manera.az
manera.az

Öyrətməyin, göstərin! - MANERA.AZ

Öyrətməyin, göstərin!  - MANERA.AZ
manera.azmanera.azmanera.az
Rüzgar Mövsüm


Danışmağa nə var? Eh, dilin ki, sümüyü yoxdur?! Dediyin vəd yalan çıxanda da, dili verirsən qabağa ki, bəs vallah, billah, mən elə şey deməmişəm, mənim xəbərim yoxdur. Yazıq dil...

Dil demişkən, bilirsiniz də, bizimkilər də dildən çox iti olurlar axı. Təəssüf ki, əməldən də küt... Hamı danışır, dərs verir, məsləhət verir, nəsə öyrədir... Baxmayaraq ki, özləri bu dərsdən, məsləhətdən heç bir şey öyrənməyiblər...

Cəmiyyət iki əks cinsin birləşməsindən yaranır və davam edir, bu çox adi və həm də mürəkkəb məsələdir. Hər nə olursa olsun, bu belə olub, belədir və elmin inkişafına, süni doğuşların çoxalmağına baxmayaraq bu təbii proses daha çox üstünlük təşkil edəcək. Yoxsa siz mentalitet aşiqi valideyinlərin “Səni dükandan almışıq” hekayələri ilə böyüyənlərdən və daha sonra bu “hekayələri” övladlarınıza danışanlardansınız? Ay-hay...

Görünür, böyük adamlar balaca adamları hələ də sevir və bu balaca adamların dünyaya təbii yolla gəlməsini istəyir. Əslində böyük adamlar balaca adamları istəməsəydi, həyat durardı. Bu balaca adamların da böyük-böyük rolları olur. İşə bir bax...

Amma iş bununla bitmir. Hər şey təkcə nəsil artırmaqla bitsəydi, nə vardı ki? Bəs bu yeni adamların təlim-tərbiyəsi? Həyat dərsi? Təcrübə proqramı? Mən klişe ənənələrdən danışmıram, mən nəsilbənəsil davam edən xroniki tərbiyə növündən danışmıram, mən balaca adamlarınızın dövrlərinə uyğun olaraq ehtiyac duyduqları məsləhətlərdən danışıram. Sual verən uşaqlar sizi qorxudur? Bəs nə bilmişdiniz? Elə bilirsiniz balaca adamların məsuliyyəti də balaca olur? Ciddi deyirəm, özünüz hələ balacasınızsa, balaca uşaq düzəltmək kimi böyük işə baş qoşmayın. Baş varsa...

Bizim cəmiyyətdə dünyaya göz açan balaca adamlar onlardan öncə gələn adamların yaşam tərzi ilə ömür sürməyə məhkum olurlar. Yeni adamlar olur köhnə adamların klonu, nüsxəsi, təkrarı... Davamı deyil, sanki keçmişi... Və biz beləliklə yavaş-yavaş gedirik, geriyə gedirik... Gələcək isə gəlmir. Uşaqların əlindəki “Iphone”ları saymasaq...

İnsanlar təbiətlə, öz orqanizmləri ilə harmoniyada yaşamalıdırlar, təbiətdən, bir-birilərindən aldıqları müsbət enerjini özlərində bir az da çoxaldaraq balaca adamlara ötürməlidirlər. Aqressiya yaradan istər dini, istər milli qaydaların yeri zibillikdir. Bu manipulyasiya vasitələrindən üstün olun ki, onlar sizi altlarına salıb əzməsin... Ya da əzilmişlər ordusuna qoşulun, əzilin...

Normal yaşam üçün normal adamlarla əhatə olunmalısan. Həmin o normal adamlara da normal tərbiyə verilməlidir ki, normal olsunlar. Anormal adamlarla, tərbiyəsi pozuq adamlarla birlikdə yaşamaq adamın bütün sağlamlığını tədricən sıradan çıxarır. Nəcisli suyun axarı ilə üzsən, nəcisli olacaqsan, atam balası. Əgər özün nəcis deyilsənsə təbii ki...

Bizim bəzi bədbəxt kişilərimiz ömürlərində nəinki qadınla normal həyat yaşamayıblar, hətta onların qadına maksimum yaxınlıqları ancaq avtobusda, metroda basabas vaxtı olub. Qadına da yaxın olmayan qadını haradan tanısın ki?.. Onun nə istədiyini nə bilsin ki?.. Qadın nəvazişi görməyən adam qadını haradan duysun ki, onu bütün qəlbi ilə sevə bilsin? Sonra deyirlər ki, kişilərimiz acgöz və vəhşidirlər. Əzizim, bu insan nə yatdı ki, nə yuxu görsün? Nə vaxt normal qadınla təcrübə qazandı ki, indi də ondan alicənabcasına “podxod” gözləyirsiniz? “Podxod”e...

Hər şey ailədən və tərbiyədən asılıdır, cəmiyyət isə ailələrin cəmidir... Ailə ailədirsə... Bütün bu kələfin içində bizə düşən öhdəlik qızlarımızı qadın kimi, xanım kimi, oğlanlarımızı alicənab, kişi kimi böyütmək və onları cəmiyyətə buraxmaqdır. Biz isə bunun əvəzində övladlarımızı mental qaydalarla, sağlam prinsiplərdən çox uzaq olan rituallarla yönəldirik, bu isə hazırki vəziyyətin olduğu kimi qalmasına, dəyişməməsinə gətirib çıxarır. Biz sual verən övladlarımıza hələ də nağıl danışırıq...

Nə deyirlər desinlər, qadınlar kişilərdən asılıdır, eynən kişilər də qadınlardan asılı olduqları kimi. Bunu təkzib edən adamlar isə artıq ciddi psixoloji pozğunluqları olanlardır. Kişi kişi olmaq üçün əsl qadın nəvazişi görməlidir, qadın qadın olmaq üçün əsl kişi qayğısını hiss etməlidir.

Siz qızlarınıza qadın olmağı öyrətməyin, qadın olmağı göstərin, oğullarınıza kişilikdən dəm vurmayın, kişi kimi yaşamağı göstərin! Kişi olmağı göstərin!

Yoxsa bunu bacarmazsınız?..


MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031