manera.az
manera.az

Bir soyuq qış gecəsi - Əfsanə Rəvanın şeirləri

Bir soyuq qış gecəsi - Əfsanə Rəvanın şeirləri
Manera.az Əfsanə Rəvanın şeirlərini təqdim edir:

Başım gözüm üstünə

Dəli darıxmaq gəlir,
Sən düşəndə yadıma.
Heç kim təsəlli olmur,
Özün yetiş dadıma.

Gör haçandı görmürəm,
Xəyalın da nazlanır.
Sən tərəfə uçacaq,
Ürəyim pərvazlanır.

Havalar da soyuyub,
Əllərimdən buz düşür.
Görəsən bircə dəfə,
Yadına bu qız düşür?

Gəl, bir anda yox eylə,
İllərin həsrətini.
Vallah qorxma, cəhd elə,
Bir addımdı çətini.

Bütün darıxmaqları,
Bir gecəyə sığışdır.
Bu dağınıq ömrümü,
Gəlişinlə yığışdır.

Gəl, bax fani dünyadı,
Altı nə ki, üstü nə.
Bütün olar-olmazın,
Başım, gözüm üstünə.

Oyan çay dəmləmişəm

Bir soyuq qış gecəsi,
Qar alanda hər yeri.
Qəfil qapı açıla,
Sən girəsən içəri.

Don vurmuş əllərini,
Sıxıb köksümə bərk-bərk.
Sevincimdən ağlayam,
Gecədən, səhərədək.

Sonra sənə danışam,
Sən yoxkən olanları.
Gedişindən yaranan,
Təsəlli yalanları..

Eh ya da ki, nə bilim,
Susub qalam eləcə.
Pozulmaya o sükut,
Bitməyə həmin gecə.

Qollarında məst olub,
Deyəm sənsizləmişəm.
Bir də görəm səhərdi,
Səsləyəsənki məni-
"Oyan çay dəmləmişəm"

Asıb məni sevgilim

Yer qaçar ayağından,
Göy tökülər başına.
Tuş gələr ömrün elə,
Dəniz gözlü birinin
Küt balıq yaddaşına.

Dünyanın altı-üstü,
Qarışdı bir-birinə.
Səni silib atardı,
Kim olsaydı yerimə.

Gəl, səninçün darıxıb,
Əlinə həsrət saçım.
Gəl, bitirim həsrəti,
Gəl, qanadım ol, uçum.

Təkliyə qorxa-qorxa,
Hürkə -hürkə dözürəm.
Bölünüb, parçalanıb,
Tikə -tikə gəzirəm.

Axı mən də adamam,
Gəlmirsənsə de, bilim.
Həyətdə bir ağac var,
Eşidərsənki bir gün
Asıb məni, sevgilim...

Tanrıya məktub

İlahi sənindəmi,
Dərdin başından aşır?
Beynində min cür xəyal,
Min cür fikir dolaşır?

Yoxsa niyə sən mənim,
Səsimi duymayasan.
Hər gün qapına gələn,
Sənə ən yaxın olan
Kəsini duymayasan.

Hərdən mənidə eşit,
Oyan yuxudan, oyan.
İzin vermə İlahi,
Dualarıma qıyam.

Mən hər gün əllərimi,
Səmadan asdım Allah.
İntihar günah idi
Bağışla, bir də olmaz,
Bağışla, çaşdım Allah.

Ah çəkirəm göyün də,
Yerin də silkələnir.
Günəşin od içində
Başıma kül ələnir..

Bəlkə də dərdlərimi,
Eşitsən əvəzimə
Bir ömür qəm çəkərsən.
Tanrı, özünü qoru,
Mən bir az gözü sulu
Göylərdə çox uzanma,
Gözümdən nəm çəkərsən...

Darıxmaq dərd deyil

Nə başını ağrıdım,
Hər şey elə həminki.
Sən gedəndə də susdum,
Heç bir söz demədimki.

Qapı, bacası açıq,
Gördüyün o evdəyəm.
Gəlib eləmirsən ki,
Yenə könlünü alam,
Yenə sənə yalvaram
Yenə məni sev deyəm..

Hər gün bir az qırılıb,
Öz içimdə ölürəm.
Sən gedəndən yuxumu,
Saatlara bölürəm.

Nəfəs-nəfəs çəkirəm,
Təkliyi ciyərimə.
Dağ da olsa dözməzdi,
İnan mənim yerimə.

Mən indi darıxmağı,
Dərd hesab eləmirəm.
Daha sənə "qayıt, gəl,
Bir də getmə," demirəm.

İnsan darıxmaqlara,
Öyrəşir elə bil ki.
Mən də qəşəng öyrəşdim,
Darıxmaq dərd deyil ki..

Qayıt

Nəyisə bəhanə et,
qayıt, bəlkə barışdıq.
Bir az havadan, sudan,
Bir az bizdən danışdıq.

Bəlkə görüşdüyümüz,
ilk günün xatirinə.
Bir də başa qayıtdıq,
Bir də getdik filmə.

Bir də əl-ələ tutub,
Gəzdik şəhər boyunca.
Bizi yıxan həsrəti
Atıb ayaq altına,
Əzdik, əzdik doyunca.

Öyrənmə unutmağa,
Ağrı verir sonralar.
Hissizləşər bədənin,
Gözün-könlün qaralar.

Vallah qınayan olmaz,
Keç inadından qayıt.
Yağış damlasında gəl,
Quş qanadında qayıt.

Hələ birinci qışdı,
Hələ ki, yaza çox var.
Yazda isinir hamı.
Qışda qayıtda nolar...

Nəyisə bəhanə et,
qayıt, bəlkə barışdıq.
Bir az havadan, sudan,
Bir az bizdən danışdıq.

Bir soyuq qış gecəsi - Əfsanə Rəvanın şeirləriБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
242526272829