Yondu bizi bu illər - Şeirlər

MANERA.AZ Seymur Sunun şeirlərini təqdim edir:
Arzu
Doğulandan bu yana biz günəşə bihuşuq,
Kədərliyik.. Yetməyən arzular üstündə mi?
İnsanıq da, bəlkə də, buna layiq olmuşuq
Arzunun da, sən demə, olur yönü-yöntəmi..
“Günəş ölüb!”, özümçün arzu yaratdım, tamam
Biz qaranlıq yurduna imzalanmış bədənlər..
Bəlkə, reallıqlara atsam bir addım.. tamam..
Amma qayıda bilməz.. geri.. tərki-vətənlər..
Tanrım, necə çox gəlib unudulma məbləği
“Bu hesab bizim deyil, qarson, qonşu masanın..”
Allah bilir necədi sabahların mətbəxi..
Günəş batır.. gün bitir.. qanı donur insanın..
Demədiyim sözləri udqunduğum andaca
bitir demək bir arzu, yoxa çıxır astaca..
Qısa xülasə
Biz göydələn iziylə gəzə-gəzə azan vaxt
Palçığa batdıq demə, əyilmədik ki, baxaq.
Tanımadıq doğmanı, dostu, düşməni, yadı
“Şükür Allaha!” – dedik, şükür də sınıq-salxaq.
Mən görmədim günəşi, nə gizlədim, görmədim…
Axı mənim günəşim göydə olmamalıydı.
Yadımdadı həmin gün – insanlardan qaçışım
Onda cahil bayramı, kölə karnavalıydı.
Yadımdadı həmin gün, məhəbbətə tövbə də
Hər kəs birisin tapıb, küncə çarmıxlamaqda….
Qayıtmamaq andıyla arxa döndüm məbədə
Özümü sütun etdim, içimsə laxlamaqda.
Bilmirdim nədir onda, üzdə sevinc tikdikcə
Cüzam dolu içindən hissə-hissə sökülmək.
Süpürgəçi xanımlar, bilərsiz nə deməkdir:
Duyğusu, düşüncəsi küçələrə tökülmək.
Bu səbəbsiz sıxıntı hakim olduqca sənə
Anlayırsan nə üçün dostlarını itirdin.
İçdin, halsız dayandın, hey intihar aradın
Amma gücün görmədin tütünün və spirtin.
Mən sənə nə deyim ki… Sözlərin yeri şeir
Piyada cümlə kimi gəzir süvari sətir
Fikir ver hər şey, hər kəs indi bir-birin əyir
Hər bir şey eqodursa, həyat mübarizədir.
Böyük boşluğa gəldi bütün qələbəliklər,
Böyük sıfıra döndü hər şeyin nəticəsi…
Bir cümləyçün yaşadın sən demə, bütün ömrü:
“….abort olmuş gündüzün sonsuz olur gecəsi….”
Allah
…bəlkə, əldə qızılgül görüşlərə tələsən,
bəlkə, qəbrə gecikən taxta xərəkdi Allah?
…bəlkə, insan üzünə gözəlliyi yansıdan,
bəlkə, insan gözünə görünməməkdi Allah?
…bəlkə, yerə düşən bir tikə çörəkdi Allah?
bəlkə, ”bəlkə”-di Allah, bəlkə ”görək”-di Allah?
…bəlkə, ürəkdi Allah? bəlkə, beyindi, ruhdu
bəlkə, bəyaz pərdədi, bəlkə qaragüruhdu?
…bəlkə, ölümdü Allah? …dünya müharibəsi..
bəlkə də, Xocalıda bir köçkünün körpəsi..
…bəlkə, insandı Allah? intihar edib dünən
bəlkə, gözəlliyindir, gözlərimə bürünən?
Xilassızlar
Şəhərlər toz içində, ətrafımız lağ-lağı
Bu da bir xəstəlikdi, heç harda yoxdu vaksin.
Sevgi adı altında nə istəyirlər axı
Anlamıram, adamlar nədən xəyanət etsin?
Yuxarı bax, yuxarı, şəfəq qəhvəyi-sarı.
Buludlar yoxa çıxdı, geyindi tünd göy rəngi,
Bir adam var, gedir bax, gedir üzüyuxarı,
Su qədər buxarlanır bulud içinə sanki.
Yondu bizi bu illər, bütün qəlbin yonqarı
Önümüzə töküldü, dabanlar qan içində.
Susuzluqdan danışsaq, bayraq etsək deyərlər:
“Su ehtiyatı yoxdu. Bir az da qan için də”.
Nə üstündə qurulub, düşün, bu dünya nəyin?
Bütün rənglər içində yatır xəyali çalar..
Məsələn, nə istəyir: canın, pulun ya nəyin?
Bu kasıb zümrələrdən kral, kraliçalar..
Dilimizdə xırıltı, sözümüzdə hecalar..
Uçur reallıq boyu çirkin damdabacalar.
Bu sofistik suallar, cavabsız tapmacalar
Adam elə bunları düşündükcə qocalar..
Bir meh əsir aramca, içki, dənizkənarı,
Gəl yarımçıq olaq, gəl, – tamam – yarıbayarı.
Bir adam var, gedir bax, gedir üzüyuxarı,
Heç zillən də demirəm, bax da, gör – gözəyarı.
Uça bilmək yoxdusa bu işlərin sonunda
Kürəyin qan ağlayar, başlar qanad əzabı.
Söz verib, and içiblər yeni il bayramında,
Yaşam verməlidirlər bizə saathesabı..
Nihil çarmıxı
Saatın çıqqıltısı, dəyirmanın çaxçaxı
Bezdirib bizi hər gün, 7-də, axşamçağı.
Corab kimi adamlar, əlcək kimi adamlar
“Tut əlimi”, sonra da “Əl çək” kimi adamlar.
Əzizim, məni sənlə bunlar azad buraxmaz
Bunlar gah köləpərəst, gah da azadlıqşünas
Mən nihilist dünyanın ədədi ortasıyam
Yollar yuxarı qalxır…. imkan vermir axsayam.
Mən onlara baxıram, onlar baxır əynimə
Sport tərzi çıxarıb, kostyum taxır əynimə.
Mən kütləyə gülürəm, o, çarmıxda İsaya
Axı necə gülməyim onlar namus-zad deyir,
fahişə rolu oynayan tənha aktrisaya
Mən yalvarıb-yaxardım səhnə kulislərinə
Şikayət etdim həyat hakim-polislərinə
Qayıtdım uşaqlıqdan gələn yol izlərimə
Lənət olsun bu yola! Ondansa dayanacaq
Ondansa məhv ola yer! Ondansa dayana vaxt!
/muellif.az/