Professor Buludxan Xəlilov vəfat edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov vəfat edib.
Manera.az xəbər verir ki, tanınmış alim 55 yaşında onkoloji xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, Buludxan Xəlilov 1966-cı ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Ellərkənd kəndində anadan olub. 1990-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərində "C.Cabbarlı" adına olan yüksək təqaüdlə oxuyub.
1992-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyası müdafiə edib. 1994-cü ilin mart ayından müsabiqə yolu ilə Müasir Azərbaycan dili kafedrasında müəllim, 1996-cı ilin may ayından dosent, 2001-ci ilin iyul ayından professor vəzifəsində çalışıb. 2006-cı il may ayının 12-də filologiya fakültəsinin dekanı seçilib. 2011-ci ilin sentyabr ayının 30-da yenidən dekan vəzifəsinə təyin olunub.
B.Ə.Xəlilov 1990-cı ildən məzunu olduğu Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərib.