manera.az
manera.az

Sərhədlərdə dayanıb əsgərlər çəpər kimi - Şeirlər

Sərhədlərdə dayanıb əsgərlər çəpər kimi - Şeirlər
MANERA.AZ Rahil Məmmədin şeirlərini təqdim edir:

Azərbaycan əsgəri

Bizim əsgərlərə bax,
Sanki çinar qatarı.
Onlar keşik çəkirlər
gündüzlər, gecə yarı.

Sərhədlərdə dayanıb
əsgərlər çəpər kimi.
Qabarıb sinələri
zirehli sipər kimi.

Hər əsgər canlı qaya,
Səngərləri dərə, dağ.
Şanlı qələbələrdən
onlar verəcək soraq!

Qəzəbləri güllətək
tuşlanıb yağılara.
Sarsılmaz iradəsi,
Düşsə çətinə, dara.

Hərbi yeriş zamanı
lərzə gətirər yeri.
Dünya görür, güclüdür
Azərbaycan əsgəri!

Əsgərlərim düşmənin
burnunu ovacaqlar.
Bir gün o quzğunları
yurdumdan qovacaqlar!
15.03.2016

Doğma bayraq

Bizim üçrəngli
bayrağımız var.
Başımız üstə
hey dalğalanar.

Dalğalandıqca
çırpınar ürək.
Üç rəng doğmadır
bizə Vətəntək.

Göydür, yaşıldır,
bir də qırmızı.
Tən ortasında
ayı, ulduzu.

Göy rəng deyir ki,
göytürk nəslimiz.
Düşmənə heç vaxt
basılmarıq biz.

Ay-ulduz bizi
səslər birliyə.
Qırmızı rəngsə
müasirliyə.

Yaşılsa deyir,
İslam dinimiz.
Allaha doğru
yol gedirik biz.

Daim var olsun
üçgəngli bayraq!
Onun eşqiylə
zəfərlər çalaq!

Ana

Ana südü müqəddəs,
Ana südü ilk andım.
Ana haqqı danılmaz,
Mən bu haqqa inandım.

Ana sevgisi ümman,
Ana sevgisi dəniz.
Bu, bildiyim həqiqət,
Ana – Vətənlə ekiz.

Ana qoynu ən şirin
Yuxuya daldığım yer.
Vətən isə uğrunda
Qurbanı olduğum yer.

Odur Məkkəm, Mədinəm,
İmanım, dinim mənim.
Laylası Tanrı səsi,
Müqəddəs himnim mənim.

Külək

Hey döyürlər qapımızı,
Gedib baxdım, kimsə yoxdur.
Demək, bizim küçəmizdə
Dəcəl uşaq hələ çoxdur.

Qapımızı döyən dəcəl
Yoxa çıxır bircə anda.
Necə tutaq indi onu,
O gizlənir bəs hayanda?

“Gedək, həyətdə oynayaq”, -
Qaqaşına deyir Nuran.
“Onda o dəcəl uşağı
Görüb tutmaq olar asan”.

Artıq topla həyətdəyik,
Tunar topu atır mənə.
Külək onu məndən alıb,
Salır qonşu həyətinə.

Qapımızı döyüb qaçan
Demə, dəcəl külək imiş.
Qapı döyüb qaçmaq onun
Bəs nəyinə gərək imiş?

Topaldıqaç oynamağa
Çağırırmış külək bizi.
Getdik topu götürməyə,
Qarşıladı köpək bizi.

Üstümüzə mırıldayıb
İstəmədi topu verə.
Elə bil top onunkuymuş,
Köpək bizlə durdu şərə.

Səsimizə qonşu – xala
Gəlib itdən topu aldı.
“Küləkdə top oynamazlar”-
Deyib bizi başa saldı.

Bunu biz də bilirdik də,
Külək bizə qurdu kələk.
Topu qonşu həyətinə
Biz vurmadıq, vurdu külək.

Alma

Ağaclar sırasında
mən də bir ağac əkdim.
O ağac tutanadək
onun nazını çəkdim.

Yaxşı boy atsın deyə
dibinə verdim peyin.
Atam mənə deyir ki,
almadır bu əkdiyin.

Bir gün bu ağacın da
barını yeyəcəklər.
“Ağacı kim əkibsə,
sağ olsun!”- deyəcəklər.

Nağılların sonunda
göydən düşür üç alma.
Atamsa mənə deyir:
“Dərslərindən üç alma”.

Dostlar, çox ağac əksək,
Dünyamız gözəlləşər.
Göydən üç nəfərə yox,
Hər kəsə alma düşər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728