manera.az
manera.az

Səfir: 'İki ölkə arasında münasibətlər sevgi və sayğı üzərində qurulub'

Səfir: 'İki ölkə arasında münasibətlər sevgi və sayğı üzərində qurulub'

Ankarada Siyasi, İqtisadi və Sosial Araşdırmalar Vəqfi (SETA) tərəfindən "Türkiyə-Azərbaycan Diplomatik Münasibətlərinin Yenidən qurulmasının 30-cu ildönümü" adlı konfrans keçirilib.

Manera.az xəbər verir ki, konfransda xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran, Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, SETA-nın Xarici Siyasət Araşdırmaları Direktoru Prof. Dr. Murat Yeşiltaş, Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev, Türkiyədən və Azərbaycandan natiqlər və çoxlu sayda tələbə iştirak edib.

Konfransın açılışında çıxış edən Məmmədov iki ölkə arasında münasibətlərin infrastrukturunu Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təmin etdiyini, Azərbaycan Prezidenti İlham Əliyevin bu irsə əməl edərək əlaqələri daha da inkişaf etdirdiyini bildirib.

Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin dövlətlər üçün örnək olduğuna diqqət çəkən Məmmədov, "Dünyada çoxlu qardaş xalqlar var. Tarixdə qanı, dili eyni olan dövlətlər olub, amma Azərbaycanla Türkiyə arasında bənzər münasibət yoxdur. Bu yeganə model idi və biz bu əlaqələri inkişaf etdirə bildik”, - deyə bildirib.

Məmmədov Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın regionun heç bir ölkəsi üçün təhlükə yaratmadığını, 2-ci Qarabağ müharibəsində Türkiyə modeli əsasında qurulan Azərbaycan Ordusunun Türkiyə müdafiə sənayesi və ordusunun gücünü dünyaya nümayiş etdirdiyini söyləyib.

Yekun məqsədlərinin Qafqaz regionunda davamlı sülhün bərqərar olması olduğunu vurğulayan Məmmədov Bakı-Tiflis-Qars Dəmir Yolu və Bakı-Tiflis-Ərzurum Təbii Qaz Kəməri kimi layihələrin təkcə iki dövlət üçün deyil, həm də regionun digər ölkələri üçün alternativ yaratmasının əhəmiyyətini vurğulayıb.

Məmmədov iki ölkə arasında münasibətlərin də müxtəlif perspektivləri əhatə etdiyini bildirib: "Qars müqaviləsindən Şuşa Bəyannaməsinə qədər olan yol şərəfli tarix olub, lakin qarşıda bizi daha böyük perspektivlər gözləyir. İki ölkə arasında münasibətlər sevgi və sayğı üzərində qurulub, ortaq siyasi münasibətlərdə müttəfiqlik səviyyəsinə yüksəlib. Bu, 30 ildə çox mühüm bir mərhələdir".

Açılış nitqlərindən sonra Diplomatiya Akademiyasının sədr müavini Məsut Özcanın moderatorluğu ilə “Türkiyə-Azərbaycan Münasibətlərinin Siyasi və Hərbi Aspektləri” adlı ilk sessiya keçirilib.

Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi şöbəsinin müdiri Cavid Vəliyev Türkiyə-Azərbaycan əlaqələrinin yeni dövrə qədəm qoyduğunu vurğulayıb.

Bunun iki sübutunu gördüyünü qeyd edən Vəliyev bunların “Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyət” və “Suşa bəyannaməsi” olduğunu bildirib.

Bu yeni dövrdə iki ölkə arasında daha çox koordinasiyaya ehtiyac olduğunu bildirən Vəliyev, “Gördüyüm qədəri ilə Azərbaycan və Türkiyənin diplomatik üstünlüyü müharibədən sonrakı dövrdə də davam edir”, deyib.

Azərbaycanın 2-ci Qarabağ müharibəsində əldə etdiyi hərbi qələbənin müharibədən sonrakı dövrdə diplomatik yollarla əlindən alınmağa çalışıldığını qeyd edən Vəliyev bəzi dövlətlərin Ermənistanı dəstəklədiyini və Azərbaycanın hərbi uğurlarına “kölgə yaratmağa” çalışdığını bildirib.

Şuşa bəyannaməsinin “gələcək üçün yol xəritəsi” olduğunu, lakin bunun kifayət etmədiyini deyən Vəliyev “Şuşa Bəyannaməsindəki məsələlər təkcə Türkiyə-Azərbaycan deyil, bəzi məsələlər də var ki, Türk Dövlətləri Təşkilatının iştirakı ilə həll oluna bilər, deyib.

Vəliyev Türkiyə-Azərbaycan əlaqələrinin uğurlu olmasının səbəblərini açıqlayaraq bildirib ki, bunlardan birincisi “Azərbaycan-Türkiyə münasibətlərinin intellektual təməli 100 il bundan əvvəl qoyulub”.

İkinci səbəbin liderlər arasında möhkəm münasibətlər olduğunu vurğulayan Vəliyev, "İki ölkə prezidentinin siyasi iradəsi və cəsarəti bu gün çox önəmlidir. Hesab edirəm ki, İkinci Qarabağ müharibəsində Azərbaycana Türkiyədən verilən dəstəkdə prezident Rəcəb Tayyib Ərdoğanın cəsarəti çox mühüm rol oynaydı. Eyni şəkildə Azərbaycan Prezidentinin də. Bunu davam etdirmək lazımdır", deyib.

Vəliyev vurğulayıb ki, digər səbəb kimi “iki ölkənin bir-birini yeganə müttəfiqi və dostu kimi görməsi” ictimai rəy sorğularında da ortaya çıxır.

Türkiyə-Azərbaycan münasibətlərinin uğurunun son səbəbinin “ortaq maraqlar” olduğunu qeyd edən Vəliyev “Azərbaycanla Türkiyə arasında ortaq maraqlar var” deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930