manera.az
manera.az

Niyə gənc dramaturqlarımız yoxdur? - MANERA.AZ

Niyə gənc dramaturqlarımız yoxdur? - MANERA.AZ
Nəzərinizə çatdırım ki, Cəlil Məmmədquluzadə ilk dram əsərini 20 yaşında, Əbdürrəhim bəy Haqverdiyev 21 yaşında, Cəfər Cabbarlı 16 yaşında, Hüseyn Cavid 21 yaşında yazmışdır.

Adlarını qeyd etdiyim tanınmış dramaturqlarımız 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində yaşamış, gənc yaşlarından bədii yaradıcılığa başlamış, yaradıcılıqlarında xüsusən də dramatik növə böyük yer ayırmışlar. O dövrdən təqribən bir əsr ötür. Amma indi dramatik növə müraciət edən barmaqla sayılası qədər belə gənc dramaturqumuz yoxdur. Bu isə ədəbiyyat və dramaturgiya üçün böyük faciədir.

Necə olur ki, hələ ədəbi nəzəriyyənin geniş yayılmadığı, öyrənilmədiyi dövrdə, öyrənmək, maraqlanmaq, məlumatlanmaq üçün vasitələrin məhdud olduğu zamanda bu insanlar dramatik növdə çoxsaylı əsərlər yaza biliblər, amma indi – hər cür imkanların, zəngin nəzəriyyə kitablarının, dramaturgiya antologiyalarının olduğu dövrdə gənc ədiblər bu növdə yazmırlar, ya da yaza bilmirlər?!

Bu yaxınlarda gənc yazar dostlarla bu mövzunu bir xeyli müzakirə etdik. Onlardan bu problemin səbəblərini öyrənməyə çalışdım. Müxtəlif arqumentlər gətirdilər. Bu növə müraciət etmək üçün münasib laboratoriyanın olmasını vacib hesab etdilər, teatrlarda, dramaturgiya şöbələrində bu növdə yazma qaydalarını tədris edəcək kursların labüdlüyündən danışdılar, rejissorlar və yaşlı dramaturqların bu məsələdə gənclərə kömək etməsinin də önəmini vurğuladılar. Lakin, mənim fikrimcə problemin səbəbi bunlardan heç biri deyil.

Azərbaycan oxucusu roman, hekayə oxumağa meyillidir, bu növü sevir. Hansı səbəbdəndir bilmirəm, amma hələ dram əsərlərini sevə-sevə oxuyan, öyrənən, müzakirəyə qoyan bir mütliəçi belə görməmişəm.
Problem teatrdan başlayır. Teatrların tamaşaçı kütləsi çox azdır deyə, teatr tamaşaları da böyük kütləyə nüfuz edə bilmir. Necə ki, hər hansı bir keyfiyyətli roman yazılır, bir xeyli də oxunur, sevilir, amma həmin romana film çəkiləndə onun izləyici və pərəstişkar kütləsi daha çox olur. Halbuki həmin film əvvəlcə bir kitablıq roman olub. Eləcə də dram əsəri yazılırsa, tamaşaya qoyulmalıdır, tamaşa vasitəsi ilə həmin əsər daha böyük auditoriyaya çatdırılmalıdır.
Gənc yazıçılar daha çox şöhrət və pula qaçırlar. Hansı janr onlara daha çox pul və şöhrət qazandıracaqsa, həmin janrda yazırlar. Bilirlər ki, dram əsərinin bizim ölkədə oxucusu yoxdur. Teatrların da tamaşaçı çatışmazlığı problemi hamıya məlumdur. Belə olan halda yeni dram əsəri və bu yeni dram əsərindən hazırlanmış yeni tamaşa kimə və nəyə lazımdır?
Təqribən 4-5 il əvvəl həmyaşıdlarım arasında dramturgiyaya heç kəsin müraciət etmədiyini görəndə xalq teatrlarından birinin rejissoruna təklif etmişdim ki, gənclər arasında “Ən yaxşı dram əsəri” adlı müsabiqə keçirək. Rejissor mənimlə razılaşdı. Məktəblərə, kolleclərə, universitetlərə elan verdik. Təqribən 1 ay gözlədik, amma müsabiqəyə bircə dram əsəri də göndərən olmadı. Dramaturgiyanın çökdüyünü, iflasa uğradığını həmin vaxt anlamışdım. Amma bu məni sevdiyim ədəbi növdən qopara bilmədi.
İkinci, olduqca adi bir nüansı da qeyd edim. Elektron kitabxanalarda üç ədəd e-kitabım var – “Fahişə mələklər” romanı, “Sevgi şeirləri” adlı şeirlər toplusu və “Dram əsərləri” adlı iki pyesimdən ibarət e-kitab. Lakin, həmin e-kitabxanaya hər dəfə baxanda görürəm ki, romanın və şeirlər toplusunun yüklənmə sayı kifayət qədər çoxdur. Dram əsərlərindən ibarət kitab isə çox az sayda yüklənib. Bunun özü sübut edir ki, insanlar heç e-kitabı yükləyib dram əsərini oxumağı demirəm, gözucu nəzər salmağı, quruluşuna baxmağı belə istəmirlər.

Bir də bu növdə yazmağı çətin hesab edənlər var. Mən dramatik növün demək olar ki, bütün janrlarında yazmışam – faciə, komediya, targikomediya, tarixi faciə, tarixi dram, lirik-psixoloji dram, psixoloji faciə və s. Otuza yaxın dram əsəri yazan biri kimi deyirəm ki, bu növdə əsər yazmaq heç də çətin deyil. Sadəcə cəsur olmaq, bu növün iflas etdiyini düşünüb ümidsizliyə qapılmamaq lazımdır. Əgər hamımız dramaturgiyanın artıq insanlar üçün maraqsızlaşdığını düşünüb bu növdə heç bir əsər yazmayacağıqsa, onda özümüz bu ədəbi növü məhv etmiş olmarıqmı? Müxtəlif yazıçılar tərəfindən cəmiyyət üçün önəmli, maraqlı olan mövzularda bir neçə dram əsəri yazılarsa, o zaman dram əsərlərinin də müəyyən oxucu kütləsi olacaq, yeni dramaturqlar nəsli yaranacaq, bu nəsil zaman-zaman böyüyəcək, nüfuzlanacaq və dramaturgiya məhvdən xilas olacaq.

Əgər gənc yazıçılardan kimsə dram əsəri yazmağa həvəslənərsə və bunun üçün ona hər hansı kömək lazım olarsa, mən bunu sevə-sevə edərəm. Bu ədəbi növdən az da ola, anlayışım var və bütün bildiklərimi bölüşməyə, təcrübələrimi öyrətməyə hazıram. Hətta təklifimi dəstəkləyən olarsa, bu janrda yazmaq üçün lazım olan şərtlərdən, nəzəri qaydalardan, praktik işlərdən ibarət məqalə də yayımlayaram. Yetər ki, gənc yazıçılar dramaturgiyanı sevsin, gənc nəslin dramaturgiyası yaransın, dramaturgiya təbliğ olunsun və geniş dram oxucuları formalaşsın. Bununla yeni teatrlar da yaranacaq, yeni ruhda tamaşalar da ərsəyı gələcək, teatrlar yeni tamaşaçılar da qazanacaq.
Mən hələ də ümidliyəm!
Orxan Bahadırsoy
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031