manera.az
manera.az

Yurd sevgisi sevgilərin şahıdır - Şeirlər

Yurd sevgisi sevgilərin şahıdır - Şeirlər
Valeh QOCA

Vətən

Bilirəm sənin də gözlərin dolur,
Bir az ürəyini daş saxla Vətən.
Az qalıb qoynunda məzar olmağa,
Gözündə bir gilə yaş saxla Vətən.

Nə yaxşı küləyin əsdi bizlərə,
Hər cansız daşın da kəsdi bizlərə.
Quruca nəfəsin bəsdi bizlərə,
O dolu cibini boş saxla Vətən.

Səndə neçə-neçə igidimiz var,
Səndən o yana da ümidimiz var.
Torpağın altında şəhidimiz var,
Torpağın üstünü xoş saxla Vətən.

Sən ulu Göyçəylə sirdaş olmusan,
Laçına, Şuşaya qardaş olmusan.
Sən uca olmusan, sən baş olmusan,
Yenə də özünü baş saxla Vətən.

Hər oğlun bir Nəbi, hər qızın Həcər,
Ünvanın zirvələr, adın Kəlbəcər.
Tez dönmə bahara sənə göz dəyər,
Sən bir az özünü qış saxla Vətən.

Yurd sevgisi

Sönən deyil bu Vətəndə bu ocaq,
Bu ocağı alışdıran mehi var.
Yurd sevgisi sevgilərin şahıdır,
Hər ürəkdə sevgilərin şahı var.

Bir silah var hər biləyin üstündə,
Min yara var bir kürəyin üstündə.
Hər çiçəyin, hər ləçəyin üstündə,
Bir əsgərin kipriyinin şehi var.

Axan qanla çəkilibdir hasarı,
Əsgər olub hər rəssamı, yazarı.
Hər ürəkdə bir şəhidin məzarı,
Hər məzarda bir ananın ahı var.

Gerçək olur hər yuxusu bu xalqın,
Barıtlıdır hər qoxusu bu xalqın.
Göylərdən də yox qorxusu bu xalqın,
Aralıqda şəhidlərin ruhu var.

Hirs

Səs etməyin oyanar,
Səsim yatır içimdə.
Gördüyüm pislik qədər,
Pisim yatır içimdə.

Bir dərdə beşikçiyəm,
Evçiyəm, eşikçiyəm.
Mən özüm keşikçiyəm,
Hirsim yatır içimdə.

Özümə qəsdim yatır,
Soyuğum, istim yatır.
Qapqara tüstüm yatır,
Hisim yatır içimdə.

Yanıram içim qədər,
Öz ağrım, acım qədər.
Bir böyük suçum qədər,
Hissim yatır içimdə.

Mən səndən nə gözləyim

Dilin öpüş istədi, dodağın qaçdı məndən,
Ürəyin söz istədi, qulağın qaçdı məndən,
Əlin sevgi diləndi, ayağın qaçdı məndən,
Heç sənin öz ayağın əlinə yaraşmadı,
Mən səndən nə gözləyim?!

Sənin quru baxışın dadından gözəl imiş,
Adının mənası da adından gözəl imiş.
Külün, bircə alovluq odundan gözəl imiş,
Odun, közün, alovun külünə yaraşmadı,
Mən səndən nə gözləyim?!

Bir andaca dəyişdin, necə deyim sən oydun,
Elə orda unutdun, harda ki, məni duydun.
Arxanca ləlik oldum, adımı dəli qoydun,
O ağıllı başın da dəlinə yaraşmadı,
Mən səndən nə gözləyim?!

“Vəfasızlıq” söz deyil, vəfasızda qaydadı,
Mənim üçün bir itki, sənin üçün faydadı.
Hər insanın öz çölü elə içi boydadı,
Heç sənin öz için də çölünə yaraşmadı,
Mən səndən nə gözləyim?!

Dünyanın ağıllısı, dəlisinə yaraşmaz,
Bircə “yox” kəlməsi də “bəli”sinə yaraşmaz.
Hər adamın dirisi ölüsünə yaraşmaz,
Sənin diri vaxtların ölünə yaraşadı,
Mən səndən nə gözləyim?!

Mən sənin üçünən, sənin üçünəm

Ürəyim yaranıb sevgindən ötrü,
Baxışım biçilib baxışın üçün.
Mənim həyatımın torpaq tərəfi,
Elə bil yaranıb yağışın üçün.

Ölçülüb, biçilib ilim ilinə,
Günlərim gününə, ayım ayına.
Sən yaxşı bilirsən necə yaraşır,
Gözlərim gözünə, boyum boyuna.

Qolum da belinin ölçüsündədir,
Əllərin əlimin içi boydadı.
Ümidim bir ipin ucuna bənddi,
Ümidim ipinin ucu boydadı.

Sənə mən keçdiyim o yol, o cığır,
Sənə yaşadığım küçə yaraşır.
Heç özüm demirəm, özün qayıt gör,
Yolum ayağına necə yaraşır.

