Uşaq Filarmoniyası yeni nağıl-tamaşa səhnələşdirəcək
Martın 2-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Musiqili Uşaq Teatrı görkəmli rus yazıçısı Aleksey Tolstoyun qələmə aldığı “Qızıl açar və yaxud Buratinonun macəraları” povesti əsasında hazırlanan “Buratino” nağıl-tamaşasını təqdim edəcək.
MANERA.AZ xəbər verir ki, dünyanın bir çox teatrlarında göstərilən Buratinonun macəraları bu dəfə Filarmoniyanın balaca aktyorlarının iştirakı ilə səhnələşdiriləcək.
Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.
Qeyd edək ki, gözəl musiqilərlə müşayiət olunan, rəngarəng səhnə dekorasiyası ilə zövq oxşayan “Buratino”nun maraqlı süjet xətti var. Tənha qoca Karlo kiçik daxmasında oduncaqdan insan fiquru düzəldir, lakin həmin əşya canlıya çevrilir. Uzun burnu olan, şıltaq, inadkar bu qeyri-adi taxta oğlan Buratino atası hesab etdiyi Karlonu çox sevsə də, nəzakət qaydalarından çox uzaq, tənbəl, dərs oxumağı sevməyən biridir. Yaxşı cəhətləri isə, sadiq dost olmağı bacarmağı və macəra dolu təhlükəli anlarda meydana cəsur igid kimi atılmağıdır. Hətta Karlonun daxmasında yaşayan danışan cırcırama da Buratinoya məktəbə getməsi, savad alması, ağıllı olması barədə məsləhət verir. Lakin o, məsləhətdən imtina edir. Bir gün Karlo tənbəl oğlunu ruhlandırmaq üçün ona “Əlifba” kitabı alır ki, bəlkə onu məktəbə göndərə bilsin. Buratino isə yolda kukla teatrının aktyorlarını görüb, fikrini dəyişərək tamaşaya getmək qərarına gəlir. Karlo onun istəyini yerinə yetirir və teatra bilet alır. Beləliklə, Buratinonun həyatında yeni bir səhifə açılır, o, səyyar kukla teatrının tamaşaçısına çevrilir. Bəs daha sonra nələr olur? “Buratino” tamaşasına baxanlar bu sualın cavabını tapa biləcəklər.