manera.az
manera.az

Qaradərəli Azadın mətanətxanalardan yazması göstərir ki... – Elşad Barat

📅 22.05.2015 13:38

Qaradərəli Azadın  mətanətxanalardan yazması göstərir ki... – Elşad Barat Elşad Barat

SİLAHSIZLAR QƏLƏMƏ SARILIB

Son günlər ölkədə baş verənlər qarışıq beyinləri bir az da qarışdırdı. İtiqələmlilərdən kütqələmlilərə qədər az qala kər həs qələmə gəldi. 15 nəfər günahsız insanın alovlar içində yanması bir ölkə üçün həqiqətən də faciədir. Təbii ki, xalq öz yasını saxlamalıdır. Lakin, yassaxlayanlardan çox şousaxlayanlar gündəmi zəbt etməməlidirlər. Məni narahat edən də elə budur. Qələmsizlər silaha, silahsızlar qələmə sarılıb.

Qələmsizlərin silaha sarılmasında işim yoxdur. Bunlar həmişə olub, olacaq da. Məsələ, silahsızların qələmə sarılmasında, həm də təcrübəsiz sarılmasındadır.
Yenisey Aqşinin dünən saytların birində çap olunan yekəxana yazısı adama Qorqud Dədəni xatırladır. Oturub qəhrəmanlıqla peşəkarlığın fərqini izah etməyə çalışan şair, yanan ürəklərə bir qaşıq su səpə bilərdi. Amma, səpmədi. Niyə? Çünki, yanan körpələrin yandığı anı düşünüb təsirlənməyən bir qələm sahibi ola bilməz ki, olsun. Məsələ, məsələyə düzgün yanaşmamaqdadır.

Qaradərəli Azadın mətanətxanalardan yazması və Böyükçöl Kəramətin də bunu davam etdirməsi göstərir ki, bu xalqın əsl faciəsi qabaqdadır. Düzdür, Böyükçöl Kəramət hardasa haqlıdır. Xalqın faciəsini şoulaşdıranları və bu şouçuları topa tutan itiqələmliləri mərmidən keçirtmək lazımdır ki, sən hara, şouçu hara? Lakin, B. Kəramət özü də itiqələmliləri mərmidən keçirtməklə şouçular haqqında yazmış olur. Yəqin ki, bunun fərqinə də varmayıb.
Tanınmış jurnalist Nəbizadə Nəsiminin haramxanalardan həbsxanalara köçürülən bir qadının gündəmi dəyişəcəyini iddia etməsi təəssüf hissi yaradır. Belə çıxır ki, bu xalqın həm ziyalı, həm də ziyasız təbəqəsi şoumeyillidir.

Lakin, mən belə düşünmürəm. Adlarını qeyd etdiklərim və digər ziyalılar çalışmalıdırlar ki, kütlənin ziyasız təbəqəsini şou uçurumundan çıxarsınlar. Platon deyirdi ki, dövləti ziyalılar idarə edir, keşiş dəstəsi və ya döyüşçülər qoruyur. Bəs hanı sizin idarəçiliyiniz, ey ziyalılar?! Əgər hərəniz bir qaşıq su töksəydiniz yanan bir barmaq da tapılmazdı.
Xalq faciəsini külək kimi ötəri sananlarla bir qara bulud altında yaşamaq olar, lakin, bu küləkçilərə küləyin bir şəhəri məhv edə biləcək gücünü çatdırmaq gücündə olan ziyalıların susması, yanlış yanaşması, məsuliyyətsizliyi və istehzaçılığı kütləvi intihardan başqa bir şey deyil. Əminliklə deyə bilərəm ki, hər kəs öz işinin peşəkarı olsa, öz peşəsinə məsuliyyətlə yanaşsa başımıza faciələr də gəlməz. Əti bir, qanı bir vətəndaşlarımızın faciəli şəkildə həlak olmaları kimlərinsə öz işinə məsuliyyətsizliyi, öz peşəsinə, xalqına xəyanətindən başqa, həm də, xalqın bütün təbəqəli insanlarının günahı, faciəsidir.

Yanan binanın örtüyünü vuran fəhlə, usta, mühəndislərdən tutmuş həmin materialları istehsal edən müəssisə rəhbərliyinə qədər, həmin fəhlə, usta, mühəndislərə orta məktəbdə dərs deyən müəllimdən tutmuş onları müayinə edən həkimə qədər, hətta, həmin fəhlə, usta, mühəndislərin təsadüfi də olsa əlinə alıb bir cümləsini oxuduğu kitabın müəllifinə qədər hər kəsin günahı var bu kimi faciələrin baş verməsində.

Dünən işdən evə qayıdarkən gördüm ki, yanan binanın qarşısında xeyli insan şam yandırır, qan iyi gələn gül dəstələrindən az qala dağ yaradıblar. Bu o deməkdir ki, insanlar acı çəkirlər. Əgər acı çəkirlərsə, deməli bu acılara son qoymaq üçün səy göstərə bilərlər. Yəni, xalq kütləvi maariflənmək istəyir, əgər ziyalılar onlara maariflənmənin yolunu göstərsələr... Marifləndirmə təkcə dövlət müəssisələrinin işi yox, hər gün insanlar arasında gəzən ziyalılarımızın da məqsədi olmalıdır. Hansısa ziyalı insan ailə, iş problemləri yaşaya bilər, ziyalılığdan imtina etdiyini də düşünə bilər. Lakin, bu belə deyil, əsl ziyalının ailə-məişət qayğılarını qarşılamağı belə, ətrafındakı insanları marifləndirmə olmalıdır. O istəsə də, istəməsə də. Mənim də sözümün canı elə budur ki, gəlin bir-birimizi marifləndirək, bir-birimizi öyrədək, bir-birimizin müəllimi olaq. Axı, bu cəmiyyət bizdən ibarətdi. Biz də bu cəmiyyətdən olduğumuzu unutmamalıyıq.

Manera.az


Baxış sayı - 2 981 | Yüklənmə tarixi: 22.05.2015 13:38
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031