manera.az
manera.az

Uzaq bir sahildə tənha qayığam - Şeirlər | Manera.Az

Uzaq bir sahildə tənha qayığam - Şeirlər | Manera.Az
MANERA.AZ Hikmət Məlikzadənin şeirlərini təqdim edir:

***
Adam bir saatlıq əzrayıl olmur,
Gedə, ortalığa qan sala, çıxa...
Ya da arı olmur, günah eləyə,
Eşqin zəhərinə şan sala, çıxa...

Ömür göz yaşıtək duru görünür, -
Bir xoş təlatümdü, axındı o da...
Yüz ildi yanımda bir kölgə durub,
Məndən çox Allaha yaxındı o da.

...İlahi, belə də toxtaqlıq olar?
Elə bil anamdı, atamdı bu qız...
Bəlkə günah yüküm, bəlkə yuxumdu,
Bəlkə görmədiyim xatamdı bu qız?

Nə qoxlamaq olur, nə dua etmək,
Onu sevmək azdır, neynim, öldürüm?
Sevda küləyi var qonşu qızın da,
Eh, niyə açılmır eynim, öldürüm?!

Ağıl görk eləmir baxışı gözə,
Torpaq baş aldadır, dəndən uzaq dur...
Adam bir saatlıq əzrayıl olmur,
Adama deyə ki, məndən uzaq dur...


***
Bir-bir saçlarıma dağ çəkir həyat,
Güzgüdə görürəm, başım ağarıb.
Əyrimi qoyuram sapanda, düşür?!
Havaya atmaqdan daşım ağarıb.

Demə nədən əsir, nədən titrəyir,
Tanrı kölgəsini asıb adamın.
Qız, sən eşq arama bu qara canda,
Öpüşü dad verməz kasıb adamın.

Bir dəli sevdatək girdin başıma,
Gözlərin qoymur ki, ağrım uyusun.
Dərd taxta canıma mismartək batır,
Bəlkə ayrı yataq, bağrım uyusun?!


***
Mənə demədilər, o daşı az öp,
O quru ağaca az cındır bağla...
Eh, sən də içimdən yuxulu keçdin...
İndi də qəbrimi qaz, cındır bağla.

Onsuz da yasıma gəlməyəcəklər,
Bu, sənin qəlbinə toxunmasın qoy.
Ancaq başdaşıma bir kəlmə söz yaz,
Sonra elə poz ki, oxunmasın qoy...

Nə pir nicat verir, nə bir peyğəmbər,
Dadıma yetmədi seyid duası.
Günahdı, Allahla beş-daş oynama,
Könül duyğusudu meyid duası .

Əcələ yüz kərə xoş görünmək də,
Şərin qulluğunda durmaq deyil, eh.
Allahla aramı vurmaq, əzizim,
İkini ikiyə vurmaq deyil, eh...


***
Eh, elə dolmuşam, bir çırtma vursan
Duyğum yerə-göyə səpələr məni.
Allahın yanında üzüm ağ deyil,
Burdan ora atır təpələr məni.

Guya təsəllidi bu əzab mənə,
Bəlkə cəhənnəmdə bar ağacı var?
Kölgəm şəhid olub, tabut ağırdı,
Mənim də çiynimdə dar ağacı var.

Eşq adlı ecazda təcəllam əbəs,
Yenə sevmək hissim qəhətə çıxıb.
Hamı şeytan ilə qumar oynayır,
Hamı ayrı-ayrı cəhətə çıxıb.

Alnına beş-altı xətt atdım deyə,
Bir qız topa tutub yağışla məni.
Yüz ildi içimdən bir niskil baxır,
Ana, bu şəkilə bağışla məni.

Uzaq bir sahildə tənha qayığam,
Hirslənir, dalayır ləpələr məni.
Eh, elə dolmuşam, bir çırtma vursan
Duyğum yerə-göyə səpələr məni.


***
Sevda yuxuları sığal götürmür,
Sevda yolçuları nazçəkən olur.
Sən eşqə bu qədər inanma, dəli,
Tale qız vaxtında yazçəkən olur.

