manera.az
manera.az

Nə gözəl tənhalığım var - Yeni şeirlər

Nə gözəl tənhalığım var - Yeni şeirlər
MANERA.AZ Xəyalə Sevilin yeni şeirlərini təqdim edir:

Mən belə deyildim

Mən belə deyildim, təzəlikcədi,
Heç kim ürəyimi oxşaya bilmir,
Heç kim dəyə bilmir daha xətrimə.
Ürəyim sinəmdə düyün düşübdü,
Ürəyim açılmır daha heç kimə.
Sakitcə oturmuşam
Öz ruhumun içində.
Səsim bir qarış da yuxarı
Çıxa bilmir boyumdan.
Qaranlığı öyrənirəm
Gecənin göy üzündən,
Ulduzundan, Ayından.
Görəsən, bəs hardadı yaradan?
Niyə çıxarmır bu ruh düşkünlüyümü
İçimdəki xarabadan?

Bəxt də insan deyil ki

Bəxt də insan deyil ki,
Deyək yatdı, ayılmadı.
İlahi, ya bu ömrə bir əl gəzdir,
Ya təzələ-
Bu sayılmadı.
Günəşi kim öyrədib,
Salıb mənim üstümə?
Hərdən batır, hərdən çıxır...
Öyrənə bilmədim bu unutmağı,
Ürəyimdən çıxsa, təkcə can çıxır.
Dünyanın harasındayam?
Hər yer qorxunc görsənir.
...Mən çoxluq adamı ola bilmirəm,
Mənə bir künc göstərin.
Mən belə deyildim

Sən yenə özümüzünküsən, İlahi

Birdən soyuyur adam
Yaşadığı evdən,
Getdiyi yoldan,
Alışdığı adamdan.
Sonra hamı bir-birini
Əvəz etməyə başlayır-
Bəlkə sən də kiminsə
Əvəzi idin,
İndi çıxıb yadımdan.
Vaxt keçir!
Neçə yaşı qocaltmısan
Bu yaşına gəlmək üçün?
İndi anlayırsan ki,
Qılığı olmalıymış insanın
Taleyin xoşuna gəlmək üçün.
Darıxırsan və görürsən ki,
Ən çox getmək istədiyin yer
Uzaqlardı..
Sən yenə özümüzünküsən, İlahi,
Yad öldürsəydi, nolardı?

Ruhumun düşkünlüyü

Ürək də dayana bilmir yerində,
Sinə bilmir, yaxa bilmir.
Ruhumun o qədər
Düşkünlüyü var,
Durub candan çıxa bilmir.
Saralan, sozalan xatirələrin,
Həsrətin rəngidi payıza çıxan.
İçim öz içimdir, çölüm özgənin,
Bəs kimin bəxtidi bu qıza çıxan?
Bu keçən günlərin,
Keçən ayların
Adı ömürdümü, nə sanaq belə?
Mən bunu təqvimdən silmirəm axı.
Hər şey asanlaşır-
Yaşamaq belə,
Mən niyə yaşaya bilmirəm axı?!
Həyat taa başından bu günə kimi
Nə mənasız yuxuymuş.
Hələ də canımda can qalıbdısa,
Məndə də az yoxuymuş.

Axı nəyə lazımıydı

Axı nəyə lazımıydı
O köhnə ayrılığı
Təzələmək yenidən?
Axı ayağından
Şikəst sevgini
Tək başına
Gücüm yoxdu yeridəm.
Qayıtsan, görəcəksən,
Görəcəksən ki,
Təptəzə qəm çəkirəm.
Üstünü dağıdıb getdin,
Atlını mən çəkirəm.
Qayıtsan, görəcəksən,
Görəcəksən ki,
Bu depressiv hallarımın
Səbəbi sən,
Ürəyimin həyəcanı,
Təbi sən.
Sən olmadın hamı kimi.
Yaddaşımda dadın qaldı
Dodağının tamı kimi.
Gah üz döndün,
Gah əl etdin.
İndi məni qınayırsan,
Məni ki sən əfəl etdin.

Bu payız bir başqadı

Gözümdən itən kimi
Xəyalın canlandısa,
Yarım qalan hər şeyim
Tək səninlə tamdısa.

Gülü solan güldanın
Təkliyidi mənimki.
Dərd yığılıb üst-üstə,
Bu nə birdi, nə iki.

Bu payız bir başqadı,
Bu yağış kəsən deyil...
Məni ki sevənlərin
Hamısı bir sən deyil.

O əvvəlki, o məsum
Yaşımdan ayrılmadım.
Məni nəylə qınadın?
Xoşumdan ayrılmadım.

İstədiyin bu olsun

Sən də yanıltdın məni,
Dəymədi andım sənə.
Danış, susub dinləyim,
Guya inandım sənə.

Nəyin varsa yığıb get,
Gəlim-gedim olmasın.
Gözümdə sağalıb get,
Ölüm-itim olmasın.

Söykəndiyim divarım,
Könlünə uçmaq düşür.
O səmanın altında
Ağ buluda bax, düşür.

Düşür yollarımıza
Yollarımız su olsun.
Ayrılaqmı deyirsən?
İstədiyin bu olsun.

Özümdən danışıram

Özümdən danışıram
Hər gecə göy üzünə.
Ürəyim üzü göyə
Açılan sərgi olur.
Daha əvvəlki kimi
Ağrıtmır ki, qayğılar.
Bir az hüzünləndirir,
O da ötərgi olur.
Səsdən başqa nədir ki,
Qəfəsdən azad çıxan?
Mənəmmi ümidlərə
Ögey çıxan, yad çıxan?
Uşaqlığım, gəncliyim
Yaddaşımın yadına
Ah, necə fağır gəlir.
İlahi, çəkiyə qoy
Yaşımı, yaşantımı
Gör hansı ağır gəlir?

Gözümə düşən xəyalın

Gözümə düşən xəyalın
Gözümdən axmağa gəlir.
Səhər çağı açılan dan
Gecəni yığmağa gəlir.

Və mən hələ də oyağam-
Hələ də oyaq... yuxulu...
Mənə sevdiyini söylə,
Söylə, qoy rahat yıxılım.

Açılmır yenə başımdan
Qara buludun havası.
İçimə, çölümə sığmır,
Yoxdu bu ruhun yuvası.

Bəlkə gəlib düzəldəsən
Təkliyimi, BİZ olum.
Bu halımı sevmirəm heç,
Gəl, əvvəlki qız olum.

Nə gözəl tənhalığım var

Qəribə dövrüdü ömrün-
Kim qalır, qalsın,
Ya da kim gedir, getsin.
...Sən məni itirməyi
Gözə aldınsa,
Neyləməli?
Bitir, bitsin.

Qarışıb bütün duyğular-
Nə yığışdım ürəyimə,
Nə də ki, sənsiz veyiləm.
Demirəm ki, pisəm, amma
Heç yaxşı da deyiləm.

Dolu-dolu yaşayıram boşluğu-
Nə çoxalsın, nə azalsın.
Nə gözəl tənhalığım var,
Əlimdə, ovcumda qalsın.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI