Şəhid uşaqları məktəbə gedir - Günün şeiri
MANERA.AZ gənc şair Valeh Qocanın "Şəhid uşaqları məktəbə gedir" şeirini təqdim edir:
Şəhid uşaqları məktəbə gedir,
Ürəyim yerində əsir, dayanır.
Bir qız atasının əlindən tutur,
Bir şəhid oğlu da küsür, dayanır.
Şəhid uşaqları məktəbə gedir.
Bir az düşünürlər, fikrə dalırlar,
Əsgər çantası tək baxıb çantaya.
Kitabı, dəftəri tərgidib evdə,
Ata həsrətini yığıb çantaya,
Şəhid uşaqları məktəbə gedir.
Hamının gözündə sevinc parlayır,
Gözüm qurbanların gözləri nəmdi.
Sevdikləri şəkil bayraq şəkili,
Sevdikləri qələm qara qələmdi.
Şəhid uşaqları məktəbə gedir.
Hər məktəb daşıyır bir şəhid adın,
Hər uşaq sinifi öyrənib daha.
Onlar hər şagirddən bir az öndədir,
Onlar beş hərifi öyrənib daha.
Şəhid uşaqları məktəbə gedir.
Şəhid anaları birtəhər dözür,
Şəhid uşağına ümid olmağa.
İlahi, onları nələr gözləyir
Gedirlər on bir il şəhid olmağa,
Şəhid uşaqları məktəbə gedir.
Məktəbə mənim də bir qızım gedir.
Deyirəm görərlər kəsmə yanımı.
Neçəsi böyüyüb şəhid olacaq,
Hələ neçəsi də şəhid xanımı.
Şəhid uşaqları məktəbə gedir.
Bütün şəhidlərin xətrinə gərək,
Allah da hay-haray qoparsın bu gün.
Nə olar, nə olar kaş uşaqları,
Analar məktəbə aparsın bu gün.
Şəhid uşaqları məktəbə gedir.