Masallıda görkəmli pedaqoqun 160 illiyi qeyd olunub
Masallı rayonunda böyük mütəfəkkir Teymur bəy Bayraməlibəyovun 160 illiyi, büstünün açılışı və onun həyatından bəhs edən “Nurlu yol” sənədli filminin təqdimat mərasimi keçirilib.
MANERA.AZ xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin rayonda ucaldılan heykəlini ziyarət edib, qarşısına gül dəstələri düzüblər.
Sonra Masallı rayonu Teymur bəy Bayraməlibəyov adına 2 nömrəli Yeddioymaq kənd tam orta məktəbinin həyətində ucaldılan Teymur bəy Bayraməlibəyovun büstünün açılış mərasimi və yubiley ili ilə əlaqədar bədii-elmi konfrans baş tutub.
Tədbiri giriş sözü ilə Masallı Xalq Teatrının rejissoru Cəmaləddin Əliyev açaraq Teymur bəy Bayraməlibəyovun həyat və yaradıcılığı haqqında məlumat verib.
Daha sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək maarifçi, pedaqoq, folklorşünas, tarixçi-etnoqraf, ictimai-siyasi xadim Teymur bəy Bayraməlibəyovun keşməkeşli, fədakar həyat yoluna nəzər salıb. İcra başçısı Həsən bəy Zərdabi yolunun etibarlı davamçısı Teymur bəy Bayraməlibəyovun 160 illik yubileyi ilində büstünün açılmasını və haqqında sənədli film çəkilməsini yüksək qiymətləndirib.
Büstün hazırlanmasının təşəbbüskarı Milli Məclisin deputatı Məşhur Məmmədov çıxış edərək müxtəlif sahələrdə uğura imza atan Teymur bəyin əsas idealarından biri qızların maariflənməsi olduğunu bildirib. O qeyd edib ki, bu gün Teymur bəyin maarifçi, xeyriyyəçi ənənələrini “Masallı Təhsil Fondu” layiqincə həyata keçirir. O, gözəl sənət əsərinə görə büstün heykəltəraşı İlqar Balayevə və maraqlı film hazırladıqları üçün “Nurlu yol” filminin yaradıcı heyətinə öz təşəkkürünü bildirib.
Daha sonra çıxış edən Milli Məclisin deputatları Anar İsgəndərov, Musa Qasımlı, Fazil Mustafa, Etibar Əliyev, Razi Nurullayev, Filologiya elmləri doktoru Yədulla Ağazadə, “Masallı ziyalıları” cəmiyyətinin sədri Qardaş Fətullayev, “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, Bayraməlibəyovun nəticəsi musiqişünas Tamilla Kəngərlinskaya tarixi şəxsiyyətin yubileyinin keçirilməsini, büstünün hazırlanmasını, haqqında sənədli film çəkilməsinin mühüm addımlar kimi xarakterizə ediblər.
Sonra N.Gəncəvi adına Masallı Mədəniyyət Mərkəzində Teymur bəy Bayraməlibəyovun həyat və yaradıcılığı haqqında “Masal prodakşn”ın istehsalı olan “Nurlu yol” sənədli filminin nümayişi olunub.
Nümayişdən qabaq “Masal prodakşn”ın baş direktoru Cəfər Cəfərov çıxış edərək, sənədli filmin ərsəyə gəlməsində əməyi olanlara öz təşəkkürünü bildirib.
Qeyd edək ki, “Nurlu yol” sənədli filminin ideya və ssenari müəllifi Cəfər Cəfərov, quruluş və təsvir rejissoru Elsevər Əliyev, montaj rejissoru Faiq Mirzə, operatoru Nurşad Byramov, musiqi tərtibatçısı Ruslan Zahidovdur.
Sənədli filmdə Teymur bəy Bayraməlibəyov rolunu Masallı Xalq Teatrının aktyoru Cavid Quliyev canlandırıb.