Əllərin unutsun göz yaşımı - Xuraman Hüseynzadənin şeirləri

Manera.az Xuraman Hüseynzadənin şeirlərini təqdim edir:
Kağız kəpənəklər
həmin gün
qara-qara buludlarla naxışlanırdı
göy üzünün yaxası
və
külək
yağan qarı
duz kimi çevirirdi Bakının başına...
Metro qarşısında limon satan qadının
yırtıq ayaqqabılarından ayağına dolurdu qar
açıq qapıdan evə girən oğru kimi...
Üzünün, əllərinin qırışlarına toxunurdu əvvəlcə,
sonra ürəyinin sarı siminə.
Ayaqları donan qadının
ürəyi yanğın yeriydi.
Qar yağırdı həmin gün...
işıqpulu, qazpulu borclarımızın yazıldığı kağızları külək
qapıya sancıldığı yerdən çıxarıb
uçurdurdu havada
kəpənək kimi...
"Kağız kəpənəklər"
qar dənələrinə qarışırdı...
Qəzada yaralanıb sarğı otağından çıxmış
adamlara bənzəyirdi
gövdəsi, budaqları qarla sarılmış çılpaq ağaclar...
Təkcə uşaqlar sevinirdi qışa
soyuğu almadan veclərinə
çıxarırdılar qışın dadını
Şaxtayla əlbəyaxa olmuş qadına heyrətlə baxaraq...
isti evlərinə tələsən adamların
xəbəri yox idi ancaq
soyuqdan betər
limonların işığı üşüdür
metro qarşısında
müştəri səsləyən qadını...
Ağ sap
ilk dəfə
qara köynəyinin düyməsinin
ağ sapla tikilməyindən bildim
evinin
qadın əllərindən ötrü darıxdığını...
sonra mənə hədiyyə etdiyin kitabların tozu
və
saralmış vərəqlərdəki tənhalıq qoxusu
anlatdı həyatını...
ürəyim sənindir, bilirəm,
saçlarım,
gözlərim,
ruhum...
amma daha çox əllərim sənin olsun istəyirəm...
saçını tumarlayar
üstünü örtər yatarkən
xörək hazırlayar sənə
əllərim...
bir də
qara köynəyinə qara,
ağ köynəyinə ağ sapla tikər düymələri...
Əllərin
hər dəfə
əllərin toxunduqca yanaqlarıma
sildikcə göz yaşımı
utandım onlara əzab verməkdən
təbəssümün düşməni kədər imiş-
gündüzdən qorxan yarasa kimi gizlənər o
gülümsəsən
günəş doğsa qəlbində...
gülə bilsən
silahın qəhqəhələr olsa
əliyalın düşmən kimi geri çəkilər
kədər
gülüşüm gözlərimə qayıtdı
qaranquş öz yuvasına qayıdan kimi
əllərin unutsun göz yaşımı
sərçələr qaranquş yuvasını unudan kimi...
Ehtiras
pəncərəm günah iş görür
külək gəlir otağıma
tumarlayır jalüzləri
heç belə görməmişdim mən
ehtiraslı gecələri
üzüyola gündüzləri
sevgi yatır pəncərəmdə
gecə düşəndə yumulur
güllərin ləçək gözləri
açır günəş düyməsini-
göyün yaxasında qalır
buludların əl izləri...
Məni bağışla
bilirəm, qorxursan
məni itirməkdən
əllərimi unutmaqdan
çörəyinə zəhər qatmaqdan
qorxursan
ayaq barmaqlarımın ucunda
yerimişəm
qabarlı əllərinlə
ürəyinə doğru
əllərini incitdimsə
ağrıtdımsa
ürəyinə bağışla
günahımı
göz yaşınla yoğurduğun
çörəyinə bağışla...
indi
qəzəbdən yumruğa dönən əllərimin
bir zaman daraq olub
tellərini oxşamağı vardı,
unutma...
Təkliyin qonağı
qaçıb bu boz şəhərdən
atıb soyuq küçəni...
yazırsan yenə təklik
qonaq çağırıb səni
görən olmayıb yenə
hansı yolla getmisən
hansı ürəkdən keçib
hansı gözdən itmisən
orda yola verirsən
zamanı - ayı, ili
yenə də tənha qalıb
gözlərinin sahili
yediyin öz içindi
içdiyin də göz yaşın
yazırsan ki göyərir
öz içində baş daşın
bir də içki, siqaret-
təkliyin süfrəsi bol...
təklik udacaq səni
deyəmmirəm: yaxşı yol!
oralar elə uzaq-
yazanda yaz bunu da
kaş nə vaxtsa təkliyin
özü səni unuda...