Bu dünyanı qoruyun - Nizami Adışirinin şeirləri

Manera.az filologiya üzrə fəlsəfə doktoru, şair Nizami Adışirinin şeirlərini təqdim edir:
ÖMÜR YOLUM
Mənim ömür yolum hamar olmayıb
Bu yolun baharı, payızı olub.
Əlimi üşüdən sərt qış gecəsi,
Soyuğu, yağışı, ayazı olub.
Ağlayıb, sevincin qədrini bildim.
Yıxıldım, qalxmağı öyrəndim fəqət.
Bəzən göz yaşımı gizlicə sildim.
Həyat həm şirindir, həm də ki çox sərt.
Yaxşılar yoluma işıq tutanda,
Xainlər gizlicə min hiylə qurdu.
Çox iblis tanıdım, mələk donunda.
Üzümə gülərək arxadan vurdu.
Həyatın amansız burulğanında
Bəzən öz-özümlə baş-başa qaldım.
Yaxın bildiyimdən kömək umanda
Yalançı vədinə uyub aldandım.
Yoluma qaranlıq, zülmət çökəndə
Açılan səhərə ümid eylədim.
Nadanlar arxamdan tənə edəndə,
Sərçələr şahini qorxutmaz- dedim.
Pislərin yalançı təriflərinə
Gülsəm də, gözündə min hiylə duydum.
Yaxşılar ərkyana danlayanda da,
Öpüb gözlərimin üstünə qoydum.
Sevindim kiməsə xeyrim dəyəndə,
Olmadım qəlb qıran, könül incidən.
Hardasa ağlayan körpə görəndə,
Deyirəm, günahkar mənəmmi görən?
Dostların yolunda çıraq olmuşam.
Onlara hər daim minnətdaram mən.
Pislərdən hər zaman uzaq olmuşam.
Xainə, xəbisə soyuq qaram mən.
Başımız qarışır min cür qayğıya.
Ömürdən ötüşür illər duymuruq.
Çəksək də həyatın yüz cəfasını,
İnsanıq, həyatdan yenə doymuruq.
İNSAN HAQQINDA
İçində ağlasa da,
Üzündə gülür insan.
Kədərini gizlədib,
Sevincini hər kəslə,
Paylaşıb bölür insan.
İstəyir ki, gözündə.
Bir arzu da qalmasın.
Ömrün gənclik çiçəyi,
Saralmasın, solmasın.
Bəzən elə olur ki,
Bir səhrada tapılmış
Gərəksiz qızıl kimi
Dəyəri bilinmədən
Parlayıb sönür insan.
Bəzən də öz əli ilə
Adi daşdan yonulmuş
Cansız heykəl önündə
Heykələ dönür insan.
Günü ağır keçsə də.
Olmasa da bir güman.
O yaşamaq istəyir.
O vuruşur hər zaman.
Onun üçün şirindir
Bu dünyanın hər üzü.
Həm qarası, həm ağı...
Bu dünyaya hər insan,
Bir dəfə gəlir axı!
Həyat adlı axardan
Geri qalmaq istəmir.
Onu zaman qocaldır,
O qocalmaq istəmir.
Qəribə xisləti var.
Bir gözüylə ağlayıb,
Biriylə gülür insan.
İstəmədən doğulur,
Təəccüblə yaşayır,
Həsrətlə ölür insan.
SAĞ OL, ÜRƏYİM!
Bu qədər əzaba tək qatlanırsan.
Dünyanın yükünə ortaq olmusan.
Hərdənbir elə bil lap yaşlanırsan,
Hərdən də ərköyün uşaq olmusan.
Sağ ol, ürəyim!
Bəzən aldadıblar bir uşaq kimi,
Nə söz söyləmisən, nə də dinmisən.
Oynadıb atıblar oyuncaq kimi,
Yenə də heç kimdən inciməmisən
Sağ ol, ürəyim!
Ürəkdən vuruldun suya, torpağa,
Sən sevdin, atıldın, küsmədin yenə.
Həmişə çalışdın arxa olmağa,
Çətinə düşənə, dara düşənə.
Sağ ol, ürəyim!
Neçə yol Arazdan aşdın o taya.
Neçə yol Təbrizə şeir söylədin.
Neçə yol söz qoşdun doğma Bakıya,
Axır ki, məni də şair eylədin.
Sağ ol, ürəyim!
Var ol, ürəyim!
BU DÜNYANI QORUYUN
Hər tərəfdə savaş gedir, hər tərəfdə insan qanı.
Bir-birinə özgə olub, bir-birinə qənim hamı.
Qulaq verin səsimə siz, bu dünyanın insanları!
Sarsılmasın zalımların əməlindən dünya qoyun.
Sizdən rica eyləyirəm bu dünyanı bərk qoruyun.
Qoy məkrli oyunların sınağına çevrilməsin.
Gözüyaşlı körpələrin qınağına çevrilməsin.
Qoy qaniçən vəhşilərin caynağında inləməsin.
