Əyalətdə teatr sevinci

Karantin qaydaları yumşaldılandan sonra əyalət teatrları da fəaliyyətlərini tam bərpa ediblər. Şəkidə pandemiyadan sonra teatra böyük tamaşaçı axını var. Lənkəran teatrı isə Ağdam və Astarda qastrol səfərlərində olub.
İl yarım sükutdan sonra – ötən ilin oktyabrından COVID-19 pandemiyası ucbatından tətbiq olunan xüsusi karantin qaydaları yumşaldılınca, teatrların fəaliyyəti bərpa edildi. Və teatrlar ümumi tutumu 50 faizdən çox olmamaq şərtilə qapılarını COVID-19 pasportu və ya COVID-19 infeksiyası əleyhinə peyvəndə əks göstəriş sertifikatı olan tamaşaçılarının üzünə açıldı. Bir müddət əvvəl paytaxt teatrlarının vəziyyəti ilə yaxından tanış olmuşduq. Belə məlum olmuşdu ki, vəziyyət yaxşıdır, tamaşaçı axını müşahidə olunmaqdadır. Bəs əyalət teatrlarında vəziyyət necədir? Orada da əhalinin burnunun ucu teatrlardan ötrü göynəyibmi?

Şəkidə canlanan teatr
Şəki Dövlət Dram Teatrının Baş rejissoru Mirbala Səlimli deyir ki, teatrların açılması qərarı verilən kimi çox qısa bir zamanda Karlo Qoldoninin "Məzəli hadisə” əsərinin hazırlıqlarına başlayıblar: "İlin sonu olduğundan, azyaşlı və məktəblilər üçün yeni il şənlikləri və tamaşalar hazırladıq. Elə onların da mövzusu pandemiyaya idi. Sanki səhnədən, uşaqlara özlərini qorumaq üçün teatral şəkildə tövsiyələr verilirdi. Yanvarda bu tamaşalar bitəndən sonra repertuar planımız üzrə Qriroqi Qorinin "Herastatı unut” adlı əsərini gənc rejissor Əlisahib Cəlilov tamaşaya qoyur, hazırda hazırlıq gedir. Daha sonra Əli Səmədlinin "Meşə çaqqalsız olmaz” əsərini Hüseyn Hüseynli hazırlayır. Bu da uşaqlar üçün nəzərdə tutulub. Və Qarabağ mövzusu alleqorik tərzdə uşaqlara təqdim olunur. Vaqif Səmədoğlunun "İntihar” əsəri üzərində də quruluşçu rejissor Orxan Həmidli işləyəcək. İlin sonunda Bayazıt Gülercanın "Lodos” əsərini isə səhnəyə mən qoyacağam. Yazda Novruz şənliklərimiz də olacaq. Deməyim odur ki, teatr açılandan tam sürətlə işləyir. Aktyorlar, rejissorlar və ümumiyyətlə, bütün heyət yeni güc, yeni əhvalda fəaliyyət göstərir".
Teatrda məktəb
Mirbala müəllim teatrda fəaliyyət göstərən rejissor laboratoriyasından da danışdı: "Burada gənc rejissorlar yetişdirilir. Rejissorluq sənətinin xüsusiyyətləri öyrənir, yeni əsərlər oxuyur, fikir mübadiləsi edirik. Bundan başqa, aktyorların iki illik hazırlıq studiyası var. Hazırda on iki tələbəmiz var. Onlara səhnə mədəniyyəti, səhnə danışığı, vokal, plastika dərsləri keçir, əlavə olaraq da ədəbiyyat veririk ki, oxusunlar. Teatrlar açılandan sonra bu fəaliyyətimiz də bərpa olundu".
Şəki teatral şəhərdir
Mirbala müəllim deyir ki, Şəki teatral şəhərdir: "Camaat darıxıb, tamaşalara gəlirlər. Buz bina çox sevinirik. Məktəblilər üçün gündə 3-4 seans tamaşa oynadıq. İndi isə böyüklər üçün tamaşalarımız olacaq. Şəkinin kəndlərindən tamaşa istəyiblər. Və nəzərdə tutmuşuq ki, yaxın vaxtlarda kənd klublarında yeni tamaşalar göstərək. Pandemiyaya qədər də belə təcrübəmiz olub və bunun effekti çox yaxşıdır. Biz, hətta açıq havada da tamaşa oynamışıq. Regionlarda yeni tamaşalarla səhnəyə çıxmaq planlarımız var. Buna tələbat böyükdür".