Ruhum da ruhuna oxşardı sənin,
Ürəyim dilinin sözü qədərdi.
Bəlkə də, bəlkə də hələ məzarım,
Sənin ölümünün özü qədərdir.

Allah səndən ötrü yaratmış məni,
İmanın üçünəm, dinin üçünəm.
Heç kimə, heç nəyə uyğun gəlmirəm,
Mən sənin üçünəm, sənin üçünəm.

Qaraşınım

Tellərin yadıma düşür,
Qara-qara Qaraşınım.
Dara qara tellərini,
Dara, dara Qaraşınım.

Gözlərinin qarasından,
Həyatıma qara salıb,
Hara getdin birdən-birə,
Hara, hara Qaraşınım?

İndi düşür gözlərinə,
Qara-qara kipriklərin.
Qalır qəlbim döyə-döyə,
Vura-vura Qaraşınım.

Düşündükcə gecə-gecə,
Qara-qara xallarını,
Qəlbim olur yara-yara,
Para-para Qaraşınım.

Sözün qara, özün qara,
Telin qara, gözün qara.
Məndən uzaq bu qaralar,
Qara-qara saçlarımı,
Ağ eylədi ara-ara,
Sıra-sıra Qaraşınım.

Saat şəkil

Başımın üstündə belə dayanma,
Başımın üstündə oxuma saat.
Sənin ayağının tappıltıları,
O qızı gətirir yuxuma saat.

Sən gündüz susursan, gecə dinirsən,
Sənə bu xasiyyət məndən keçibdir.
Hamıyla aramda körpü olmusan,
O qız da gedəndə səndən keçibdir.

Sən elə körpüsən, elə körpüsən,
Səndən keçənləri qaytarmaq olmur.
Dünyadan köçəni qaytarmaq olar,
Səndən köçənləri qaytarmaq olmur.

Mən indi durmuşam qarşında sənin,
Bir mənəm, bir sənsən, bir də boş otaq.
Mənə nə vermisən hicrandan özgə,
Səni istiyərmi heç bu daş otaq.

Tez düş bu divardan, çıx bu otaqdan,
Yerinə o qızın asım şəklini.
Hər səhər gözüylə oyanım onun,
Hər gecə bağıma basım şəklini.

Mən səni neynirəm,səni neynirəm,
Mənim öz zamanım öz nəfəsimdir.
Ömrüm o şəkilin vaxtından donub,
Zamanı bilməyə şəkil bəsimdir.

İlişib

Sənsiz çətin tərpənə, çətin dinə zamanım,
Saatımın əqrəbi ayağına ilişib.
Qıfıllanıb ürəyim, özümə də açılmır,
Ürəyimin açarı dodağına ilişib.

Əlim də, ayağım da üzülüb torpağından,
Daha şeh də süzülmür ömrümə yarpağından.
O boyda taleyim də sürüşüb barmağından,
Bir acı söz nədir ki, qulağına ilişib.

Baxıram yollarına gözlərim dərin olur,
Xəyallar qucağında tək sənin yerin olur.
Deyirlər ayrılıq var vüsaldan şirin olur,
Bu şirin dad sənin də damağına ilişib.

Bəlkə bir bahar da var, bu gələn qışın üstə,
Xatirələr göyərər bir gün yaddaşın üstə.
Özümü həyatından atdım bir daşın üstə,
Baxdım ki bir ümidim budağına ilişib

Sən hələ o vaxtdan şəkil qalmısan

Biz onda səmaydıq, biz onda göydük,
Baxıb özümüzü o şəklə öydük.
Kaş ki o şəkili çəkdirməyəydik,
Kaş ki o şəkildə sən düşməyəydin,
Sən hələ o vaxtdan şəkil qalmısan.

Yoxdur o gecə də, heç o səhər də,
O köhnə küçə də, heç o şəhər də.
Şəklini dəyişib indi o yer də,
İndi nə ağac var, nə daş var orda,
Sən hələ o vaxtdan şəkil qalmısan.

Sevgi tikən evi ayrılıq sökür,
Zaman verdiyini gözümdən tökür.
Allah qızımızın bəxtini çəkir,
Qızımız Allahın şəklini çəkir,
Sən hələ o vaxtdan şəkil qalmısan

Bilmirəm bu şəkil sevgidi, kindi,
Bəlkə bir soraqdı, bəlkə bir ündü.
Dönüb adam olur şəkillər indi,
Qocalır, ucalır şəkildəkilər,
Sən hələ o vaxtdan şəkil qalmısan.

Bir vaxt Vətən şəkli dərdiydi gözə,
Dönürdü bir selə, axırdı üzə.
Bir bax ki, Şuşa da qayıtdı bizə,
Kəlbəcər qurtardı şəkil olmaqdan,
Sən hələ o vaxtdan şəkil qalmısan.

Baxıb bu şəkilə hər gün soluram,
Yadıma düşürsən elə doluram.
Mən dönüb bir daşda şəkil oluram,
Mən dönüb əbədi şəkilləşirəm,
Sən hələ o vaxtdan şəkil qalmısan.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 1234
567891011
12131415161718
19202122232425
2627282930