Alpinist keçi - Turab Kamaloğlunun uşaq şeirləri
MANERA.AZ Turab Kamaloğlunun uşaq şeirlərini təqdim edir:
Hirslənən ocaq
Odu sönməmiş
Közün üstünə
Su tökdü Banu .
Ocaq da onun
Üzünə çırpdı
Suyun buğunu.
Təmizlənmiş arx
Qafqaz arxın içini
Çör-çöpdən təmizlədi...
Suyun ayaqlarına
İlişməsinlər-dedi.
Kompaslı ağac
Ağacın gövdəsində
Bitən mamırı görüb
Belə söylədi Rəfi;
-Şimala sarı baxır,
Gövdənin bu tərəfi.
Ac həngama
Qapının həngaması
Ac qalanda səs salır-
Belə söylədi Sadıq .
Qarnı tox olsun deyə
Həngamanı yağladıq.
Təkayaqlı qaz
Təkayaqlı qaz görüb
Çaş-baş qalmışdı Tağı...
Dedim; -Üşüyür deyə
Qanadının altına
Giribdir bir ayağı.
İnciyən lampa
Lampanın işığını
Dalbadal
Gah yandırıb,
Gah da
Söndürdü Bağır .
Elə inciyib-küsüb-
Lampanın üz-gözündən
Nur yox,
Qaranlıq yağır.
Alpinist keçi
Dırmanır dağa,
Dırmanır daşa.
Sal qayalarla
Durur baş-başa.
O yan-bu yana
Gör, necə keçir.
Alpinist olmaq
İstəyir keçi.
Yuvalı cığır
Bağçaya sarı
Gedən cığırda
Saxladıq ayaq.
Qarışqa yuva
Qurmuşdu orda,
Dedim - yuvanı
Tapdalamayaq.
Yəhərli dəvə
Dəvənin hürgücünü
Görəndə çaşdı Zəki.
Elə bildi yəhərdir,
Dəvənin belindəki.
***
Altı
''Doqquzam''deyib,
Bizə tamaşa
Qurmuşdu altı.
Çıxıb səhnəyə
Təpəsi üstə
Durmuşdu altı.
Səkkiz
Nə olsun varam,
Bu boy-biçimdə.
Eh, başım kimi
Boşdur içim də.
Sıfır
Gəl, tanış olaq,
Sıfırdır adım.
Kimin sağında
Dursam irəli,
Kimin solunda
Dayansam geri
Atar on addım.
Quyruqlu oyuncaq
Pişiyə bir oyuncaq
Vermədi bizim Qərib...
Eh, pişiyə nə var ki,
Quyruğuyla oynadı-
Oyuncağa döndərib.
***
Akvariumdakı balıq
dodağının altında
nəsə deyirdi...
Qulağı cingildəyirdi
hardasa
bir dənizin.
Dərilməmiş meyvələr
Ay Gilə,
Nəzrin niyə
Budaqdakı meyvənin
Hər birini dərmədi?
-Səbəbini soruşdum,
Yem axtaran quşçuğaz
Axı, ac qalar -dedi.
***
Ağaclar
payız günü
yarpaq qulaqlarını
yerə dirəyib
qışın
ayaq səslərini
dinşəyirdilər
***
Ağ xalat geyinib
tibb bacısıtək-
Alça ağacı
Baharın
göbəybağını kəsəcək.
MANERA.AZ