Lənkəran Teatrı pandemiya vaxtı
Lənkəran Dövlət Dram Teatrının ədəbi dram hissə rəhbəri Ağaddin Babayev deyir ki, koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin dövründə teatrın truppası özünün yaradıcılıq potensialını gücləndiriməyi əsas prioritet hesab edib: "Pandemiya zamanı formanı itirməmək üçün tələblərə riayət olunmaqla, ayrı-ayrı aktyorlarımız fərdi məşqlər keçiblər. Rəşadətli Azərbaycan ordusunun respublikamızın ərazi bütövlüyünün bərpası və tarixi ədalətin bərqərar edilməsi uğrunda apardığı mübarizə lənkəranlı sənətçilərin də sevincinə səbəb olub. Ordumuzun qazandığı qələbələri, əsgərlərimizin şücaətini vəsf etmək məqsədilə "Zəfərin mübarək, Azərbaycan!” adlı audioçarx formatında ədəbi-bədii və musiqili kompozisiya hazırladıq. Tez-tez yenilənən audioçarx səsgücləndirici qurğular vasitəsilə teatrda, Lənkəran şəhərinin müxtəlif ərazilərində, qəsəbə və kəndlərində səsləndirilib. Aktyorların ifasında audiolentə alınmış "İgid əsgər, möhkəm dayan!”, "Əziz, doğma Şuşamız”, "Qarabağ bizimdir!”, "Qarabağ Azərbaycandır”, "Müzəffər Ali Baş Komandan” və digər bu kimi başlıqlı şeirlər, mahnılar, musiqi nömrələri yerli sakinlər tərəfindən rəğbətlə qarşılanmışdı".
Lənkəranda teatr pandemiyadan sonra
Ağaddin müəllim deyir ki, teatrlar açılandan sonra Lənkəran Dövlət Dram Teatrı bütün qüvvə ilə fəaliyyətə başlayıb: "Truppamız Cəfər Cabbarlının "Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” tamaşası ilə ötən ilin noyabrın 4-də Astarada, 23-də Ağdamda, 26-da isə Biləsuvarda qastrol səfərində olub. Ağdam səfəri sənətçilərimizə unudulmaz anlar bəxş edib.
Artıq neçə illərdir ki, məktəbyaşlı tamaşaçılarımızı Yeni il ərəfəsində və bayram günlərində yeni səhnə əsəri ilə sevindirmək ənənəyə çevrilib. Teatrın aktyorları bu dəfə uşaqların görüşünə gənc rejissor Tərlan Abdullayevin müəllifi olduğu və quruluş verdiyi "Qar dənəcikləri” pyesinin tamaşası ilə qatılıb. Premyerası ötən ilin son günlərində keçirilən bu səhnə əsərində balaca nağıl qəhrəmanlarının başına gələn əhvalatlardan söz açılır”.
Əsasən məktəblilər olsa da...
Ağaddin müəllim bildirdi ki, 2022-ci ildə Lənkəran Dövlət Dram Teatrında 4 tamaşanın hazırlanması nəzərdə tutulub: "Artıq bunlardan birinin – rejissor Elşən Feyzullayevin səhnələşdirdiyi və quruluş verdiyi "Kod adı – Vətən” tamaşasının məşqlərinə start verilib. Tamaşa Novruz bayramı ərəfəsində istehsalata buraxılacaq. Repertuar planına əsasən cari ildə həmçinin İlqar Fəhminin "Şahnamə” (quruluşçu rejissor Tərlan Abdullayev), Məmmədhüseyn Əliyevin "Prokuror” (quruluşçu rejissor Oruc Qurbanov), Tərlan Abdullayevin "Cırtdan və yarasa qız” (quruluşçu rejissor Tərlan Abdullayev) əsərlərinin də tamaşaya hazırlanması nəzərdə tutulub. Tamaşaçılar, əsasən məktəblilər olsa da, var. Əsas odur ki, teatrlar açılıb, əsərlər səhnələşdirilir. Bundan sonrası da yaxşı olacaq".
Kaspi.az,
Xanım Aydın