Yağıların öz başında çatlasın hər fitnə, oyun,
Sizdən rica eyləyirəm bu dünyanı bərk qoruyun.
Bizdən kömək uman neçə yaşlısı var, körpəsi var.
Ümidləri tükənsə də gözlərində “bəlkə”si var
Havasında barıt qoxan neçə viran ölkəsi var
Bircə anlıq məzlumların fəryadını sizdə duyun
Sizdən rica eyləyirəm bu dünyanı bərk qoruyun
Kirlətməyin dənizləri, qoy səmalar qaralmasın
Ağacları kəsilməsin, meşələri qırılmasın
Heyvanları ovlanmasın, kəklikləri vurulmasın
Dəyərini yaxşı bilin bu havanın, çayın, suyun
Sizdən rica eyləyirəm bu dünyanı bərk qoruyun
Düşünməyin əbədidir, daim sizlə qalasıdır
Qorumasaq, viran olub yıxılası, solasıdır
Qorumasaq özü boyda dərdi, yükü olasıdır
Hər çınqılı, hər daşı da qızıl kimi sərvət sayın
Sizdən rica eyləyirəm bu dünyanı bərk qoruyun.
Hər insanın xislətində xeyir də var, şər də vardır
Qəlbi təmiz insanlara dünya güllü bir bahardır
Nəsillərdən, nəsillərə əmanətdir, yadigardır
Bu dünyada bizdən sonra körpələri unutmayın
Uşaqların xatirinə bu dünyanı bərk qoruyun.
DEYİLMİ?
Quruyan çiçəklər, saralan güllər.
Gözləyən ürəklər, ötüşən illər.
Soyuyan baxışlar, soyuyan əllər.
Əhdini, sözünü danmaq deyilmi?
Ovutmaq çətindir ağlayan gözü.
Vüsal da dərd olur dönəndə üzü.
Ürəkdə boğulan sevginin özü,
Alovsuz, tüstüsüz yanmaq deyilmi?
Ürək dərd içində alışmağında.
Həsrətin bir günmü, bir aymı, ilmi?
Səni unutmağa çalışmağım da,
Səni xatırlamaq, anmaq deyilmi?
SƏN MƏNİ BİR DAHA GÖRMƏYƏCƏKSƏN
Sən məni bir daha görməyəcəksən,
Həsrətinin dumanında itəcəm.
Bu sevginin bütün kədər yükünü,
Öz çiynimə şələləyib gedəcəm.
Sən məni bir daha görməyəcəksən,
Dostlar məclisində, gülüş səsində.
Gizlənib qalacam sənin ömrünün,
Hansısa qaranlıq bir gecəsində.
Sən məni bir daha görməyəcəksən.
Kölgəntək hər yerdə səni izləyən,
Sən məni bir daha görməyəcəksən,
Hər səhər yolunda səni gözləyən.
Yoxuşlar büdrədib səni yorsa da,
Əllərin əlimçün qəribsəsə də.
Sən məni bir daha görməyəcəksən,
Gözlərin görməyi çox istəsə də.
Gülsən də, içində ağlayacaqsan.
Tez-tez xatirinə gətirəcəksən.
Axtarıb hər yanı tapmayacaqsan,
Sən məni bir daha görməyəcəksən.
Yıxıldın qəlbimin sevgi taxtından.
Qəlbin oyma-oyma çapılacaqdır.
Nə vaxtsa qəlbimin ən alt qatından,
Bəlkə sümüklərin tapılacaqdır.
Nə vaxtsa, hardasa adım çəkilsə,
Ürəyin sızlayar xəlvəti, səssiz.
Üzünə qırışlar salacaq zaman,
Səni qocaldacaq səndən xəbərsiz.
Sən məni bir daha görməyəcəksən.
Gözünə bir ömür xəzan dolacaq.
Nə qədər axtarsan, mən olmayacam.
Mənsizlik ən böyük cəzan olacaq.
MƏN YENƏ GƏLMİŞDİM
Şəhərin canına cumub axşamdan,
Küləklər küçəni süpürür yenə.
Yağış da hey yuyur daş səkiləri,
Ayaq izlərimi itirsin deyə..
Mən yenə gəlmişdim uzaq keçmişdən,
İlləri adlayıb gələn səs kimi.
Mən yenə keçmişdim sizin küçədən,
Qanadsız arzutək, kor həvəs kimi.
Sən bunu duymadın, hardan biləsən?
Bir əlin mətbəxdə, bir əlin işdə.
Sən bunu görmədin, hardan görəsən?
Buxardan su idi pəncərələr də.
Görsən də, tanıya bilərdin görən
İllərin ardından gələn bu “məni”?
Üzünü görmədim, fərqi nədir ki?
Mən elə kölgəndən tanıdım səni.
Bilirsən, mən yenə dəyişməmişəm.
Həmənki adamam, həmənki adam.
Zamandan geridə…
Tək sənə deyil,
Mən indi hər şeyə, hər kəsə yadam.
Hər zaman şən-şaqraq qaldın yadımda.
