manera.az
manera.az

"Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi” qalibləri mükafatlandırıldı - FOTOLAR

"Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi” qalibləri mükafatlandırıldı - FOTOLAR
İyunun 17-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi tərəfindən ötən ilin oktyabrında elan edilən “Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi” qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Manera.az xəbər verir ki, tədbirin aparıcısı, Əməkdar artist Elşən Cəbrayılov müsabiqə haqqında məlumat verdi. Bildirdi ki, müsabiqəyə 321 əsər təqdim edilib. 53 əsər müsabiqə qaydalarına cavab vermədiyi üçün qəbul olunmayıb. Müsabiqədə “Peşəkar yaradıcı şəxslər” kateqoriyası üzrə 50, “Həvəskar yaradıcı şəxslər” kateqoriyası üzrə 193, “10-15 yaş arası uşaqlar” kateqoriyası üzrə 25 əsər iştirak edib. 268 əsərin 67-si esse janrı, 75-i hekayə janrı, 126-sı poeziya (nəzm) üzrə nümunələrdən ibarət olub. Müsabiqədə obyektivliyi və şəffaflığı təmin etmək üçün təqdim olunan bütün əsərlər və onların müəllifləri xüsusi şifrə ilə qeydə alınıb. Komissiyanın 9 üzvü tərəfindən əsərlərin mövzu, bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılıb və qaliblər müəyyən edilib.

“Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi” haqqında söz açan Mədəniyyət naziri Anar Kərimov qeyd etdi ki, müsabiqə xalqımızda hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi, Vətənimizin suverenliyi uğrunda Azərbaycan əsgərinin döyüş rəşadətinin və şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, gələcək nəsillər üçün II Qarabağ müharibəsi mövzusunda yeni bədii əsərlərin yaradılması məqsədilə təşkil olunmuşdu.

Müsabiqəyə ölkəmizlə yanaşı, Türkiyədən 2, Rusiyadan 2, İrandan 1 nəfər əsər təqdim edib: “Mən qalib olan əsərlərlə tanış oldum və diqqətimi xüsusi bir məqam çəkdi. İndiyə qədər bu mövzuda yazılan ədəbi əsərlərdə Vətən həsrəti, nisgil, kədər tərənnüm olunurdusa, bu əsərlərdə şücaət, məğrurluq, qürur və Zəfər hissi vəsf olunub. Əlbəttə ki, bu amil Vətən müharibəsində qazanılan şanlı Qələbənin yazarlarımızda yaratdığı qalib ruhla bağlıdır. Xatırlayırsınızsa, Azərbaycan Prezidenti Şuşa şəhərinin işğaldan azad olunması xəbərini xalqımıza çatdıran zaman Ordumuzun Vətən müharibəsində, məhz Şuşa şəhərinin azad olunmasında göstərdiyi qəhrəmanlığı xüsusilə qeyd etdi və bildirdi ki, gələcəkdə bu haqda hekayələr, romanlar yazılacaq. İnanıram ki, gələcəkdə bu qalib əsərlər əsasında serial və filmlər ərsəyə gələcək”.

Azərbaycan Yazıçılar Birliyinin katibi, müsabiqə komissiyasının üzvü Rəşad Məcid layihənin əhəmiyyətini yüksək qiymətləndirdi. Komissiyanın üzvü, Nizami adına Ədəbiyyat İnstitutu Uşaq ədəbiyyatı şöbəsinin müdiri Elnarə Akimova Mədəniyyət Nazirliyinə ədəbiyyata və sözə verdiyi dəyərə görə təşəkkür etdi.

Çıxışlardan sonra bədii qiraət ustaları Xəzər Süleyman və Sabirə Abdullayeva qalib əsərlərdən parçalar səsləndirdilər.

Daha sonra qaliblərə mükafatlar təqdim edildi. Mədəniyyət nazirinin müvafiq əmrinə əsasən, müsabiqənin “Peşəkar yaradıcı şəxslər” kateqoriyasında hər bir janr üzrə qaliblərə 1500, “Həvəskar yaradıcı şəxslər” kateqoriyasında hər bir janr üzrə qaliblərə 800 manat məbləğində pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olundu. “10-15 yaş arası uşaqlar” kateqoriyasında hər bir janr üzrə qaliblərə fəxri fərman və nazirliyin tabeliyində olan muzeylərə birillik ödənişsiz ziyarət kartı hədiyyə edildi.

"Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi” qalibləri mükafatlandırıldı - FOTOLAR






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31