Ruhumu lal edib tabut qorxusu...
Beş kişi yığışıb gora aparır...
Allah da adamı arada sıxır;
Hardan gətiribsə, ora aparır...

Ömür quyu kimi, can deşik-deşik...
Bu bəxt də bəxtimə iri düşmədi.
Mənə eşq dəlisi dedilər... amma
Yüz qıza tor atdım, biri düşmədi...

Quzum, məndən ötrü divanə olma,
Kişinin ya qəbri, ya damı olar...
Bircə, Allah qalıb əl qaldırası,
Qorxuram, onun da adamı olar...


***
Bir qarğışın soyuğundan iki can donur,
Kölgəm sevda alqışından sahilə gəlmir.
Yuxularda gözlədiyim sarışın qız da,
Ürəyini çoxdan verib cahilə, gəlmir.

Şeytan bezir əsnəməkdən, günah cücərdir,
De, kim onu aramıza şər kimi atır?
Bayquş qonan kirəmitli damın üstündən
Tanrı bizi qoşalayır zər kimi, atır.

Ayrı-ayrı boşluqlara düşürük qəfil,
Aclıq bizi çox qorxudur, zəli olmuruq.
Biz taleyin dumanında azıb qalırıq,
Ancaq eşqin acısından dəli olmuruq.

Sən dünyanın qucağında nə görmüsən ki?
Yar yarını sevir, atır, sənə nə bundan?
Mən göylərin adamıyam, qarğış eləmə,
Dünya sənin dünyandısa, mənə nə bundan?

Mən ta qəmi cütləmişəm zər kimi, atım,
Hərdən günah eləyəndə amanı gəlir...
Getmə, duam göy üzünə çatıb deyəsən,
Sevmədiyin bu oğlanın zamanı gəlir...

Adəm dərd taxtası imiş...

O dünya sirdi, bilinməz,
bu dünya, vallah, dəbərir.
başımın altında torpaq,
üstündə Allah dəbərir.

Şeytan hər tində tor qurub,
Ovçular bərədən çıxır...
Hamının yolu bir deyil,
Hamı bir dərədən çıxır...

Ruh ilmə, mələk butasa,
Adəm dərd taxtası imiş...
...Hərdən adama həzz verir,
Həyat, nərd taxtası imiş...

Olumdan ölümə yol çox,
Kəfən də ağ bir fatadı...
Həvvaya oxşama, nazlım,
Günahdan gen dur, xatadı...


***
Kölgəm bir zamanlar fağır adamdı,
Həyat onun üçün şuxuydu, keçdi...
Sən də üz çevirdin, canım sağ olsun,
Elə bilərəm ki, yuxuydu, keçdi...

Məni kim görürsə, dilucu deyir:
- Adam bilə-bilə yaşın buraxıb.
O, özün uduzmuş bir qumarbazdır,
O, daha sevməyin başın buraxıb...

Ta, belə baxırlar gözümə gendən,
Bir söz on əzabın həlli eləmir.
Məndən uzaq düşən zavallı qadın
Qəmə batdığını bəlli eləmir.

Bir ah yangısı var hər qəlbdə, fəqət
O, kimdi, nəçidi, sormağa dəyməz.
Onu kimsə sevib, yola gətirib,
Onu bundan sonra yormağa dəyməz.

Məndən əcələdək bir günah yol var,
Ocaq çatacaqdım, kömür qurtarıb.
...O da üz çevirib, canım sağ olsun,
Elə bilərəm ki, ömür qurtarıb...


***
Gözümü açandan yanağım nəmdi,
Zülümə açılan qapınam, ana.
Bir adam yoxdu ki, dadıma çata,
Mən də Allah bilib tapınam, ana.

Qəbrin qırov tutmuş ağac kimidi,
Burda on fəsildi xəzan səsi yox.
Hər sükut içindən bir şeytan keçib,
Başının üstündə əzan səsi yox.

Başdaşın uzaqdan mağmın görünür,
Sanki neçə kərə “bitib”, batıbdı.
Məni məzarına aparan cığır
Kol-kosun içində itib-batıbdı.

