manera.az
manera.az

Vətən sevdalısı Əhməd Cavad - Kamal Camalov yazır..

Vətən sevdalısı Əhməd Cavad - Kamal Camalov yazır..
MANERA.AZ pedaqogika elmləri doktoru, Əməkdar müəllim Kamal Camalovun "İstiqlal şairinin maarifçilik ideyaları" yazısını təqdim edir:

ƏHMƏD CAVAD - 130

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 aprel 2022-ci il tarixli Sərəncamı ilə milli ədəbiyyatımızın, həmçinin, məktəb və pedaqoji fikir tariximizin görkəmli nümayəndəsi, tanınmış maarifçi və ictimai-siyasi xadim, tərcüməçi, istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyi qeyd edilir.

Azərbaycan məktəb və pedaqoji fikrin inkişafı tarixində öz yaradıcılıq orijinallığı ilə fərqlənən Əhməd Cavad "Axund oğlu", "Əlif Cim", "Dəli şair", "Ərdahan Cavad", "Gəncə - Cavad", "Cavad" və digər imzalarla mətbu orqanlarda çıxış edib. Hər bir əsərində vətənə sevgi və vətənin mədəni tərəqqisini təbliğ və tərənnüm edən Əhməd Cavadın ömrünün 24 ili bir pedaqoq kimi ictimai həyata həsr olunub. Onun mövzu xətlərindən və ya notlarından biri maarifpərvərlik olub. "Çalış qulluq elə bəşəriyyətə" - deyən Vətən aşiqi maarifi cəmiyyətdən zülmün qovulmasına səbəb olacaq bir amil kimi qiymətləndirir. Əlbəttə, o zamankı şəraitdə maarifçilik təşəbbüsünün mütərəqqi əhəmiyyətini inkar etmək olmaz.

Ə.Cavad maarifi təbliğ etmək məqsədilə "Dilimiz", "İmdad", "Heyhat", "Şəhid əsir", "Oyan", "Uf, bu yol", "Kuropatkinə" və sair onlarla şeirlər yazıb. Böyük şair yalnız xalqın siyasi və mənəvi düşməni sayılan hakimi-mütləqlərin əleyhinə çıxmaqla kifayətlənməmiş, onu gerilikdə saxlamağa çalışan yalançı din nümayəndələrinin, ruhanilərin də iç üzünü açmışdı. XX əsrin əvvəllərində Azərbaycanda mövhumat, xurafat əleyhinə mübarizələrdə "Məsciddə meyxana", "Səllallah", "Utan", "At bu çadranı" kimi şeirləri ilə Əhməd Cavad ön sırada gedən ziyalılardan sayılırdı.

Əhməd Cavad maarifçilik ideyasını "İqbal", "Şəlalə", "Füyuzat", "Azərbaycan", "Maarif və mədəniyyət", "Açıq söz", "Arı", "Maarif işçisi" kimi qəzet və jurnallar vasitəsilə məqalələrində, publisist əsərlərində də təbliğ edirdi. Bu baxımdan, "Azərbaycan" qəzetində çap olunan "Denikin və Gəncə" ("Azərbaycan" qəzeti, 1919, 4 iyun), "Abbaszadə Mirzə Abbasın yubileyi" ("Azərbaycan" qəzeti, 1919, 2 iyun), "Yeni nəsil. İctimai yaralarımız" və s. adlı məqalələri diqqəti ayrıca cəlb edir.

"Denikin və Gəncə" adlı sərlövhəli məqaləsində həyəcan dolu notlar hər bir oxucunun diqqətini tutur. Oxuyuruq: "Denikin xəbəri Gəncədə dəhşətli bir sui-təsir buraxmışdır. Mürtəce general tərəfdarı və agentləri əhali arasında cürbəcür şayiələr buraxmaqdadırlar. Cəmaət həyəcan içindədir. İstiqlaliyyət və hürriyyət düşmənlərinin sərhədimizə yaxınlaşması əhalini qızışdırmışdır. Sadədil əhali, avropalılara, iki üzlü siyasət yürütdükləri üçün şübhə bəsləyir. Ruh düşkünlüyü yoxdur. Kimdən sorsanız, heç biri fədakarlıqdan çəkinməyəcəgin böyük bir mətanət ilə söyləməkdədir. Hər kəs, Denikinin talan və yağmadan başqa bir şey gətirməyəcəyini söyləyir. Ciddi addımların atılacağı zamanı gəldiyini əhali kəndisi söyləyir. Rəsmi xəbərlərə baxmayıb, hər kəs "Bizi aldatmaq istəyirlər" - deyir".

Əhməd Cavad da digər maarifçilər kimi (F.Köçərli, S.M.Qənizadə, Ö.F.Nemanzadə, H.Cavid, H.Zeynallı, Y.V.Çəmənzəminli, T.Ş.Sümurğ və d.) ümumi icbari təhsil məsələsini irəli sürmüş, hər iki cinsin oxumasını zəruri hesab etmişdi.

