Topladım gündəlikdə üçləri, ikiləri... - UŞAQ ŞEİRLƏRİ - MANERA.AZ
![]()
“Deməyin uşaq yazarı yoxdur!” layihəsi sizə Sevinc Nuruqızını təqdim edir:
Sevinc Nuruqızı (İmanova Sevinc Nuru qızı ) 22 avqust 1964-cü ildə Bakı şəhərində anadan olub.
Orta məktəbi Ağdam rayonunda bitirib. 1981-ci ildə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olub. 1986-cı ildə institutu fərqlənmə diplomu ilə bitirib.
2003-cü ilin mart ayından Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Mədəniyyət" qəzetində baş redaktorun müavini vəzifəsində çalışıb. 2006-cı ilin yanvarından Minamedia nəşriyyat evində çıxan "Cırtdan" və "Ümid" uşaq jurnallarının yaradıcı heyətinin direktoru, eyni zamanda İctimai Padionun efirində həftənin altı günü canlı yayımlanan "Çoxbilmiş" adlı uşaq verilişinin redaktoru və aparıcısı olub.2007-ci ildən "Təhsil" və "Aspoliqraf" nəşriyyatlarında böyük redaktor və Uşaq ədəbiyyatı şöbəsinin müdiridir. F. Köçərli adına Respublika Uşaq Kitabxanasının təsis etdiyi “Göy qurşağı” uşaq jurnalının redaktorudur.
Azərbaycan Yazıçılar Birliyinin ən yaxşı uşaq əsərinə görə 2002-ci il Tofiq Mahmud adına mükafatının laureatıdır. Beynəlxalq Uşaq Kitabları Şurasının 2014-cü il üçün Hans Kristian Andersen mükafatı və qızıl medalına respublikamızdan ilk namizəddir.
Dövrü mətbuatda bədii və publisistik yazılarla mütəmadi çap olunur. Qarabağ ağrıları, müharibənin gətirdiyi dəhşətlər, əsir soydaşlrımızın işgəncə dolu həyatına həsr edilmiş "Qisas" adlı pyesi Ə. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının, "Gəlinciklər" adlı tamaşası Salyan Dövlət Kukla Teatrının səhnəsində tamaşaya qoyulub. 2015-ci il Türkiyənin Azərbaycandakı Səfirliyinin AYB ilə birgə elan etdiyi "Çanaqqala - 100" müsabiqəsində şeir nominasiyası üzrə "Çanaqqala keçilməz" adlı poemasına görə birinci yerə layiq görülmüşdür. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl Kəlmə" ədəbi müsabiqəsinin 2015-ci il üçün "Qədim Bakıya səyahət" kitabına görə nominantı olmuşdur. "Ədəbi Azadlıq - 2015" hekayə müsabiqəsində "Edam" hekayəsi ilə 2-ci yerin sahibi olmuşdur. Ələkbər Hüseynovun Abdulla Şaiq adına Dövlət Kukla Teatrının səhnəsində qoyduğu "Bremen musiqiçiləri" tamaşasının mahnı sözlərinin müəllifidir. 2015-ci il Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda qoyulan Oqtay Rəcəbovun "Sərçənin sərgüzəştləri" uşaq operasının libretto müəllifidir.
Çoxsaylı tərcümə ədəbiyyatının, azərbaycan, rus, ingilis, belorus dillərində 45-dən çox kitabın, 1-4 siniflər üçün “Həyat bilgisi” fənni üzrə summativ qiymətləndirmə testlərinin müəllifi, bir çox orta məktəb dərsliklərinin redaktorudur.
Beş barmaq
Bir əlin beş barmağı
Götürdülər qarmağı.
Qarmağı çaya atdılar
Çaydan balıq çıxartdılar.
O alıb, tez əzizlədi
Bu alıb, tez təmizlədi.
Biri tavaya yağ atdı
Biri balığı qızartdı.
