manera.az
manera.az

Sıxıram qələmə bütün canımı - Səməd Qaraçöpün şeirləri

📅 13.08.2018 22:30

Sıxıram qələmə bütün canımı - Səməd Qaraçöpün şeirləri

Manera.az Səməd Qaraçöpün şeirlərini təqdim edir:

LƏLƏK

Şairlər yer üzünün
Yolunu öyrəndilər;
Lələkdən qələm düzəldib
Göydən yerə endilər.

Qanadlar yavaş-yavaş
Unutdu öz yerini;
Şairlər unutdular
Göydən gəldiklərini

…Məni bu yer üzündə
Vurdular yerdən-yerə;
Qələmdən lələk düzəldib
Qayıdıram göylərə.

QƏFƏS

Bir bülbül səsi gəlir
Dünya boyda qəfəsdən,
Dünyada mən özümü
Tanıyıram o səsdən.

Mən qəfəsə dəyişdim
Qanadımı dünyada.
Bülbül kimi oxudur
Dərd adamı dünyada.

Deyirəm, neçə ki var
Canımda can – oxuyum;
Ay qəfəsin yiyəsi,
Sən dinlə, mən oxuyum.

ƏSİL ŞEİR

Əsil şeir göydən gəlir,
Bax yerin-göyün daşına;
Əsil şeir daşdı – yağır
Əsil şairin başına.

Əsil şairsənsə, gərək
Gündə ölüb-diriləsən;
Gərək bu ağır daşların
Altında dura biləsən.

Baş qoy hər daşın altına,
Hər daşdan asıl – şeyirdi.
Yerdə-göydə nə daş varsa,
Hamısı əsil şeyirdi.

Allah da, bəndələri də
Qoy daşı-daşa calasın;
Əsil şair bu daşları
Gərək göydə qarşılasın!

DİVAN

Dünyadan heç yana qaça bilmədik,
Ha yana qaçasan, bu dünya dardı.
Bu yanda şairlər divan yazanda
Şahlar da o yanda divan tutardı.

O yana baxırsan – qana batanlar,
Bu yana baxırsan – qanı batanlar…
Axı bu dünyada azmı olubdu
Divan yazanlara divan tutanlar?!

Hərə öz işini görüb dünyada,
Dünyadan heç yana qaçan olmayıb…
Divan yazanlardan divanlar qalıb,
Divan tutanlardan heç nə qalmayıb.

SƏBİR KASASI

Baxsana, yurdunda bostan əkirlər,
Torpağın torbada daşınır sənin;
Millətdə bu boyda səbir olarmı,
Millət, səbir kasan daşmırmı sənin?!

Yenə daşlı başın yad əllərdədi,
Səni öz əlinnən daşa tuturlar.
Bir bax, öz əlinnən öz torpağını
Torbada özünə daşıtdırırlar.

Sən öz torpağında qulsan-köləsən,
Sən öz torpağında nökərsən belə;
Millət, gör nə günə qoyublar səni,
Millət, bu nə gündü – çəkirsən belə?!

Sən öz torpağında özgələr üçün
Torpaq daşıyansan, daş qaldıransan…
…Başını yastığa qoyublar sənin,
Millət, çaşıb birdən baş qaldırarsan!

DƏDƏ YALINCIQ

Göydən başımıza daş heykəl yağır,
Qalmışıq altında bu yağan daşın.
Bütün yalanlara heykəl qoymuşuq,
Bizdə heykəllər də yalan danışır.

Heykəllər qoymuşuq yalançılara,
Indi bu ölkənin budu görkəmi;
Yalan bu ölkədə meydan sulayır,
Yalançı heykəllər tutub ölkəni.

Biz heykəl qoymadıq Dədə Qorquda,
Bir – Dədə Qorqud var, bir də – Yalıncıq;
Amma heykəl qoyduq Yalıncığa biz,
Adını qoyduq ki: "Dədə Yalıncıq".

NEFT QUYULARI

Eh, bu torpağa yıxılmaq
Mənim alnıma yazılıb;
Hər gün ayağım altında
Neft quyuları qazılıb.

Quyular qazılıb mənə,
Dərindi quyum quyudan;
Görün, nə boyda neft çıxır
Mənim düşdüyüm quyudan!..

Bütün kökümü qazırlar,
Bütün soyumu qazırlar…
Hər gün bu doğma torpaqda
Mənim quyumu qazırlar.

