manera.az
manera.az

Dünya da, ölüm də öz işindədi - Şeirlər

📅 26.01.2024 01:26

Dünya da, ölüm də öz işindədi - Şeirlər
MANERA.AZ AYB-nin Sumqayıt bölməsinin sədri, şair Gülnarə Cəmaləddinin şeirlərini təqdim edir.

***
Bir az əyildim dünyaya,
Keçdim bığının altından.
Sinəmdə dağ saldı dünya,
Qaldım dağının altında.

Girdim torpağın qoynuna,
Saldı üstümdən yüz cığır.
Adamı ölüm yox, balam,
Adam özü özün yıxır.

Nəm çəkdi kipriklərimdən,
Ömrü, günü güvə yedi.
Üzümə aldanıb çoxu,
Dalımca bəxtəvər dedi.

Mənə tanışdı bu duman,
Ardınca tufan eyləyər.
Adamdı məhkəmə qurub,
Adama divan eyləyər.


***
Nə səni unuda bilirəm, nə də,
Çıxır ağrıların çıxır canımdan.
Çıxıb bu dünyadan getməyim gəlir,
Sənsizlik dolaşır dörd bir yanımda.

Dünya da, ölüm də öz işindədi,
Sevənlər aldanır yaz yağışına.
Hələ də baxdıqca qovrulur canım,
İncə ələrinin yır-yığışına.

Doğma üz gəzirəm küçəbəküçə,
Bu doğma şəhərdə, özgə dünyada.
Nə könlümə yatır, nə canım çəkir,
Sənsiz yapışmayır mənə dünya da.

Uçdun gecəyarı bir mələk kimi,
Ölümə, əcələ heç yendirmədin.
Sonuncu söhbətin dərd olar deyə,
Boylandın üzümə heç dindirmədin.

Köçdün son mənzilə izsiz, soraqsız,
Sonuncu mənzilin mübarək, gülüm.
Adamlar səbr elə, toxta dedilər,
Alışdım təpəmdən çıxdıqca külüm.


***
Yenə yağış yağacaq,
İslanacaq küçələr.
Mənə həmdəm olacaq,
Yenə zülmət gecələr.

Dikiləcək gözlərim,
Yalqızlığın gözünə.
Yenə ümid qalacaq,
Zalım səbrə, dözümə.

Bir nağıl uyduracam,
Gələn gedən danışsın.
Könlüm ayrılıqlara,
Başım qəmə qarışsın.

Durnalar pərən düşər,
Qaranquşlar qayıtmaz.
Bu xaraba könlümü,
Daha heç nə ovutmaz.

Yenə dəyişər günlər,
Yenə düşər axşamlar.
Yenə dərd yorğun düşüb,
Ürəyimdə axşamlar.

Bu nə gizlənpaç idi,
Yumdum gözümü, yoxsan.
Məni belə ağlatma,
Açdım gözümü çıx gəl.


***
Başımdan yellər əsir,
Vaxt sovuşur üstümdən.
Nə sənin, nə özgənin,
Xəbəri var tüstümdən.

Buludlar gözün sıxır,
Yer islanır qəhrindən.
Gəl çıx, getməyim gəlir,
Viranələr şəhrindən.

Dağlara dağ deməyin,
Dağdan ağırdı dərdim.
Keşkə sənin yerinə,
Öləydim, mən, öləydim.

Ölüm Allah əmridi,
Salam Allah salamı.
Bircə ovuc torpaqdı,
Sənə, mənə qalanı.


***
Gözəl dünya, sən anamı ağlatdın,
Anam səni çox sevərdi halbuki.
Zalımlığın çoxlarına bəllidi,
Sənin dərdin ağlatmaqdı hal bu ki.

Baş açmadı kimsə sənin dərdindən,
Dənə döndü saçlarımda dərdin dən.
Kim ölmədi zalım sənin dərdindən,
Saldın yuxa ürəyimə xal bu ki.

Nə vermişdin alammırdın qəsdin nə,
Dayanmışdın adamların qəsdinə.
Ölüm olsun sarayına qəsrinə,
Zəhər verdin elə bildik bal bu ki.


***
Min fikir göyərtdim, min dərd böyütdüm,
Barı uralanmış barsız söyüddüm,
Ömrü yelə verdim, canı cürütdüm,
Olmadı halımı soranlar mənim.

Havalı gəzirəm, dalğın gəzirəm,
Elə bilirlər ki, dağam dözürəm,
Hərdən bu dünyadan elə bezirəm,
Sevinir halıma yoranlar məni.

Baxma susduğuna daş da dillənir,
Gölə daş atanda çönür, lillənir,
Sinəmin altında sevgi küllənir,
Lal olur işimi buranlar mənim.

Anlamaz halımı nə dost,bnə düşmən,
Mən qürur acıyam ayağa düşməm,
Mənə tor quranlar olacaq peşman,
Duydular kölgəmi döyənlər mənim.

Məddah bazarında işim yox mənim,
Payızım bəhərsiz, qışım yox mənim,
Haram üyütməyə dişim yox mənim,
Gördülər dişinə vuranlar məni.


***
İlahi, nə oldu bizə,
Ölümə vurulduq belə.
Bəlkə ağlaya-ağlaya,
Arındıq, durulduq belə..

Biz kim idik, kim olmuşduq,
Hardaydıq hara gəlmişdik.
Bəlkə ömrün saatıydıq,
Ölümə qurulduq belə..

Çoxları tanımaz bizi,
Tanış gəlir çoxu bizə.
Çoxumuz çıxmadıq üzə,
Toplanıb çıxıldıq belə...


***
Dünya gözəl idi üzünə qalsa,
Dünya nağıl idi sözünə qalsa,
Onunla dost idim düzünə qalsa,
Adamlar dünyanı saldı gözümdən.

Yalan başa keçdi, düz düzdə qaldı,
Su dibə çəkildi, lil üzdə qaldı,
Yaxşı nə gördümsə o üzdə qaldı,
Adamlar dünyanı saldı gözümdən.

Hər şeyin yaxşısın bilirdim onda,
Ağrıya-acıya gülürdüm onda,
Ölürdüm dərdindən ölürdüm onda,
Adamlar dünyanı saldı gözümdən.

Tural Adışirinin təqdimatında


Baxış sayı - 717 | Yüklənmə tarixi: 26.01.2024 01:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031