manera.az
manera.az

Lalə - Yeni nəsil: Proza

Lalə - Yeni nəsil: Proza
MANERA.AZ gənc yazıçı Aytac Sahədin "Lalə" hekayəsini təqdim edir:

Sonralar ərim də məni çox döymüşdü. Ancaq heç bir şillə həmin gün qardaşımın vurduğu kimi ağrıtmamışdı.

Doqquz yaşımdan oxuyurdum. Səsimi ilk dəfə Qumru müəllimə kəşf etmişdi. Bunu həmişə fərəhlə danışar və gələcəkdə məşhur müğənni olacağımı deyərdi. Məktəb və rayon tədbirlərinə məni günlərlə hazırlaşdırır, anamdan yalvar-yaxar aldığı icazə ilə əli çatdığı müsabiqələrə aparırdı. Böyüdükcə bu icazələri almaq da çətinləşir, uşaq vaxtı səsimlə fərəhlənən anam artıq oxumağımdan narahat olmağa başlayırdı. Mən isə musiqidən əl çəkmək istəmirdim. Uzun qaçaqovdan sonra, nəhayət, ortaq yola gələ bildik.

Musiqi müəlliməsi olacaqdım. Beləcə nə mən musiqidən ayrı düşəcəkdim, nə də anam məndən utanacaqdı. Bu fikrin müəllifi də Qumru müəllimə idi. O da vaxtilə atasını oxumağa belə razı salmışdı. "Çətini tələbə olana qədərdir, sonra bir yol taparsan", - deyib məni təsəlli edirdi. Halbuki özü o yolu tapa bilməmişdi, müğənnilik sevdası bir kənd məktəbində musiqi müəlliməsi olmaqla bitmişdi. Mən belə olmayacaqdım.

Əvvəlcə Qumru müəllimə, sonra isə anam məni bu yolda tək qoydu. Özü də Kamran kimi bir maneə ilə üz-üzə.

O toy qonşumuz Leylanın toyu idi. Bilmirəm, hansı cəsarətlə əlimə mikrofon alıb oxumuşdum. Özü də bilirdim ki, bu dəfə yanımda anam da yoxdur. Ancaq qardaşımın məni döyə biləcəyi ağlıma da gəlməzdi. Nə qədər dalaşsaq da, həmin günə kimi o, mənə bir çırtma da vurmamışdı. Bu, həm ilk idi, həm də son. Çünki o gün Kamran döyülmək üçün bütün səbəblərimi əlimdən aldı - bir daha oxusam, öldürəcəyinə and içdi.

Aramızda yaş fərqi çox olduğuna görə, hələ uşaqlıqdan yola gedə bilmirdik. Kamrandan savayı, bacım-qardaşım yox idi. Atamızı tez itirdiyimiz üçün gözümü açandan onu evin böyüyü olaraq görmüşdüm. Evləndikdən sonra başı öz ailəsinə qarışar deyə düşünsəm də, yoldaşı Sənəmlə yola getməməyimiz münasibətlərimizi xeyli pisləşdirmişdi. Bir tərəfdən də Kamran oxumağımı heç cür qəbul edə bilmir, məktəb şənliklərində oxuduğumu eşidəndə dava-dalaş salırdı.

Tək qurtuluşum ali məktəbə qəbul olmaq idi. Düzü, qardaşımın buna razı olacağından əmin deyildim, ancaq yenə də dizimi yerə qoymaq istəmirdim. İmtahana hazırlaşmaq üçün nə mənə yol göstərəcək müəllimim vardı, nə də lazım olan kitablar. Bir tərəfdən də evdəkilər oxumağıma mane olur, nə vaxt əlimə kitab alsam, buyurulacaq bir iş tapılırdı. Uşaqlıqdan bütün meylimi musiqiyə verdiyim üçün dərslərimə ciddi yanaşmamışdım. Ona görə də indi ikiqat çalışmalıydım. Bütün çətinliklərə rəğmən, əlimdə olanlarla baş çıxarmağa çalışır, gecə-gündüz oxuyurdum.

