Allahla dərdləşmək - ŞEİRLƏR | MANERA.AZ
![]()
Tural İsmayılov
Allahla bir az dərdləşmək
Hərdən tək qalanda
Allahla danışmaq
Onunla sövdələşmək
Ağrının dərəcəsini ona göstərmək
İstədim
Utanmadan, qızarmadan
Ətraf dəhşətli pislik qoxanda
Allaha şikayət etmək
Onunla höcətləşmək
Nifrətimin məğzini ona sübut etmək
Arzuladım
Ölüb yerə girmədən
Yetim uşaqları ağlayan görəndə
Allaha tərslik etmək
Onunla mübahisə etməked
Qavrayışsızlığımın içini anlatmaq
Keçirdim
İçimdəki yoxluqdan usanmadan
Savaşların mənzərəsini dinləyəndə
Müharibənin qopartdığı fəryadı duymaq
Eləcə ağlamsınaraq gülmək
Buraxdım
Abırsız çarəsizliyimin xofundan
Ən yaxşı şairlərin ciyəri sönəndə
Şairin ölümünü duymaq
Səssizcə ölümünə şərik olmaq
Usanmamaq
Ölümlərin adi tamaşaçısı olmaqdan
Ev kimi ölkələr dağılanda
Yiyəsizliyin zülmünü dərk etmək
Göz önündə baxaraq inləmək
Yaşamaq
İnsan olduğunu iddia edərək.
Son göz yaşları quruyanda
İki gilə yanaqdan süzülən yaş aramaq
Xısın-xısın ağlamaq
Sevmək
Sevişməyi heç vaxt bacarmadan.
Əlini göyə uzadanda
Ona toxuna biləcəyini zənn etmək
Onu sənin kimi görmək
Aldanışıdır
Allahı səmalarda axtarmaq acizliyi
***
Axşam yenə atalar evə sərxoş
Qusa-qusa gələcək
Bu gecə ataların araq qoxusuyla
Körpələrin saf gözləri sönəcək, Tanrım
Payızda solan rənglər yenə görünəcək
Ölə-Ölə öləcək
Xərçəngin zəhərindən yapışıb
İnsanların sifətindən bezənlər
Son yalvarış yenə də sənə, Tanrım
Təbiətin yaradılışından oyanaraq
İllər boyu mübahisələrdə olmaq da
Bir şey deyil
Elə insan olmaq da
Heç fərli bir iş deyil, Tanrım.
Uzaq başı biz kosmosa uçarıq
Ya da çərpələnglərimizdən görünər səma
Bəlkə də elə yerdən qaçmaq üçün
Səninlə mübarizə apardıq, Tanrım.
Onsuz da çoxdan ölmüşük
Hər gün bu boz dünyada
Çürümüş dəyərlərin dəhlizində
Yaşamaq və ağrımaq
Nəfəs almaqdır ölüm, Tanrım
Əlimdə imkan olanda
İnan özümə tüpürürəm
Lap sənə şübhə etməsəydim də
Yenə özüm-özümü tərk edərdim
Sənin çoxdan bizləri tərk etdiyin kimi, Tanrım
Boş verəsən inanmayanları
Lap elə acığa düşəsən
Atanın oğula
Müəllimin şagirdə
Naşirin yazara
Anlamsızlığın mənaya
Sonsuzluğun bitişə
Əbədiyyətin faniliyə
Olduğu kimi.
Acıqdan özünü hiss etdirəsən
Biabır edəsən
Məzəmmətləyib
Birdəfəlik unudasan
İnancsızlığı, sənsizliyi
Yoxluğu, Tanrım
MANERA.AZ
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.