manera.az
manera.az

Eşq dəryasıdı axır yeri sevda gəmimin - Arif Buzovnalının qəzəlləri

Eşq dəryasıdı axır yeri sevda gəmimin - Arif Buzovnalının qəzəlləri
Manera.az tanınmış qəzəlxan-şair Arif Buzovnalının qəzəllərini təqdim edir:

***
Ya könül munisim ol, ya can alan düşmənim ol,
Fərqi yoxdur, təki sən özgənin olma, mənim ol.

Qoyma könlüm gülü solsun payızın hökmü ilə,
Yaz ətirli nəfəsinlə əbədi gülşənim ol.

Eşq dəryasıdı axır yeri sevda gəmimin,
Məni bu mənzilə doğru aparan yelkənim ol.

Bədənim torpağa, ruhum sənə köçsün, ey gül,
Bu qiyamət qoparan qədd ilə son məskənim ol.

Səni versin mənə Allah, məni alsın məndən,
Eşq mülkündə ömür sürməyə canü tənim ol.

Arifəm, kuyinə qəsdim budu can əldə gəlim,
Məni yoldan çıxaran Adəmə, Ya Rəb, qənim ol.



***
Sənsizliyə tab eyləyə bilsəydi bu könlüm
Məcnun kimi gündüz-gecə çöllərdə gəzərdim,
Məcnun kimi çöllərdə gəzərdim və dözərdim.

Qəlbimdə əgər bilsə idim vəslə güman var,
Köksümdəki hər bir ucalan dağı çapardım,
Köksümdəki hər dağı çapardım və tapardım.

Olsaydı əgər mümkün o dünyaya gedəndə
Bir dəfə səni görməyimi arzu edərdim,
Bir dəfə səni arzu edərdim və gedərdim.

Getdin, nədi sevda qəminin zilləti bildim,
Gəlsəydin əgər sevgidəki zövqü bilərdim,
Gəlsəydin əgər zövqü bilərdim və ölərdim.

Bəxt ulduzumu olsa idi görməyə imkan,
Zülmətlər içindən özümə bir yol açardım,
Zülmətlər içindən yol açardım və qaçardım



***
O dilbilməz nigarə yoxdu bir kimsəm xəbər salsın,
Ki bu dilsiz- ağızsız aşiqə gəlsin nəzər salsın.

Məni səhraya çəkmə, ey cünun, ardinca getmişlər
Gedib xəlvət adıyla, az qalıb çöldə şəhər salsın.

Uyub qəddi- qiyamə sərvlərçün ömrü sərf etmə,
Çevir bir bağə dünyanı ki bar töksün, bəhər salsın.

Mağar qurmuş sinəmdə qəm qəm ilə izdivac eylər,
Deyin o bivəfa gəlsin, xələt versin, nəmər salsın.

Məni zəncirə vurmaqdırsa fikri, könlüm almaqçün
Heç olmazsa gələndə ya həmayil, ya kəmər salsın.

Vüsal afaqinə, nola, deyin ki o günəşmənzər
Dəyişdirsin yolun, bir dəfə məğribdən səfər salsın.

Düşüb elçi nigarım, şükr ki can istəyir məndən,
Tez ol, Arif, yubanma, çay gətir, yarım şəkər salsın.



***
Ləlinin yadilə qan tökmək cinayətdir məgər?
Ruhumun zindanı ləlindən ibarətdir məgər?

Səcdədə canı fəda etməkdi vəslin ayini,
Baş götürmək xaki-payindən ibadətdir məgər?

Göy yerə gəlmiş deyərlər, əl uzatsan dərdimə,
Hər görən qorxub sual eylər: qiyamətdir məgər?

Yarı görcək nitq qalmaz eşqi baliğ kimsədə,
Sözlə imanı sübut etmək bəlağətdir məgər?

Kölgəmizdən ar edib nurun təmənna etmədik,
Cahil olmaqdan həya etmək qəbahətdir məgər?

Bu fənanın qədrbilməzlərdi ən miskinləri,
Bivəfalıq, ey dil, insanlarda adətdir məgər?

Dosta zülm etməklə vicdanə əsir olmaqdı dərd,
Düşmənin zindanına düşmək əsarətdir məgər?

Əyri yerdən əyriyə baxmaq onu düz göstərər,
Çəp baxıb düz gördüyün düz istiqamətdir məgər?

Dindir, Arif, eşq bəzmində nigaran könlünü,
Cismü can qeydin çəkib susmaq səadətdir məgər?



***
Küsdümü səndən, görən, azadə çağlar, ey Vətən,
Dad edib ağlar səni sönmüş ocağlar, ey Vətən!

Torpağındır məlhəmi hicrində ağlar gözlərin,
Ağlama, çünki səninçün hamı ağlar, ey Vətən!

Çəkdiyi zülmü edib göz yaşı hər gündüz-gecə,
İsladır köksün əsir düşmüş bulağlar, ey Vətən!

Oldu viran vəhşi əllərdə çəmənlər, bağçalar,
Bayquşa mənzildi bülbülsüz budaqlar, ey Vətən!

Düzlərində gördüyüm al lalələrdir bir zaman,
İndi bu sinəmdəki həsrətli dağlar, ey Vətən!