Vətən fədaisi Əhməd Cavadın yaradıcılığında qeyd etdiyimiz kimi, vətənpərvərlik mövzusunda yazılmış şeirlər qabarıq şəkildə mühüm yer tutur. Onun "Azərbaycan", "Azərbaycan dastanı", "Şeirim", "Dalğa", "Göy göl", "Dağlar", "Əsir Azərbaycan", "Ay ellər", "Balalarıma", "İngilis", "Gəlmə", "Çırpınırdın, Qara dəniz!", "Ağlayırdım, gülürəm", "Ey əsgər", "Türk ordusuna" və sair şeirləri bu qəbildəndir. Adını çəkdiyimiz və çəkə bilmədiyimiz bu qəbilli şeirlərin hər birində vətənin, xalqın azadlıq və istiqlaliyyəti, xoşbəxt gələcəyi uğrunda mübarizə leytmotiv kimi səslənir.

Əhməd Cavad azadlığı mücərrəd deyil, şəxsiyyət, söz, fikir, mətbuat azadlığı kimi konkret şəkillərdə düşünür. Şair-pedaqoq eyni zamanda, azadlığa "hümmət eylə"nməsinin qəbul edilməsini lazım bilirdi:

Şeiri sınıq bir türk sazı,
ağladaraq tellərini,
Adaq-adaq gəzmək istər könlüm
Turan ellərini!
Mən bir Turan yolçusuyam,
əlimdə bir sönük məşal,
Aman, şeirim, hümmət eylə,
aman, təbim, bir qanad çal!
Açın qəlbim qubarını,
baxım nədir baş yazısı?
Əvvəl Allah göndərəndir,
sonra Türkün bayatısı!..


"İqbal" qəzetinin 24 mart 1915-ci il tarixli nömrəsində dərc edilən "Yas türküsü" adlı şeiri də ibrətamizdir:

Didilmiş bədənlər, yolunmuş saçlar,
Dağılmış yuvalar, görmək istəsən;
Qardan kəfən geymiş yoxsullar, aclar,
O ellərdə nə var, bilmək istəsən?
Sana bir kamançı hər şeyi söylər,
Mən bir kamançaçı, tellərim inlər! -


deyən şair ictimai bərabərsizliyə etiraz edir. Siyasi lirikanın gözəl nümunəsi olan bu şeirdə ictimai ziddiyyətlərin real təsviri verilib.
Vətən sevdalısı Əhməd Cavad - Kamal Camalov yazır..
Əhməd Cavadın 1918-ci ilin 14 avqust ayında "Gənclər yurdu" adlı qəzetdə "Marş" adlı üsyankar şeiri çap etdirməsi maraqlı idi. Bu, onun görüşlərindəki sürətli inkişafı göstərirdi. "Marş" şeiri bilavasitə inqilabi hadisələrin Əhməd Cavad yaradıcılığında əks-sədası idi.

Vətənpərvər şair istibdadın törətdiyi fəlakətləri göstərməklə kifayətlənməyib, özünü mübarizəyə daha da motivə edir. O, azadlığın, xoşbəxtliyin mübarizə ilə əldə ediləcəyinə inanır:

Millətimin tarixinə
Şan-şöhrət əkməliyəm!
Bu qarşıda yad qalaya
Bir al bayraq dikməliyəm!

Düşmənlərə göstərdim ki,
Mənim kimi əsgəri yox.
Mənim qılınc vurmadığım,
Dünyanın heç biri yox!

Bayrağıma xain baxan
Xain gözə mən tikanam
Vurulursam kölgəsində
Halal olsun ona qanım!


"Yarandın" adlı şeiri Əhməd Cavadın yaradıcılıq ideallarının başlıca istiqamətini göstərən xalq azadlığı, səadəti ideyasını əks etdirir. O, başqa bu kimi şeirlərində də yeni həyatın, ancaq inqilab vasitəsilə əldə edilə biləcəyi nəticəsinə gəlir. "Dalğa" adlı şeirində tutduğu yaradıcılıq yolunun inqilabi mahiyyətdə olduğunu söyləyir. Obrazlı təfəkkürün məhsulu olan "Al bayrağa" (1919) adlı şeirində vətəni gülşənə, onda fəryad edənləri bülbülə bənzədib, istibdadı inqilabla hədələyir. "Azərbaycan bayrağına" adlı şeirində isə:

Gedərkən Turana, çıxdın qarşıma,
Kölgən Dövlət quşu, qondu başıma!
İzn ver, gözümdə coşan yaşıma,
Dinlətsin dərdini aha, Bayrağım!
-

deyə artıq inqilab vaxtının çatdığını söyləyir. Yeri gəlmişkən demək lazımdır ki, Əhməd Cavadın yaradıcılığında "inqilab" məfhumu bəzən çox mücərrəd mənada işlədilir. O, inqilabdan çox, milli intibah, tərəqqi, mədəniləşmək səciyyəsi daşıyır.

