Şuşada poetik-musiqili tamaşa nümayiş olunub - Fotolar

Şuşada keçirilən Vaqif Poeziya Günlərinin sonuncu tədbiri “Vaqif dünyası” adlı poetik-musiqili tamaşa olub.
MANERA.AZ xəbər verir ki, tamaşada Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Məhəmməd Füzuli, Əlişir Nəvai, Şah İsmayıl Xətai və türk dünyasının digər şairlərinin obrazları canlandırılıb.
Səhnə əsərinin nümayişindən əvvəl Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı İlqar Fəhmi çıxış edərək, Vaqif Poeziya Günlərinin əhəmiyyəti barədə danışıb.
Yazıçı vurğulayıb ki, “Vaqif dünyası” tamaşasını hazırlayanda əsas məqsəd məhz görkəmli şairin müasir Azərbaycan ədəbi dilinin formalaşmasında və ümumiyyətlə, ümumtürk kontekstində yerini göstərmək olub.
Səhnə əsərinin kompozisiyası Vaqiflə Vidadinin dialoqu üzərində qurulsa da, digər şairlərin şeirləri, musiqilər, muğam parçaları da araya daxil edilib. Təqdimatda istifadə olunan səhnə geyimləri də kompozisiyanın yaratdığı hissləri gücləndirərək, tamaşaçıları bir neçə əsr bundan əvvələ aparıb.