Kamran, arvadı Sənəm və onun iki oğlu ilə atamızdan qalan evdə yaşayırdıq. Sənəm qarayanız, balacaboy, çəlimsiz bir qadındı. Onu heç vaxt Kamrana yaraşdıra bilməmişəm. Kamran hündürboy, cüssəli, daim özünə fikir verən adam idi. Zahirən nə qədər fərqli olsalar da, xasiyyətləri aşağı-yuxarı eyni idi. İkisi də acıdil, kinli, mənfəətcil... Özləri ilə yola gedə bilməsəm də, uşaqlarını çox istəyir, bütün gün qulluqlarında dayanırdım. Ancaq onlar da böyüdükcə mənə qarşı anaları kimi davranır, evdə özümü artıq hiss etməyim üçün əllərindən gələni edirdilər, bir müddət sonra artıq buna nail də olmuşdular.

Mən uşaqlıqdan bəri gələcəyimi fərqli görürdüm. İnanırdım ki, bir gün məşhur müğənni olacağam. Bəlkə, buna görədir ki, məktəb illərimdən sevgi məktubları xatırlamıram. Mənim kimi qaraşın qızlardan kəndimizdə çox idi. Üstəlik, mənim bütün günüm mədəniyyət evində mahnı oxumaqla keçirdi. Ona görə də nə analar mənim kimi gəlin arzulayırdı, nə də oğulları müğənni bir qız. Bircə məndən iki sinif yuxarı oxuyan Rəhim vardı, o da oxumaqda israrlı olduğumu görəndən sonra məni atmışdı.

Məktəbi bitirdikdən sonra ara-sıra gələn elçilərə də "Yox" deyirdim. Məndən canını qutarmaq üçün fürsət gözləyən Sənəmin bu mövzuda israr etməməsinə o vaxtlar xeyli təəccüblənirdim. Sənəm ya gələn elçiləri heç mənə deməmiş qapıdan qaytarır, könlünə yatan kimsə olanda da bir-iki dəfə söhbət açır, istəmədiyimi görüb daha həmin mövzuya qayıtmırdı. Qapımıza üç-dörd dəfə gələn Həqiqət arvadla söhbətinə şahid olmasaydım, bəlkə bu qədər təəccüblənməzdim də:

- Sənəm, gəl bu daşı tök ətəyindən. Kamranı da razı sal, qızı ver bizə.

- Vallah, hamıya eyni sözü deyirəm, Laləni bu yaxınlarda ərə vermək fikrimiz yoxdur. Ərə getmək onun üçün tezdir hələ.

- Nəyi tezdir? Lalənin taylarının cüt-cüt uşaqları var e.

- Yox, qurban sənə, incimə. O, bizim gözümüzdə hələ uşaqdır.

"Hələ uşaqdır" bəhanəsi ilə Sənəm neçə adamı qapıdan qaytarsa da, ən son gələn, bizə nisbətən xeyli varlı olan elçilərimə başqa nağıl danışdı. Məlum oldu ki, əslində, Lalə çoxdan böyüyüb, ərə getmək yaşı da keçir.

O günlərdən xatırladığım dava-dalaş, göz yaşı, etiraz və bunun kimi şeylərdi. Hə, bir də intihar cəhdi. Bu uğursuz cəhddən sonra artıq əvvəlki kimi etiraz da eləmədim.

Elçilik, nişan, toy hamısı cəmi iki ayın içərisində oldu. Ramini də ilk dəfə elə o iki ayın hansısa günündə gördüm. Düzü, mən Raminə qədər də kiməsə dəli-divanə aşiq olmamışdım, ancaq onu görəndə dərhal anladım ki, bu, həmin adam deyil. Heç Ramin də mənim dərdimdən ölmürdü. Ailəsinin uzun sürən israrından sonra evlənməyə razılıq vermişdi. Aramızda nə az, nə çox 15 yaş fərq vardı. Ortaboylu, sarışın, qaradinməz bu oğlanı toya qədər cəmi bir-iki dəfə gördüm, toydan iki ay sonra isə, o, yenidən əvvəlki həyatına - Rusiyaya qayıtdı. Mən ancaq bu gedişdən sonra başa düşdüm ki, bizdən dəfələrlə imkanlı bir ailə niyə yetim, kasıb bir qızı gəlini olmağa layiq bilib. Qayınana, qayınata və qaynımın ailəsi daxil səkkiz nəfərin qulluğunda dayanmalı idim. Ömrümün ən gözəl illərini bu qulluqda keçirdim. Hərdən dönüb keçmişə baxanda: "Axı niyə getmədin?", "Niyə qaçmadın?", "Nə saxladı səni?" kimi sualları özümə az verməmişəm. Heç vaxt da tutarlı bir cavabım olmayıb, ən çox da özümə buna görə hirslənmişəm həmişə.