Çeçələ: —Ver yeyim, —dedi
— Sizə sağ ol, deyim, —dedi.
Balığın tıxı iynədi.
Görün bir ona neylədi.
Çeçələnin pisdir halı
Yığışıbdır qardaşları.
Biri tıxı təmizləyir
Biri onu əzizləyir.
Biri söyləyir nağılın
Biri deyir: —Tez dağılın.
Bağda
Gecə bağa
Kim nə atdı?
Tappıltı
Məni oyatdı.
Tap, tap, tap
Bağa qaçdım.
Çatan kimi
Sirri açdım.
Ağacdan alma
Düşmüşdü.
Almalar
Sarı kişmişdi.
Yığdım cib-cib
Qucaq-qucaq.
Alma hamıya
Catacaq.
Bu siçan
Bu siçan həmin siçandır
Qonşu pişikdən qaçandır.
Ay huyruğu, huyruğu
Dalınca gəzir quyruğu.
Quyruğu ilişdi kola.
O da çəkir sağa, sola.
Ay huyruğu, huyruğu
Kolda qalıbdır quyruğu.
Gedin çağırın babanı,
Meşəbəyini, çobanı.
Qoy gəlsin əlində mişar
Kolu kəssin... xışş, xarrr
Xışşş, xarrr, xışşş, xarrr...
Ay huyruğu, huyruğu
Koldan açıldı quyruğu.
Quyruğundan tutdu pişik
—Hopp, — eləyib uddu pişik.
Samanlıqda xoruz yatıb
Samanlıqda yatıb xoruz
Samana bərk batıb xoruz.
Samandan görünür başı
Qapqaradır gözü-qaşı.
—Tez çıx içindən samanın,
Yaman az qalıb zamanın.
İndi açılacaq səhər
Samanlıqdan dur birtəhər.
Banla oyat bütün kəndi
Ay kəndin şəkəri, qəndi.
Kötük
— Çəməndəki kötüyə bax.
Elə bil gəlibdir qonaq.
Nə bar verir, nə də bəhər
Yatır axşam, durur səhər.
Dincəlməyə kölgəsi yox
Çiçəyi yox, meyvəsi yox.
Nə qoymaq olur sobaya,
Nə də çomaqdır babaya.
Çox saydım, yoruldum düzü
Ötürdüm günü-gündüzü.
Oturub dincimi aldım
Qəfildən yadıma saldım.
Bu kötük necə rahatdır
Durmuram neçə saatdır.
Günəş kimi girdədir o
Nə yaxşı ki, yerdədir o.
Nə düz, nə də ki, əyridir
Bu da kötüyün xeyridir.
Myo, myo, miyəftəni
— Myo, myo, miyəftəni
Kim aparıbdır küftəni?!
— Beli qara xallı pişik
Ağ pişik, sığallı pişik.
Bəlkə küftə kürəndədir
Dünən evə girəndədir.
Bəlkə Məstanın işidir
Bu ki, onun vərdişidir?!
Küftə qara pişikdədir
O, dünəndən keşikdədir.
Yatıb, gözləri bağlıdır
Baxın, bığları yağlıdır.
Oğru bu qara pişikdir
Yaman avara pişikdir.
Myo, myo, miyəftəni
Bu pişik aparıb küftəni.
Körpüdən keçirdi keçi
Keçi yenə keçir çayı
Var o tayda yonca payı.
O taya gedən körpüdür
Keçi körpünü tərpədir.
Bir az dəcəl, bir az şəndir.
Bir azca küyə düşəndir.
Bir az titrəyir ayağı
Yeriyir topalsayağı.
Var bir azacıq yuxusu
Bir azacıq da qorxusu.
Bir azca da qarnı acdır.
Yazıq keçi naəlacdır.
Gərək o, keçsin ki, çayı
Çatsın ona yonca payı.
Tap... turup, tap... turup.
