Heydər Əliyevlə bağlı unikal nəşr layihəsi həyata keçirilir
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Heydər Əliyevlə bağlı nəşr layihəsi həyata keçirir
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türk dünyası ölkələrinin görkəmli siyasət, mədəniyyət və incəsənət adamları haqqında müxtəlif nəşrləri çapa hazırlayaraq, onların fəaliyyətlərinin tanıdılması yönündə əhəmiyyətli işlər görməkdədir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Türk mədəni irsinin qorunması və araşdırılması istiqamətindəki məqsədyönlü siyasəti unudulmaz dövlət xadiminin dəyərli xidmətlərindəndir.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən artıq uzun müddətdir ki, Türk Dünyasının böyük lideri Heydər Əliyevin çoxşaxəli irsinin təbliği məqsədilə “Heydər Əliyev və ümumtürk mədəni irsi” adlı layihənin həyata keçirilməsi ilə bağlı iş aparılır. Kitabın ideya və ön sözünün müəllifi Fondun prezidenti Günay Əfəndiyevadır. Nəşrin məsləhətçisi Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov Ulu öndər haqqında geniş təqdimat yazısı da hazırlayıb.
Son tamamlanma işləri görülən kitabda H.Əliyevin Türk ölkələrinin tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşlərini, ziyalıların onunla bağlı xatirələrini əks etdirən fotoşəkilləri yer alır. Qeyd edilməlidir ki, kitabdakı şəkillər, məlumatlar, materiallar türk dövlətlərinin arxivlərindən, mədəniyyət ocaqlarından əldə olunaraq bu fundamental nəşr layihəsinə daxil edilib.