manera.az
manera.az

Gənclərə yer verin deyirik, amma ... | MANERA.AZ

Gənclərə yer verin deyirik, amma ... | MANERA.AZ
manera.az
Orxan Bahadırsoy yazır...


Son illərin ən məşhur səs yarışması dünyada “The Voice” adı ilə tanınan, demək olar ki, bütün inkişaf etmiş və inkişafda olan ölkələrdə yayımlanan, eləcə də Azərbaycanda cəmi iki həftədir yayıma başlayan səs yarışmasıdır.

Bu məşhur layihənin Azərbaycanda həyata keçirilməsini arzulayan çox insan vardı. Elə biri mən. Gözləyirdim ki, bu yarışma başlasa bəlkə Azərbaycan teleməkanına, Azərbaycan musiqisinə, xüsusən də Azərbaycan tamaşaçısına böyük və əhəmiyyətli şeylər qazandıracaq. Doğrusu hələ iki bölümü yayımlanan bir veriliş haqqında bu yazını yazmaq bəlkə də tezdir. Mən çox istədim ki, bir neçə həftə də gözləyim. Amma səbrim çatmadı.

Əvvəlcə bu yarışmanın məhz AzTv-də yayımlanması məni təəccübləndirdi. Ciddi, standart, pafoslu verilişlərin kanalı olan AzTv-nin belə şouya sahiblənəcəyi heç vaxt ağlıma gəlməzdi. Amma münsif heyətində Mübariz Tağıyevi görəndə təccübüm yox oldu. Olmalı idi. Azərbaycan gəncliyinə mütləq bir 67 yaşlı qoca müğənni ekspertlik etməli idi. Başqa variantı yox idi.

Bütün inkişaf etmiş ölkələrdə bu yarışmanın münsif heyətində gənc və parlaq simalar, ən uzağı əlli yaşa qədər olan musiqiçilər yer aldığı halda, Azərbaycanda bu yaş limiti 70-ə çatmalı idi. Hər şeydə həyatımıza hakim kəsilmiş, azadlığımızı əngəlləyən, yeni fikirlərə kölgə salan, standart və şablon dəyərləri bizə soxuşduran bu qoca əllər mütləq yapışmalı idi yaxamızdan.

Elə zənn etməyin ki, mən bu sözlərin hamısını Mübariz Tağıyevə ünvanlayıram. Mübariz Tağıyevin səsini, ifa tərzini həmişə bəyənmişəm və onu sevə-sevə dinləmişəm. Amma indi o, verilişlərə öz xatirələrini bölüşmək üçün, hansısa vəfat etmiş şəxsiyyətlə bağlı danışmaq üçün, ən yaxşı halda da mahnı oxumaq üçün dəvət olunmalıdır. Daha gəncliyə ekspertlik etmək üçün yox! İcazə verin gənclik dəyişilsin, yenilənsin, təbəddülata uğrasın, tərəqqiyə üz tutsun. Yapışıb saxlamayın olduğu yerdə bu gəncliyi. Xahiş edirəm, icazə verin.

Digər tərəfdən məşhur gürcü gözəli Mana Çaparidze yanlış seçilmişdir. Yarışmacıya “Sən öz səslə bizi xoşbəxtlik elədin” deyən bir müğənni o yarışmacıya “zildə xaric oxudun, bəmdə səsinə hakim ola bilmədin, nəqarətdə mahnının duyğusunu itirdin” kimi maarifləndirici cümlələri qurub nəsə öyrədə bilməz. Səsi gözəldir, özü gözəllər gözəlidir. Amma münsif olmalı deyildi.

Ən vacib nüanslardan biri də seçilən münsiflərin öz ifa etdikləri janrlar müxtəlif olmalıdır. Bu musiqi yarışmasının mühüm şərtlərindən biri də janr məhdudiyyətinin olmamasıdır. “Səs Azərbaycan”da seçilən münsif heyətinin ifa etdikləri janrlar bir-birindən çox da fərqlənmir. Hamısı pop, estrada janrının ifaçılarıdır.

Bir tamaşaçı kimi məni qane edən Tünzalə Ağayeva və Faiq Ağayevdir. Bundan başqa xalq üslubunda gənc və ortayaşlı ifaçılarımızdan biri də bu münsif heyətində yer almalı idi. Məsələn, Manana Çaparidzenin yerinə xalq üslubunda, milli ruhda ifa edən çox istedadlı və mükəmməl səsə malik xanım ifaçılardan Gülyanaq Məmmədova, Nəzakət Teymurova ola bilərdi. Necə ki, Türkiyədə xalq ruhuna yaxın arabesk janrında Ebru Gündeş bu yarışmanın münsifidir.