Əhməd Cavad gələcəyə parlaq nəzərlə baxırdı. "Göy göl" adlı şeirində bu inam aydın hiss olunur.

Sənin gözəlliyin gəlməz ki, saya,
Qoynunda yer vardır yıldıza, aya,
Oldun sən onlara mehriban daya,
Fələk büsatını quralı, Göy göl!

Əhməd Cavad 1925-ci ildə "Göy göl" adlı şeirinə görə "5-6 ay həbsdə" saxlanılsa da, bu şeiri dövrü üçün də, çağdaş dövrümüz üçün də böyük ictimai əhəmiyyətə malik əsər saymaq olar. Onda nikbinliyə, fəaliyyətə doğru hərəkətverici bir ruh, insan gücünə, parlaq gələcəyə inam vardır ki, Əhməd Cavadın iztirablarını yüngülləşdirən amillərdən biri də budur.

Əhməd Cavad "Bir-birimizi sevəlim" adlı məqaləsində yenə də bir maarifçi kimi çıxış edir. Göstərir ki, "bütün insanlar bir-birinə möhtacdır. Bir-biriləri üçün çalışırlar; əkinçi min zəhmət ilə əkib-biçir, yediyimiz çörək onların zəhməti ilə əmələ gəlmişdir. Dərzilər bizim üçün paltar tikir, çəkməçilər çəkmə tikir, bənnalar evimizi tikir, fəhlələr əllərinin zəhməti ilə bizə lazım olan işləri görürlər. Axır ki, hər kəs öz biliyi və bacarığı qədər öz işini yaxşı təmiz etməyə çalışır. Çünki belə edənlər özlərinə xoşbaxtlıq qazanırlar. Yaxşı şeyə yaxşı da qiymət verilir. Belə şeyin sahibini tərif edirlər. Buna görə də bunlar daha artıq çalışırlar. Demək ki, biz bir-birimizin köməyinə möhtacıq. Bir-birimizə kömək etməz isək, yaşaya bilmərik.

Öylə isə bir-birimizi qardaş kimi sevəlim".

Bir azadxah kimi çıxış edən şairin bu kimi fikir və görüşləri belə qənaətə gəlməyə əsas verir ki, şairin azadlıq ideyalarının, vətən və onun taleyi, vətən həsrəti, insanların bir-birini təmənnasız köməyi və sevgisi onun maarifçi-pedaqoq kimi oxucunun yaddaşında dərin iz salır.

Vətən sevdalısı Əhməd Cavadın yaradıcılığındakı görüş və baxışlara yekun vurarkən belə nəticəyə gəlirik:

Unudulmaz maarifçi Əhməd Cavad milli mənafe uğrunda mübarizədə Azərbaycan məktəb və pedaqoji fikir tarixinin inkişafına dəyərli töhfələr verib;

Xalq maarifinin carçısı sayılan Əhməd Cavad vətən konsepsiyasında yeni ideyalar irəli sürərək Azərbaycan pedaqoji fikrini zənginləşdirib;

Milli-azadlıq hərəkatından ilham alan Əhməd Cavad nümunəvi şəxsi keyfiyyəti və parlaq yaradıcılığı ilə hər bir oxucunu mənəvi saflığa, yüksək amallara çağırıb;

Azərbaycan xalqının milli və dini təəssübkeşi Əhməd Cavad öz yaradıcılıq dəsti-xətti ilə gənclərin, o cümlədən, yeniyetmələrin mənəvi keyfiyyətlər ruhunda tərbiyə edilməsinin əhəmiyyətini dəqiqləşdirib;

Əhməd Cavad təhsilin ümumi, məcburi və pulsuz olması, təhsilin məzmununun milliləşdirilməsi və zənginləşdirilməsinin həlli yollarını mətbu orqanlarda əsaslandırıb;

Əhməd Cavad pedaqoji fəaliyyəti ilə yanaşı, proqram və uşaqlar üçün "Sərf və nəhv" (Qrammatika) adlı dərslik yazıb;

Milli oyanış, xalq hərəkatı, türk xalqlarının birliyinə çağırış Əhməd Cavad yaradıcılığının leytmotivini təşkil edib;

Vətən bir fidandır, enməz bayrağı - deyən Əhməd Cavad xalqın ağır vəziyyətinə biganə qalmayıb;

Xalq maarifçisi Əhməd Cavad - vətənpərvərlik, milli mənlik şüuru, milli ləyaqət, xalqın dilinə, dininə, adət-ənənələrinə, ədəbiyyatına, tarixinə hörmətlə yanaşmağı, onu qoruyub-saxlamaq və inkişaf etdirməyi əxlaqi-mənəvi keyfiyyət sayıb;

Əhməd Cavad parlaq boyalarla tərənnüm etdiyi əməkçi insan obrazında insanların biri-birini qardaş kimi sevməyi şərəf bilib;

Ölkənin Himni səviyyəsində qəbul edilən və sevilən Əhməd Cavad milli tərbiyə problemlərini həll etməyə qabil ziyalılar dəstəsi yetişdirib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031