nə yaxşı ki, çağırdın...
mən min ildi oturub,
səninçün darıxırdım...”


***
Yağış kəsdi deyəsən,
küçələr də susdular...
işıqlar yenə bir-bir
gecəyə uduzdular...

…stol üstündə şəklin
düşüb üzüstə qalıb...
otağda nəfəsindən
hələ də isti qalıb...

…yəqin sən də bilirsən;
üç gün, beş gün…bitəcək…
sonra eyni şey olur,
ya adam ol, ya böcək…

…tökülür üst-başından
sonda illərin pası…
xatirəylə başlayır
ölümün əlifbası….

…bu gün bağışlanarsan,
sabah əfv öyrənərsən…
o verdiyim kitabı
hərf-hərf öyrənərsən…


* * *
Havan yaman soyudu
istilər başlayandan...
və nələr qurtarandan,
və nələr başlayandan...

...onsuz da, nə desən də,
sənə geri qayıdar...
elə bilmə, ölənlər
bir gün diri qayıdar...

...bitdi bizim eramız,
yeni əsr başladı...
bilirəm, günahkaram,
səni də bağışladım...

...sonra sənə zəng vurub
deyərəm: - “bax, sən busan...
məndən olan dərdinin
adını nə qoymusan?...”


***
Bayırda soyuq gecə-
yəni - qaranlıq, hüzün...
döyəcləyir saatlar
yorulmuş ömrümüzü...

dilsiz-ağızsız sükut
danışdırır təkliyi...
ikimizin şəklimiz
yenə məni təkləyir...

...pəncərədən otağa
tökülür yağış səsi...
səndən bir ümid qalıb,
onu da bu qış kəsir...

havanın da elə bil
üzü dönüb bu axşam...
işıqlar da şəhərdə
yenə sönüb bu axşam...

...bundan belə fərqi yox,
bilirik mən də, sən də...
...bir azdan işıqları
yanacaq şəhərin də...


***
Çox dəyişib bu şəhər,
yolu, parkı, dənizi...
görən, sonuncu dəfə
kim görüb burda bizi?..

...hardasan bu dəqiqə,
neyləmisən özünü?
karıxıb, güzgülərdən
gizlədirsən üzünü...

...çəkilib bir tərəfdə
özünçün qocalırsan...
bilirəm, təkbaşına
bizdən heyif alırsan...

...qarımış xatirələr
bir bucaqda can verər...
...heç bir nəfər də yoxdur,
yerimi nişan verə...

"...zəng də çatmırdı sənə,
harda idin səhərdən?.."
"səni, məni gəzirdim,
biz olmayan şəhərdə..."


***
Təzə xəbər - filan yox;
avqust bitdi... yay çıxır...
yenə həmindi yer - göy;
günəş batır, ay çıxır...

...vaxtımızı öldürür
yenə cansız saatlar...
eynidi - dəyişməyib,
familiyalar, adlar...

...qumlu sahildən yenə
külək hər şeyi silir...
yenə torpağa yazır
yağışlar, nəyi bilir...

...yenə on altı edir
dördü vuranda dördə...
eyni sözlər düzəlir
köhnə şəkilçilərdən...

...diksinir otağımız
hər səhər eyni səsdən...
yenə ölüm gizlənir
aldığımız nəfəsdə...

...sonra ya zəng vurarsan,
ya qapını döyərsən:
“mən də dəyişməmişəm,
sən də busan” deyərsən...


***
Payız bir rəsm çəkib
indi torpağın üstdə:
“iki külək ağlayır
ölən yarpağın üstdə...”

...oturarsan hər axşam,
payız rəsmi çəkərsən;
son yarpaqdı deyəsən,
düşəcək, gecikirsən...

...bu payız yaxşı çəkər,
ya sən, bu son yarpağı?
külək bilər dilini,
ya sən, susan yarpağın?..

...öləkmi, yaşayaqmı?
mən bilmirəm, sən denən...
nə istəyir bu payız?
əgər bilirsən, denən...

...bəlkə, gözün götürmür
bu payızın rəsmini?
payıza qisqanırsan
yoxsa indi sən məni?...

... nədi pıçıldayırsan?
-“mən, payız, Mətləb, axşam...”
- “nə çəkib payız bu gün?”,
-“bilmirəm, baxmamışam...”


***
Qəfil düşdü soyuqlar,
birdən yağdı bu qar da;
ümid yoxdu bu qışa;
görüşərik baharda...

arxayın ol, ölmərəm,
ya ölsəm, eşidərsən..
ağlama bu qış günü;
şəklimi üşüdərsən...

əllərimi düşünmə,
yaxşıdı, şeir yazır;
indi masamın üstə
bir qələmdi, bir yazı...

....gözlərinə inanma,
mənim halım yaxşıdı...
bəlkə heç sən deyilsən
bir vaxt sevdiyim qadın?..

...bu kimdi pəncərədə:
sənsən, ya mən, çaşıram?..
yox, dəli olmamışam;
şəklinlə danışıram...


***
Səni yuxumda gördüm,
şükür buna da sonda;
bir vaxt sonuncu dəfə
gördüyüm paltarında...

...bir yuxudu, bilirdim,
ötəcək, oyanacam...
əllərimə qısılıb,
yenə tək oyanacam...

səni coxdan unudub
bu otaqda nə varsa...
yəqin ki, bu gedişlə
sən də unudularsan...

çıxıb getdiyin günün
daşı hələ başında...
nə yazır səhərəcən
göz yaşı balışında?..

güzgüyə bax hər gecə,
dua etməyə başla:
“bağışla bu qadını,
üzün varsa, bağışla...”

MANERA.AZ


Baxış sayı - 3 456 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031