Karyeranı qucaqlamaq... | MANERA.AZ
Qadın ve karyera sözləri bir arada çoxları üçün qorxunc görünür, xüsusi ilə kişilər üçün. Onlar düşünürlər ki, qadına ənənəvi “mətbəx və məişət qayğıları” sxemi üzrə baxmaq lazımdır. Mən bunun qəti şəkildə əleyhinəyəm. Qadın da kişinin etdiyi işlərin öhdəsindən gəlməyi bacarar, hətta bu onda kişilərdən daha yaxşı alınar. Məncə, hər bir qadının buna potensialı çatar və düşünürəm ki, intellektdə, məqsədə çatmaqda və pul qazanmaqda qadın kişi ilə eyni hüquqlara malikdir. Əfsuslar olsun, biz elə bir cəmiyyətdə yaşayırıq ki, bu gün çox az qadın öz hüquqlarından xəbərdardır. Diqqət etsək, onların 90%-i özünə karyera qurmuş xanımlardır.
“İş, yoxsa ailə?” bəziləri üçün problemli sualdır. Bu sual məşhur aktrisa Merilin Monronun bir deyimini yadıma saldı:”Karyera qurmaq möhtəşəmdir! Amma soyuq gecələrdə karyeranı qucaqlayıb yatmaq olmur”. Bəlkə də çox açıq səslənən fikirdir, amma istənilən qadın üçün bu bir həqiqətdir. Qadına öncəliklə xoşbəxt ailə lazımdır, lakin müxtəlif səbəblərə görə bu alınmaya bilər. Onda qadın bütün gücünü karyeraya yönəldir. Yaxud cəmiyyətimizdə elə qadınlar da var ki, çox böyük potensiala sahibdirlər. Həm ana, həm ailə sahibi ola bilir və eyni zamanda karyera da qura bilirlər. Bax, bu, əsl qadın duruşudur. İkisinin öhdəsindən gəlmək çətindir bəlkə də. Qadın zərif məxluqdur, amma əsla zəif deyil. Fikrimcə, qadınlar bir növ zamana rəhbər kəsilməli, zaman mövzusunda çox həssas davranmalıdır. Həm iş, həm də ailə həyatını tarazlamaq vacibdir. Evdə ana, qayğıkeş yoldaşdırsa, işdə də bir o qədər peşəkar olmalıdır. Buna görə də yüksəlmək istəyən hər qadın planlamağı öyrənməli və mövqeyini yaxşı ayırd etməlidir.
Hər hansı bir sahədə müvəffəqiyyətli və lider olmuş qadınları araşdırsanız, birmənalı şəkildə onların öhdəlikləri olan xanımlar olduğunu görərsiniz. Məncə, qadın məsuliyyət və təşəbbüs almaqdan çəkinməməlidir, çünki məsuliyyət hər sahədə müvəffəqiyyətin açarıdır. Vay o günə ki, karyera yolunda sənə dəstək olacaq həyat yoldaşına sahib deyilsən. Davalı və gərgin mühitdə müvəffəqiyyətli olmaq çox çətindir. Ailədə yaşanan adi bir stress o dəqiqə iş həyatımıza da təsir edir. Yəqin ki, qadın psixologiyasını bilən hər kəs razılaşar mənimlə, çünki bu hal qadınlarda daha çox özünü büruzə verir.
Seçimini düzgün nişan almalıdır qadın. İşini və ilk olaraq həyat yoldaşını. İndi şahidi oluram gənc xanımların çoxu “qonşudan geri qalma” prinsipi ilə addım atırlar. Ərə getmək xatirinə hətta karyeranı da hədər verirlər. Ərə getməklə ailə qurmaq eyni deyil, mənim fikrimcə. Boşanmalar artıq bu gün adi məsələyə çevrilib. Cəmiyyət mənəvi və əqli cəhətdən böhran yaşayır deyərdim. Ailə əsadır qadına, tutunmasa büdrəyər. Karyera isə maşın kimidir. Maşın qəzaya düşəndə sən çolaq qala bilərsən. Bu zaman əlində tutmağa əsa yoxdursa, deməli, heç vaxt güclü qadın olmamısan. Gərək qadın o qədər iradəli və əzmli ola ki, özü ayağa qalxa bilə. Bunu bacara bilən xanımlar var, bacarmayanlara isə taleyin qurbanı deməzdim. Bəzən qurban məsələsində bizim rolumuz daha çox olur.
Yüksəlmək istəyən qadın özünü tanımalı, xarakterini, güclü və zəif cəhətlərini bilməlidir. Heç bir zaman "kişi kimi qadın" fikri ilə razı ola bilmədim. Bu, o deməkdir ki, sən bir növ razılaşırsan kişi daha güclüdür. “Qadın kimi güclü qadın” olmalısan, zəriflik də öz yerində. Onu da deyim ki, xanımlar hər zaman müsbət aurada olmalı, ətrafa da bunu yansıtmalıdırlar. Bu, eyni zamanda qadın olmağın əhəmiyyətli bir üstünlüyüdür, çünki onlar müsbət düşünməyə daha uyğundurlar. Dahi Hüseyn Cavid əbəs yerə deməyib :“Qadın gülərsə şu issız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək.” Müsbət duyğular həm hədəfə daha sürətli yönəlməyi təmin edər, həm də əkilən müvəffəqiyyət toxumlarının cücərməsini sürətləndirər.
MANERA.AZ