Onu da deyim ki, Türkiyədə xalq üslubu, xarici musiqilərin ifaçısı, pop və rok üslubunda ifa edən dörd fərqli sima münsif heyətində yer alır. Bizdə rok musiqisi geniş auditoriya qazanmadığı üçün bunun əvəzinə klassik estrada janrında ifa edən və bugunkü musiqimiz üçün canlı ensiklopediya hesab olunan Teymur Əmrah o kürsdə ola bilərdi.

Lap elə son illərdə Azərbaycana və Türkiyəyə səs salan, xarici musiqilərin Azərbaycanda əvəzolunmaz ifaçısı, ölkəni iki dəfə Avropanın ən məşhur musiqi yarışmasında təmsil edən Elnur Hüseynov bu yarışmaya münsif ola bilərdi.

Niyə qaçırsız köhnəliyə? Niyə yapışmısız yaşlılardan? İcazə verin təqaüdlərini alıb yaşasınlar da. Axı gəncin dilini gənc bilər, ya da gəncliyə daha yaxın olan ortayaşlı nəsil. 70-ə nərdivan dayamış qocaman müğənni yox.

Bir də ki, yarışmada indiyə qədər otuzdan çox iştirakçı mahnı oxusa da onların cəmi üçü Azərbaycan musiqisi ifa edib. Niyə? Məgər Azərbaycanda yaxşı musiqi bəstələnməyib? Şəfiqə Axundova, Emin Sabitoğlu, Oqtay Kazımi, Ramiz Mirişli, Bəhram Nəsibov kimi nəhəng bəstəkarları var bu məmləkətin. Bir-birindən gözəl musiqilər yaradıb bu insanlar.

İştirakçılar hamısı rusdilli, biri Rusiyadan gəlir, biri Ukraynadan, biri Hollandiyadan. Gəlməklərinə sözüm yoxdur. Bu bizim üçün sevincdir, əgər həqiqətən o ölkələrdən gəliblərsə, xoş gəliblər, biz qonaqpərvərik. Amma əzizlərim, burdakı azərbaycanlılar da rus və ingilis aksenti ilə danışır. Bu verilişin yaradıcı heyətinin günahı deyil. Xalqın problemidir. Sırf Azərbaycan ailəsində böyümüş istedadlı insan o səhnəyə çıxsa mütrifdir demək. Hələ o qızdırsa, məsələ lap qəlizləşir.

Belə ki, bizi qəlibləyiblər. Dəyərlər, adətlər, mentalitet kimi cəfəgiyyatların, fiksiyaların kölgəsi altında yaşayırıq. Hərçənd ki, çox istedadlı incəsənət adamları da çıxır içimizdən. Bu böyük antitezanı anlamaq isə müşkül məsələdir.

Onu da qeyd etməliyəm ki, yarışmaya qatılan Ləman adlı bir xanım görünüşcə kişiyə bənzədiyi üçün və səsi kişi səsini xatırlatdığı üçün yarışmanın münsif heyəti, xüsusi ilə də Tünzalə Ağayevə elə təlaşa büründü ki, elə bil, hardasa bir fəlakət olub. Niyə özünüzü belə itirmisiz ki? İştirakçıya yaxınlaşıb, cinsini soruşmaq, hələ bunu yaxından yoxlamaq, təəccübünü biruzə verib bunu şişirtmək hansı etik normada var? Gənclərə yer verin deyirik, amma bunun gənci öz standart dəyərlərindən çıxa bilməyib. Nə olsun? Qocalardan yaxşıdır.

Hələ ki, izləyirik. Şablonlardan, standartlardan, bayağılıqdan uzaq olun. Dünyanın məşhur səs yarışmasını gətirib bu kiçik ölkədə öz gözəl donundan çıxarmayın. Ona azərbaycansayağı don geyindirməyin. Dünya ilə ayaqlaşın. Daha böyük yeniliklər edin, bir-birinizi qırmayın, gənclərə yol verin, tanışlığa, qohumbazlığa getməyin. Obyektiv və operativ olun. Şounu da əsl şou kimi yaradın. Təkcə musiqilərdə təsəlli tapan məzlum camaatı musiqidən də küsdürməyin.
Uğurlar hər birinizə...


MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031