Mən isə dərd əkib kədər bitirdim.
Dəyişə bilmədim… bu inadımda
Özümü itirdim, səni itirdim.
Ümiddən özümə “ev” tikə-tikə.
Külüylə əlləşdim sönən közümün.
Dünən də gəlmişdim ümidlə, bəlkə,
Sizin küçənizdə tapdım özümü.
Yaxşı ki görmədim sənin üzünü.
Qorxuram karıxam görəndə yenə.
Bilmək istəyirsən, deyim düzünü
O gecə hər şeyi dedim küçənə.
Bəlkə də, hər daşı tanıdı məni.
Daşların yaddaşı tanıdı məni.
Tək bircə küçənin tinində duran,
Kimsəsiz qaraçı qınadı məni.
Büzüb dodağını qısdı səsini,
Ovcuna pul basa bilmədim deyə.
Ovcuna bassaydım cibimdəkini,
Pul tapa bilməzdim evə getməyə.
Əllərim üşüdü soyuqda bəzən
Buxardan sulandı sizdə aynalar.
Tək soyuq deyildi mənu üşüdən,
Əlimi cibimə salsam lap donar.
AĞ KAĞIZLAR
Qarşımdakı ağ kağız
Bir azdan dogma olacan
Mənə övladım kimi,
Sevdiyim qadın kimi.
Təzə şeir doğulacaq
ağ sinənə
Mənim qəlbim boşalacaq
Çəkiləcək dağ sinənə.
Başlayacam neçə dəfə oxumağa
Düzəltməyə orasını,burasını.
Duyacaqsan öz içində iti uclu,
Qələmimin ağrısını, acısını..
O cızdıqca ağ sinəni
Misraların arasından qan sızacaq.
Mürəkkəbə qarışaraq
Otağıma qan qoxusu yayılacaq.
Diksinəcəm qəfil mən də,
Barmağımda qan görəndə.
-“Bu qan hardan axır belə?
Ağ kağızın sinəsi lap dönüb selə..”
Qoşulacam mən də sənə,
Ağlayacam uşaq kimi.
Hayqıracam ürəyimin boşluğuna
- Mən tənhalıq şairiyəm
Ağ kağızlar qatiliyəm!
Verin mənə qara kağız.
Qoy tənhalıq nəğməsini ona yazım.
İstəmirəm ağ kağıza qara salım.
Ağ kağızlar sinəsinə yara salım.
Ağ kağızdan gəmi qurum.
Yelkən açsın arzulara...üzüb getsin.
Çərpələngtək bir uşağın barmaqları arasından
Sevinc ilə süzüb getsin..
Ağ kağızlar məktub olsun
Sevənlərin arasında
Qanadlansın arzulartək,
Xoş xəbərdən sevinərək.
Ağ kağızlar ümid olsun ağ gün üçün.
Sizin üçün..bizim üçün..
Xoşsoraqlı qaranquştək
Hər görəndə coşsun ürək.
Şairlərə budur sözüm.
Üz tuturam hamınıza.
Həsrət, kədər şeirləri
Yazılmasın ağ kağıza.
VAXT HAQQINDA BALLADA
Vaxtı bada verənlər
Ən böyük ziyandadır.
Var olmağın sirri də,
Yox olmağın sirri də,
Bu axan zamandadır.
Bir şüşənin altında,
Sirli oyuncaq kimi,
Üç dəcəl uşaq kimi
Fırlanıb dövrə vurur,
O hər şeyi, hamını
Qatıb önünə qovur…
Rəqəmlərin üstündən
Sürətlə ötüb keçir.
Hər ötdükcə ömürdən,
Bir kərpic söküb keçir.
Ona çata bilmirəm,
Onu tuta bilmirəm.
Fırlandıqca ömürdən,
Mən ha ki itirirəm.
Bilmədən bu oyunda
Ömrünü biçir insan.
Zamanın xəlbirindən,
Ələnib keçir insan.
Qayğısız uşaqlığım,
Əridi, axdı getdi.
O fırlandı, gəncliyim
Dalınca baxdı, getdi.
Zaman qədər dəyərli,
Nə var axı dünyada?
İnsan bilmir qədrini,
Öz əlində olsa da.
Gəncliyində deyinir
Vaxtın getmədiyindən.
Yaşlandı gileylənir
Vaxtın yetmədiyindən.
Tapa bilmir zamanla
Uyuşmağın yolunu.
Neçə arzu,kamının
Zaman kəsir qolunu.
Tapa bilmir özünü,
Tapa bilmir yerini.
Şələləyir belinə
Dünyanın dərd-sərini.
Ötüb keçəndən sonar,
Kədərin nə faydası?
Min təəssüf, min heyf
Nəyi geri alası?
Ötüb keçən anın da
Qədrini bilmək gərək.
Hər şeyi zamanında
Vaxtında etmək gərək.
Bu zamanın nəbzini
Tuta bilsən, sənindir.
Zamandan geri qalsan,
Zaman sənə qənimdir.
ŞƏKİ