Ramin iki-üç ildən bir gəlir, bir-iki ay qalıb yenidən qayıdırdı. Onu bura gətirən də mənim varlığım yox, valideynlərinin tələbi olurdu. Axrıncı dəfə də anası öləndə gəldi, anasını dəfn etdikdən sonra isə birdəfəlik getdi.

Səkkiz illik evliliyimizdə Ramini üst-üstə heç yarım il görmədim. O yarım ildən də yadımda qalan dava-dalaş, səhərə qədər ağladığım gecələrdir. Bir də məni döyməyi. Evdə yaranan ən xırda mübahisə də döyülməyim üçün səbəb idi. Əslində, eltimlə ara-sıra olan davalarımızı çıxsaq, evdəkilərlə pis yola getmirdim. Təbiətcə sakit, üzüyola olduğum üçün qısa müddətdə özümü onlara sevdirə bilmişdim. Ramindən başqa. Əvvəllər elə bilirdim ki, nə vaxtsa məni sevəcək, bəlkə o sevsə, mən də sevərəm deyə düşünürdüm. Bir xeyli özümü bu yalanla aldatdım da. Ta ki, həmin yaya kimi. Bizimlə olduğu o yayı "otaq istidir yata bilmirəm", - deyib hər gecə eyvanda yatdı. Bir gecə də yorğanı bərk-bərk qucaqladığını gördüm. Həmin gecədən sonra uzun saçlarımı səliqə ilə daramağı da, qara, xırda gözlərimə sürmə çəkməyi də, o, evə gələndə bəzənməyi də tərgitdim.

Evliliyimiz boyunca Ramindən yalnız bir şey istədim, o da ana olmağı. Bu, gəncliyimin, yelə verdiyim illərin əvəzində istədiyim yeganə şey idi. O isə heç vaxt məndən övlad istəmədi:

- Ailə, uşaq istəmirdinsə, niyə evlənirdin?

- Öz xoşumla evlənmədiyimi guya bilmirsən sən? Nə artistlik edirsən? Yenə deyirəm, uşaq zad istəmirəm. Ya bunu qəbul edəcəksən, ya da zir-zibilini yığışdırıb rədd olacaqsan. Qapı açıqdır.

Ramin yaxşı bilirdi ki, onun göstərdiyi qapıdan çıxsam, gedə biləcəyim başqa qapım yoxdur. Bu hədədən sonra bir daha uşaq söhbətini açmadım. Məndən niyə uşaq istəmədiyini isə çamadanında saxladığı balaca, sarışın qızın şəklini görəndə başa düşdüm. Onun orda ailəsi də, uşağı da vardı. Mənim isə heç kimim yox idi. Hər dəfə o sarışın qızcığazın simasını xatırlayanda düşünürəm ki, görəsən, Kamrandan qızım olsaydı, o uşaq kimi sarışın olardımı?

Ağladığım gecələrdə hıçqırtımı bir körpə hıçqırtısı batırsaydı, bəlkə, çəkdiyim əzabı da taleyimə bağışlaya bilərdim, ən azından, məni həyata bağlayan bir səbəb olardı. Eşitmədiyim o hıçqırtı səsini Raminə heç vaxt bağışlamadım.

Qayınanam öləndən sonra artıq qulluq edə biləcəyim heç kim yox idi. Deməli, rahatlıqla məni çölə atmaq olardı. Bir müddət Ramindən xəbər gözlədim, qayıtmayacağına inanmaq istəmirdim. Amma o, həqiqətən də, qayıtmadı, eltim də davalarımızın birində əşyalarımı çölə tökdü.