Mən necə oğulam… daş qədər yadam,
Yoxluq cəllad kimi qolumu kəsib.
On ildə bir kərə gəlirəm bura,
Tanrı elə bil ki, yolumu kəsib.

Bu da bəhanədi, inanma buna,
Artıq günahımın gur vaxtı çatıb.
Övlad ki, yad oldu, qiyamət yaxın,
Dünya bilməli ki, sur vaxtı çatıb…

Qəmin acısı var içimdə, ana,
Ovut günahımı yağışla, noolar.
Gəldim, gözlərinə salavat çəkim,
Bir azdan gedəcəm, bağışla, noolar.


***
Vücudumun şüşəsində ömür nəmdi ki…
Elə bildim kimsə: - boğub çay atı, - deyir.
Pəncərəmdə bardaş qurub beş-on damcı da,
Gendən-genə həzin-həzin bayatı deyir.

Özüm boyda bir əzabam, bəxtimə bax da,
Yansın bu daş həyatımın qırağı, sönsün...
Səni mənim taleyimə yazıblar, dəli,
Məndən başqa hər kim sevsə, çırağı sönsün.

Ayrılığın açarımı vida yaylığı?
Dur, aç o lal qapıları, əzan vaxtıdır...
Qonşudakı sarı qızın yuxusu qaçıb,
O da görmür duyğumuzun xəzan vaxtıdır.

Guya Məcnun sevdası var gözümdə, guya,
Kərəm kimi yandırıblar məni bu eşqdə.
Sən sonuncu gediş üçün bəhanə tapdın,
Mən bir sözlə kəşf elədim səni bu eşqdə.

Pəncərəmdə bardaş qurub beş-on damcı da,
Vücudumun şüşəsində ömür nəmdi ki…
Çox istədim əzabımdan bir ocaq çatım,
Bir də gördüm kibrit islaq, kömür nəmdi ki...


***
Mənə nankor dedi bir saxta gözəl,
Susdum, insanlığa imanım itdi.
Qəfil tufan qopdu, yer-göy oynadı,
Gəmim lövbər saldı, limanım itdi...

...Titrək gözlərimə kim atdı onu?
Hər dəli baxışı baxışmı sanım?!
Deyən, mənimki də belə gətirib...
Qəmi həyatıma naxışmı sanım?!

Şükür, gözüm kimi nəfsim də toxdur,
Hər nazlı gülüşə azmıram ey, mən.
Məhəbbət qupquru düşüncə imiş...
Ta sevgi kitabı yazmıram ey, mən...

Tez-tez ütü çəkdim günaha, nəm-nəm,
Vida yaylığına qat saldın, heyif.
Mən ağ kağız kimi qorudum səni,
Özün bu ağlığa çat saldın, heyif.

Kimsə günah səpib könül bağıma
Damım neçə ildi damır da, bitmir.
Sevgi çör-çöp deyil, əsəbi qadın,
Hər elçi daşında mamır da bitmir.

Ölüm xoş ətirli yaz çiçəyimi?
Əzrayıl gələndə şad olur adam.
Məni bir daş kimi uzağa atma,
Uzağa düşəndə yad olur adam.


***
Naşı rəssam nöyüt töküb büstümə,
Qol açıram şahə qalxan tüstümə.
Qurban olum, belə gəlmə üstümə,
Mənim içim qəm-qüssəylə dolub day.

Duaların Haqdan ürkmüş ağımı?!
Güman boğur sinə deşən dağımı,
Xatırlatma sən əvvəlki çağımı,
Keçən keçib, eh, olan da olub day...

Anam məni çox qoymadı bələyə,
Günahımı tək-tək atdım ələyə...
Həyat sıxdı, tez allandım mələyə,
Bir də gördüm, tale məni yolub day.

Sənin üçün ocaq - Tanrı, pir – Allah,
Mən qan salım, aramıza gir, Allah.
Gözlərimdə bir eşq vardı, bir Allah...
Əl uzatma, xatirələr solub day...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31