manera.az
manera.az

Nə cürdür badənin zövqü, bunu hüşyar olan bilməz - Qəzəllər

Nə cürdür badənin zövqü, bunu hüşyar olan bilməz - Qəzəllər
MANERA.az "Azərbaycan qəzəli" layihəsində "Müasir Əruz Klubu"nun (Əruz Xanəgahı) üzvü Əşrəf Pirşağalı​nın qəzəllərini təqdim edir:

***
Gəlsəydin əgər canım üzülməzdi, əzizim!
Həsrətdə qalıb könlüm əzilməzdi, əzizim!

Səndən əl üzüb, üzməz idim qəm dənizində,
Xoş ​ günlərə ​ ümmidim ​ üzülməzdi, əzizim.

Süzgün​ baxışından​ üzümə​ nur süzülərdi,
Ağlar​ gözümün​ yaşı​ süzülməzdi, əzizim.

Vəslinlə şəfa tapmış idim bəlkə də çoxdan,
Pirlərdə​ mənə​ çarə​ gəzilməzdi,​ əzizim.

Ağır​ desəm​ ağırlığını​ dərk​ eləməzsən,
Hicrində günüm öylə dözülməzdi, əzizim.

Əşrəf yenə məcburdu xəyalınla danışsın,
Gəlsəydin əgər canım üzülməzdi, əzizim!...


***
Əsiri-zülf olan könlüm, de gəlsin şanədən-zaddan,​
Cəmaət ad qoyar axır, bizə divanədən-zaddan.

Yanardıq atəşi-şəmə, olardıq qəmdən asudə,
Heyif ki, olmadıq dünyadə bir pərvanədən-zaddan.

Demə Fərhadü Məcnundan, olardan artığam bəlkə,
Tapıb bir özgə həmsöhbət, danış əfsanədən-zaddan.

Nə cürdür badənin zövqü, bunu hüşyar olan bilməz,
Bu dünya ləzzətin sən get soruş məstanədən-zaddan.

Təbibdə çarə yox, Əşrəf, nə​ pirdə bir kəramət var,
Özün qıl başıva çarə, tapıb meyxanədən-zaddan.


***
Könül, o eşq də, canan da qaldı keçmişdə,
Ümid də, möhnəti-hicran da, qaldı keçmişdə.

Fəraqə dözməyə​ canımda tabü taqət də,
Vüsalə yetməyə imkan da, qaldı keçmişdə.

Zaman var idi ki, bülbüldük eşq bağında,
O gül də, naləvü əfğan da, qaldı keçmişdə.

Yeganə dərdimiz aləmdə hicr dərdi idi,
O dərd də, ona dərman da qaldı keçmişdə.

Cavanlığım geriyə dönməz, ey könül, bir də
İlişdi zülfi-pərişanda, qaldı keçmişdə.

Hər aşiqin özünün vaxtı var bu dünyadə,
Bizim zəmanə də, dövran da qaldı keçmişdə.

Həyatda itkimiz on qat qazancımızdan çox,
Əzizimiz neçə insan da qaldı keçmişdə.

Uzun zamandı ki, ilhama gəlmir Əşrəf də,
Qəzəl də qaldı, qəzəlxan da qaldı keçmişdə.


***
Dünyada könül, kaş biraz düzlük oleydi,
Düzgünlərə təzim eləmək bizlik oleydi.

Ey kaş, nigarım mənə bir namə yazeydi,
Mən qane olardım, bir-iki sözlük oleydi.

Hər zahiri məlum olanın, batini məchul
Batinləri də görmək üçün gözlük oleydi.

Dünya malını bəylər ədalətlə böləydiz,
Meyxanə mənim, yerdə qalan sizlik oleydi.

Peymanədə mey, bağdə yar, Əşrəf əcəbdi,
Təkrarı üçün cibdə də bir yüzlük oleydi.


***
Qurbanın olum, aşiqə az dərdü məlal ver,
Gün görsün o biçarə də, dünyadə macal ver.

Gah canı alırsan, mənə gah, canı verirsən,
Canım-gözüm, olmaz bu qədər, can ilə alvər.

Dünyada şirin şey nə olar yar sözündən,
Bir "can" de kifayətdi, nə şəkkər, nə də bal ver.

Məcnun niyə səhralarə düşmüşdü, soruşma,
Səbr eylə, qiyamət günü Leylayə sual ver.

Yarəb, axı neynir bu fəqir cahü cəlalı ?
Əşrəf kimi divanələrə, əqlü kamal ver.


***
Bica yerə yalvarmıram, ey dil, yara gündə,​
Salmış məni hicranına qoymuş qara gündə.

Əlbəttə ki rəhm eyləyəcək aşiqə canan,
Ancaq ona aşiq də gərək yalvara gündə.

Hər gün keçən o yolları güllərlə bəzərdim,​
Əfsus ki, olmur o qədər pul-para gündə.​

Bir gün yerim olsun deyirəm yar yanında,​
Mənsur kimi qoy məni çəksin dara gündə.​

Aləm deyir ol rəhmsiz afətdən uzaq gəz,​
Könlümsə deyir get onu axtar-ara gündə.​

Canan ki, çıxır seyrə bazar günləri bağı,​
Namümkün olubdur onu görmək ara gündə

Bir gün gələ ki, rəhmə gələ sevdiyi afət,​
Bəlk​ çıxa bir ağ günə Əşrəf qaragün də.


***
Qırdın aşiqlərini qalmadı sağ yüzdə biri,
Canı tapşırdı sənə dağda biri, düzdə biri.

Etmə heyrət bu qədər dərd ilə sağ qalmağıma,
O qədər möcüz olubdur ki bu möcüz də biri.

Oldu təslim fəraqində sevincim qəmimə
Ki, qalıbdır hələ batində biri, üzdə biri.

Aşiqin bülbül ilə fərqini isbat elədim:
Gecə eylər biri əfğanını, gündüz də biri.

Əşrəfa, böylə xəbər çatdı bizə Pirşağıdan,
Əlli yaşdan sora sevdayə düşüb sizdə biri.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031