"Bu münasibətlər dostluq və qardaşlıq prinsipinə söykənir" - İrfan Çiftçi
Manera.az xəbər verir ki, bu sözləri avqustun 13-də Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi “Yeni Azərbaycan” qəzetinin redaksiyasında olarkən söyləyib.
Görüşdən böyük məmnunluq hissi keçirdiyini vurğulayan İrfan Çiftçi qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər dostluq və qardaşlıq prinsipinə söykənir. İki ölkə arasında əlaqələrin bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də uğurla inkişaf etdiyini deyən İrfan Çiftçi qarşılıqlı təmaslar və münasibətlərin ayrı-ayrı qurumlar və müəssisələr səviyyəsində daha da inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb. O, mədəniyyət və turizm sahəsində fəaliyyət göstərən təşkilatlar, eləcə də elm və təhsil müəssisələri arasında qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılmasının mühüm əhəmiyyətə malik olduğunu bildirib.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu isə iki ölkə arasındakı möhkəm dostluq və qardaşlıq münasibətlərinin sarsılmaz olduğunu bildirib. Azərbaycan ilə Türkiyə arasında münasibətlərin Ümummilli lider Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” fəlsəfəsinə söykəndiyini söyləyən millət vəkili əlavə edib ki, Azərbaycan-Türkiyə münasibətləri regionda və daha geniş coğrafiyada əməkdaşlıq və təhlükəsizliyə xidmət edir. Azərbaycan ilə Türkiyə arasında müxtəlif sahələri əhatə edən əlaqələrin daha da inkişafı və genişlənməsi istiqamətində ictimai institutların fəaliyyətinin əhəmiyyətinə toxunan Hikmət Babaoğlu elm və təhsil müəssisələri, mədəniyyət və turizm sahəsində fəaliyyət göstərən təşkilatlarla yanaşı, media orqanları arasında da təcrübə mübadiləsi aparılmasının xüsusi önəm daşıdığını diqqətə çatdırıb. http://yeniazerbaycan.com/