Magistraturaya qəbul imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanı keçirib
DİM-dən MANERA.AZ-a verilən xəbərə görə, Magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 71 imtahan binasında aparılıb.
Məlumat üçün qeyd edək ki, imtahanda iştirak üçün 17 097 bakalavr ərizə təqdim edib.
İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib.
İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib və nəticələri ləğv olunub. Bundan əlavə, 3 nəfərdə çoxfunksiyalı “ağıllı” saat aşkarlandığı üçün bununla bağlı araşdırma aparılır.
Fevralın 21-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.
İmtahanla əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən 24 fevral 2022-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 22-24 fevral tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.