Ölsə də düşmanə təslim etməyib öz yurdunu,
Qanlı torpağın şəhid canlar qucaqlar, ey Vətən!

Mən sənin uğrunda canından keçən bir əsgərəm,
Varlığın yalnız məni dünyaya bağlar, ey Vətən!

Arifəm, ey kaş görüm azad səni, xürrəm səni,
Var ola Amin deyən dillər, dodaqlar, ey Vətən!



***
Xəstəyəm can üstə, ey məndən nigaran, durma gəl,
Ey mənə “can” söyləyən, əldən gedir can, durma gəl.

Mən bəla mülkündəyəm, sənsə şəfa mülkündəsən,
Nola, əl kəsmə, ətək kəs, tap bir imkan durma gəl.

Bir baxış görsəm səni həq tövbəmi eylər qəbul,
Etmə məhşərdə məni zarü pərişan, durma gəl.

Daş kimi başım yarıb sənsizliyin qəm-qüssəsi,
Dadə yet ki vəslimi qətl etdi hicran, durma gəl.

Atəşində ömrümü yandırmışam pərvanə tək,
Sən də, lütf eylə, mənimçün bir dəfə yan, durma gəl.

Hər nəfəsdə çəkməyib ətrin, deyə, xain cigər
Yad edib vəslin tökər qan üstünə qan, durma gəl.

Söylədim ki, ey əcəl, al canımı, zalim dedi:
Alsın ol kəs ki veribdir qətlə fərman, durma gəl.

Öldü Arif, adət üzrə ölmüşə ehsan düşür,
Gəlməyindən özgə yox ruhiçün ehsan, durma gəl.



***
Yaxdın oda, ey qönçə, məni lal baxışınla,
Qarət elədin qəlbimi qumral baxışınla.

Zülmət gecədir könlüm evi, ey gözü şəhla,
Bəxtim üzünə bir yol işıq sal baxışınla.

Bir şahsən, ey yar, iki gözdür sənə ləşkər,
Əncam elə bir et məni işğal baxışınla.

Bax səmtimə, dəl bağrımı, sevdalınam, ey gül,
Can almağa meylin var isə, al baxışınla.

Dün rəhm elədin bir dəfə axir mənə baxdın,
Bilməzdim olar can belə bihal baxışınla.

Tök qanımı kirpiklərin ilə, məni şad et,
Sal qəlbinə biganələrin xal baxışınla.

Son dəfə qərib Arifə eşq ilə nəzər sal,
Bir ömür xəyalında belə qal baxışınla.



***
Aparıb əqlimi şövq ilə xəyalın necə gör,
Məst edər ruhumu bəs onda vüsalın necə gör.

Hüsnünə şahid olub nuruna qərq oldu cahan,
Günəşi göydə xəcil etdi cəmalın necə gör.

Asiman qaşını təqlid eləyib tutdu məqam,
Qübbeyi-ərşə sütun oldu kəmalın necə gör.

Vuraram nitqinin ahəngi ilə başə külüng,
Məni Fərhad eləyib tuti məqalın necə gör.

Əcəlim oldu dəlilim ki verim hicrə cavab,
Vəslətin qeydinə qalmışdı sualın necə gör.

Mən xumar dərd ilə, sən hüsnünə məğrur məxmur,
Bənzəyir halıma naz-qəmzəli halın necə gör.

Eşq təhsilini hüsnündə bitirmiş Arif,
Cəzb bəhsində qoyub nöqtəni xalın necə gör.



***
Gecələr sənsiz olunca yuxu getmir gözümə,
Səni sevməklə bu zülmü özüm etdim özümə.

Baxma vardır qəzəbim, canımı verrem onu bil,
Xoş baxış ilə əgər bir dəfə baxsan üzümə.

Quş olub uçdun əlimdən mən isə seyr etdim,
Sonra min ah ilə bica yerə vurdum dizimə.

Mən tək eşq əhli tapılmaz biləcəksən şəksiz,
Yad edib eşqimi bir gün düşəcəksən izimə.

Görəcəksən məni cansız quru səhra içrə,
Atəşim bir yana, həsrət qalacaqsan közümə.

Arifəm, eşqdə mən xətmi-kəlam eyləmərəm,
Hədd yox eşqimə, çün hədd tapılmaz sözümə.



***
Yenə göydən yerə sakitcə enir qar dənəsi,
Havada rəqs elədikcə deyinir qar dənəsi.

Soyudur torpağı qəlbindəki həsrət, həyəcan,
Küləyin buz nəfəsiylə isinir qar dənəsi.

Oxuyur eşqini bir şərqi tək azadəliyə,
Dinsə ancaq bu məhəbbətlə dinir qar dənəsi.

Yerə çatsa dönəcək göz yaşına yaxşı bilir,
Bu vüsaldan elə qorxur, çəkinir qar dənəsi.

Uzadır ağ əlini torpağa tənbəl-tənbəl,
Arzuya çatmağa sanki ərinir qar dənəsi.

Soyunur torpağa yetdikcə gəlinlik geyimin,
Su olub adi libasın geyinir qar dənəsi.

Arifin qəlbi alışdıqca yerin altında
Buxara döndüyünə çox sevinir qar dənəsi.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930