DƏB

Hərə bir ağılnan baş dolandırır,
Başlar ağıllıdı, başlar dolanır;
Hamı boyun əyib ŞƏRin önündə,
Kəfəni boynuna heç kim dolamır.

Hərəyə bir şirin can düşüb daha,
Hərəyə bir şıltaq bədən düşübdü;
Kəfəni boynuna heç kim dolamır,
Kəfən bu ölkədə dəbdən düşübdü.

Hamı boyun əyib ŞƏRin önündə,
Deyəsən, bizimki qalıb Allaha...
Kəfəni boynuna heç kim dolamır,
Hamının boynunda xələt var daha.

SƏS-SƏSƏ

Bizə ilham pərisi
Elə bil nəsə verib;
Hamı mahnı oxuyur,
Hamı səs-səsə verib.

Bizdə səs-səsə verib
Vətənin oğlu-qızı.
Düşmən əl-ələ verib
Aldı torpağımızı.

Yaxşı ki, hələ torpaq
Qalıbdı əlimizdə;
Mahnı oxuyuruq biz
Qalan torpağın üstdə.

DAĞ

Dağı-dağ üstə qoydum…
Və düzdə qaldım, axır;
Daşı-daş üstə qoymaq
Əlimdən gəlmir axı.

Can qoydum bu dağlara,
Hamısı – boş-havayı;
Eh, dağın nəyi var ki,
Ucalıqdan savayı.

Dağı-dağ üstə qoydum,
Nə var ki, bundan asan;
Mən də adam olardım,
Daşı-daş üstə qoysam.

BU TORPAQ DEYILƏN ŞEY

Çox da boyuna baxma
Bu dağların-daşların;
Nəsə, ikiüzlüdü
Bu torpaq deyilən şey;
Yeyəndə toxlarındı,
Qoruyanda – acların.
Torpağın dar günündə
Toxlar qarnına qıymaz;
Aclar öz sinəsini
Yenə verər qabağa;
Yenə acları çağır
Torpağı qorumağa.
Torpağın dar günündə
Toxlar gözə görünməz;
Bu torpaq deyilən şey
Tox qarına qorunmaz.

GÜC

Bu dünyada şair varsa, şah da var,
Bu dünyada öz yeri var hər kəsin;
Şair gərək yaxşı bilsin yerini,
Şair gərək şah önündə baş əysin.

Yenə şahın cəlladları hazırdı,
Yeri-göyü silkələyir qoşunu;
Amma şair əyilmir ki-əyilmir,
Qələm kimi dik tutubdu başını.

Yenə zulum qoşun-qoşun yeriyir,
Hər tərəfdən axıb gəlir qan-qada...
Şair yenə bir qələmə söykənib,
Bir qələmin gücünə bax dünyada!

MƏN DEYƏN

Dünyada bu qədər yaşadım, amma
Mənimki dünyaynan düz gəlmədi heç;
Mən dedim, bu dünya bir gün düzələr,
Amma, yox, bu dünya düzəlmədi heç.

Hər gün divan tutdu bu dünya mənə,
Hər gün bu dünyada öldüm-dirildim.
Mənimki dünyaynan düz gəlmədi heç,
Nə dünya düzəldi, nə mən əyildim.

Dünyanın önündə əyilmədim mən,
Dözdüm bu dünyanın hər zulumuna…
Mən deyən olmadı bu dünya heç vaxt,
Mən də dünya deyən olmadım amma.

ŞAİR ƏTİ

Özgə mənim satılası nəyim var,
Gücüm özgə nəyə çatır bazarda;
Mən özümü kəsib satsam, gedərmi,
Şair əti neçəyədi bazarda?!

Mən şairəm, mənə olan olubdu,
Dünya məndən – aldığını alıbdı...
Sümüyümdə bir az ətim qalıbdı,
Şair əti neçəyədi bazarda?!

Gəlin görüm, ay ətimi yeyənlər,
Bir sanballı şairiyəm millətin;
Şair əti neçəyədi bazarda –
Deyin görüm, nədi mənim qiymətim?..

...Ayaqlarım bir-birindən ayrılır,
Biri gedir, biri getmək istəmir;
Gözü yolda – iki körpə balam var,
Şair əti neçəyədi bazarda,
Adam evə diri getmək istəmir.

SAY

Başqaları pul sayır, mən günləri sayıram,
Hər gün gözləyirəm ki, yaxşı günlər gələcək.
Hər gün gözləyirəm ki, hələ bu harasıdı,
Getdikcə başımıza çox oyunlar gələcək.

