Magistraturaya qəbul imtahanı keçirilib

Fevralın 19-da Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul
imtahanı keçirib.
Bu barədə MANERA.AZ-a DİM-dən məlumat verilib.
Magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 72 binada təşkil olunub. İmtahanın idarə olunmasına 72 ümumi rəhbər, 202 imtahan rəhbəri, 1684 nəzarətçi-müəllim, 169 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub.
Məlumat üçün qeyd edək ki, imtahanda iştirak üçün 18 724 bakalavr ərizə təqdim edib.
İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, bakalavrların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Fevralın 20-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.