Və guruppp, guppp, gupp
Ay haray, keçi çaydadır
Nə o tay, nə bu taydadır.
Çox pis oldu işin sonu
Tez çaydan çıxardın onu.
Ay ilbiz, ilbiz, ilbiz
—Ay ilbiz, ilbiz, ilbiz
Yolu üstə zərli iz.
Evindən çıx gəl bizə
Biz çay süzək ilbizə.
Ay ilbiz, ilbiz, ilbiz
Səni gözləyirik biz.
İlbiz dedi: — Siz gəlin
Öz də bir az tez gəlin.
Baxmayın dardır yerim
Dostlara vardır yerim.
Dəmdədir çay da, aş da
Bişirilib lavaş da.
İlbizin evi burma
Gəz bu evi, oturma.
— Ay ilbiz, ilbiz, ilbiz
Yemək ver, çox açıq biz.
Keçi gəlir qaça-qaça
Keçi gəlir qaça-qaça
Buynuzları qoşa haça.
Kim içməsə şorbasını
Kim incitsə babasını.
Kim həyətə zibil atsa
Kim gec durub,
Kim gec yatsa.
Keçi ona kəllə atar.
Ha-ha-ha, ha-ha-ha
Buynuzu kötüyə batar
Ha-ha-ha, ha-ha-ha.
Sən tez içərsən şorbanı
Sən incitməzsən babanı.
Sən həyəti süpürərsən
Sən zibili götürərsən.
Sən hamıdan tez durarsan
Sən gecə mürgü vurarsan.
Keçinin buynuzu haça
Kötük tutub, qoymur qaça.
Ay, kötüyü yaran gəlsin
Keçini qurtaran gəlsin.
Riyaziyyatçı
Topladım gündəlikdə
Uçləri, ikiləri.
Əməlli-başlı ağır
Alındı çəkiləri.
Üst-üstə gəldim sonra
Nə az, nə çox yüz oldu.
Bir də saydım, hesabım
Mən biləni düz oldu.
Əvvəl ikiyə böldüm,
Sonra ona, on beşə,
Ha çalışdım, nəticə
Yaxın olmadı beşə.
Dedim: — Axı nə olsun
Dostlarıma sözüm var.
Sizin çoxlu beşiniz,
Mənim də bir yüzüm var.
Anam
Anaların ən gözəli
Öz anamdır.
Boyu uca, qədd-qaməti
Düz anamdır.
Gülüşü də gülüşlərdən
Seçiləndir.
Söz-söhbəti şərbət kimi
İçiləndir.
Heç kəs çəkməz anam kimi
Başa sığal.
Qoşa əli mənim üçün
Qoşa sığal.
Mən güləndə
Sevincindən uçur anam.
Qollarını mənim üçün
Açır anam.
Onun üçün Göy də mənəm
Yer də mənəm.
Onun üçün bu dünyada
Mənəm, mənəm, bir də mənəm.
Anaların ən gözəli
Öz anamdır.
O, şirindil
O, qapqara
Göz anamdır.
Kəndimizdən gəlir nənə
Kəndimizdən gəlir nənə
Öpür məni dönə-dönə.
Nəvazişlə sığallayır saçlarımı,
Deyir: — Qaçma, bala
Yorma gözəl qıçlarını.
Çəmən ətri, çiçək ətri
Verir nənəm.
Dörd yanında hoppanan mən
Düşən mənəm.
Qəribədir mənim üçün
Əllərinin qırışları.
İpistidir təbəssümü
İpilıqdır baxışları.
Gör nə qədər sovqat ilə
Gəlib kənddən bizə nənəm.
Çətin bizdə beş-altı gün
Qala bilə, dözə nənəm.
Unutdurmaz heç nə onun
Kəndə olan həvəsini.
Nənəm kənddən qaçıb gələr
Görsün əziz nəvəsini.
Layihə rəhbəri: Əfsanə LAÇIN
MANERA.AZ