Başımızda oynanan oyunları sayıram,
Daha burda gülürlər nəyisə düz saymağa.
Yox, bunların gözündə ən yaxşı gün odu ki,
Təki yaxşı pul olsun gecə-gündüz saymağa.

Bunlar puldan savayı, heç nəyi saymır daha,
Puldu burda başları bədənlərdən ayıran...
Yaxşı pullar gəlir hey, yaxşı günlərsə gəlmir,
Bunlar pulları sayır, mən günləri sayıram.

ALLAHIN QƏLƏMİ

Dərdlər də kitablar kimi,
Düzülüb qalaq-qalaq;
Mən Allahın qələmiyəm,
Mənnən dərd yazır Allah.

Doğulandan, elə dərddi
Mənim doğmam-yaxınım;
Bir qara qələmiyəm
Doğma Dərd Allahının.

Bu qaraca başımnan
Dərd gələndə – mən hazır;
Allah bütün dünyanın
Dərdini mənnən yazır…

UCALIQ

Hər gün sənə doğru uzanıram mən,
Əlləri uzalı qalıram sənə.
Gözümə durubsan bütün boyunnan,
Əlim çatmayacaq, bilirəm, sənə.

Bir addım atmağa canım qalmayıb,
Sənə can atıram yenə dünyada.
Amma sən əlçatan deyilsən axı,
Əlim çatmayacaq sənə dünyada.

Sənə gedən yolun sonu bəllidi,
Bələdçi nə lazım görünən dağa.
Gözüm ucalıqdan qorxubdu axı,
Qorxuram boyuna əl uzatmağa!

Gözüm ucalıqdan qorxubdu yaman,
Gözlərin önünə çıxa bilmirəm.
Mən səndən baxanda gözüm qaralır,
Mən səndən dünyaya baxa bilmirəm.

Ölümün gözünə baxıram daha,
Heç çəkə bilmirəm gözümü səndən.
Çəkir ucalığın məni... – çəkir hey,
Mən bir gün atacam özümü səndən!

DOĞUM GÜNÜ

Hər gün bu dünyada doğum günümdü,
Ay Allah, nə gündü mənim çəkdiyim?!
Hər gün bu dünyada doğuluram mən,
Doğum ağrısıdı hər gün çəkdiyim.

Anam bu dünyada illər uzunu
Hər gün ağrı çəkib məni doğmağa...
Neyləyim, ölüm də bu yandan gəlir,
Ölüm də doğuma qarışıb daha.

Hər gün bu dünyada doğum günümdü,
Hər gün bu dünyada ölüm günümdü;
Eh, ilin hər günü ağrıdı mənə,
Hansını götürsən, mənim günümdü.

Hər gün doğuluram, hər gün ölürəm,
Eh, günüm-günümdən betərdi mənim.
Neyləyim, nə anam doğub qutardı,
Nə Allah öldürüb qutardı məni...

KÖRPÜ

Həyatın yollarında ağlayana gülürlər,
Gülürəm – aldadıram yoldaşlarımı.
Gülüşlərim altında göz yaşlarım görükmür,
Örtmüşəm gülüşümnən göz yaşlarımı.

Dərd üstdə gülə-gülə əl altdan ağlayıram,
Dönüb göz yaşlarına, axıram dünyaya.
Axır göz yaşlarım gülüşlərim altından,
Gülüşlərim altından baxıram dünyaya.

...Bir ömrü yaşamağa çatmadı əlim,
İllər gəldi keçdi başımın üstündən...
Çəkmişəm gülüşümü körpü kimi,
Addayıb gedirəm göz yaşımın üstündən.

OVÇU

Nə yaxşı, bu dünyada ovçu olmadım, Allah,
Bir quşun da canına mən ki qıymadım, şükür.
Nə yaxşı, bu dünyada bir yuva dağıtmadım,
Bir quşun balasını yetim qoymadım, şükür.

Nə çox hər gördüyünə kabab kimi baxanlar,
Eh, nə çox dadananlar dadlı ov kababına.
Nə yaxşı, yemləmədim balamı quş ətiynən,
Yetim ətcəbalanın göz yaşı hesabına.

Bir quşun da başından bir tük əskik olmasın,
Nə yaxşı, bir ananı ayırmadım baladan...
Nə çox öz balasına sevinc gətirmək üçün
Uf demədən kiminsə anasını ağladan.

Tural Adışirinin təqdimatında


Baxış sayı - 2 495 | Yüklənmə tarixi: 13.08.2018 22:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031