Həmin günlərdə yaxın-uzaq demədən bütün qohumlarımın qapısını döydüm, Kamranın qapısına getmək isə ağlımın ucundan belə keçmədi. Bilirdim ki, o qapı üzümə açılmayacaq.

Bir müddət qohum-qonşu evində qaldıqdan sonra özümə balaca bir otaq kirayələdim. Əlimdən silib-süpürməkdən savayı, bir şey gəlmədiyinə görə, restoran-kafelərdə qabyuyan işləməyə başladım. İşə öyrəşmək çətin olmadı, az qala bütün gəncliyim mətbəxdə keçmişdi. Sadəcə bu dəfə yuduğum qablara görə, mənə pul verirdilər. Aldığım pul da dolanışığıma güclə çatırdı. Amma nədənsə o qəpik-quruşla yaşadığım həyatda dinclik tapmışdım. Üzümdə qırışım, başımda ağ telim çoxaldıqca bədbəxtliyimlə də daha yaxşı yola gedirdim. Hərdən müğənni olmaq arzum yadıma düşəndə gülməyim gəlirdi. Əslində, oxumaq sevdasından hələ təzə ərə getdiyim vaxtlarda əl çəkmişdim. Guya əl çəkməyib, neyləyəcəkdim?

Ancaq səbəbini bilməsəm də, anamın mənə düzəltdiyi yastıqların arasında hələ məktəb illərindən saxladığım not dəftərini ər evinə aparmışdım. İllərlə həmin dəftəri göz bəbəyim kimi qoruyub saxladım. Yadımdadır, dəftəri yerində tapmayanda necə dəli olmuşdum. Öyrənəndə ki, eltim həmin dəftəri mənim acığıma yandırıb, qiyaməti qopardım. Əslində, eltim bundan öncə də dəfələrlə belə şeylər etmişdi, ancaq heç birində səsimi çıxarmadığım halda bir dəftərə görə dava salmağımı, günlərlə ağlamağımı evdə heç kim başa düşə bilməmişdi:

- Sən nə haqla mənim dəftərimi götürürsən?

- Evi yığışdırırdım, gördüm, lazımsız şeydir, yandırdım.

- Yalan deyirsən, mənim acığıma eləmisən bunu, mən əsəbləşim deyə.

- Lap tutaq ki, qəsdən eləmişəm. Sən not dəftərini neynirsən? Birdən oxumaq xəyalına düşərsən, xəbərimiz olmaz. Sən hələ de görüm, o dəftəri nə adla saxlayırsan?

Ona verəcək cavabım yox idi. Çünki heç özüm də bilmirdim ki, dəftəri niyə saxlayırdım.

Hərdən qab yuya-yuya mahnı zümzümə edirdim. Oxumağa başlayan kimi iş yoldaşlarım diqqət kəsilir, mütləq içindən kimsə: "Heyif bu səsdən", - deyirdi. Onlar bunu deməklə sanki mənim cəsarətsizliyimi, qorxaqlığımı üzümə vurur, sahib çıxa bilmədiyim xəyallarımı xatırladırdılar. Bu isə sonuncu sığınacağım olan "Mənimki də belə gətirdi" təsəllisini əlimdən alırdı. Ona görə də səsimi tərifləyənlər çoxalandan sonra zümzümə etməyi özümə qadağan elədim.

Necə ki, bir vaxt bunu mənə Kamran qadağan eləmişdi. "Artist olub toyxanaları gəzəcəksən?", - ilk dəfə toyda oxuduğum gün demişdi bu sözləri. İllər sonra yenə bir toyda üz-üzə gəlmişdik. Mən, həqiqətən də, toyxanaları gəzirdim, amma müğənni kimi yox, qabyuyan kimi. Bəlkə, salam versə, cavab da verəcəkdim. Amma o, adəti üzrə, yanımdan düz keçib getdi.

525.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1234
567891011
12131415161718
19202122232425
26272829