Vətənpərvərlik mövzusunda ədəbi müsabiqə elan edildi
Azərbaycan Ordusunun döyüş meydanındakı rəşadətinin, igid hərbçilərimizin şücaətinin bədii nümunələrdə əks etdirilməsi üçün Mədəniyyət Nazirliyi tərəfindən vətənpərvərlik mövzusunda ədəbi müsabiqə elan edilib.
Nazirlikdən Manera.az-a bildirilib ki, müsabiqənin təşkilində əsas məqsəd xalqımızda hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərə milli həmrəylik və qəhrəmanlıq kimi ülvi hisslərin aşılanması, Vətənimizin suverenliyi uğrunda Azərbaycan əsgərinin döyüş rəşadəti və şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə gələcək nəsillər üçün yeni bədii mətnlərin yaradılması, yaradıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından müasir ədəbi əsərlərin yazılmasına stimul verməkdir.
Müsabiqə 3 ədəbi janr üzrə keçirilir: Hekayə, esse və poeziya.
Hekayə janrı üzrə müsabiqənin mövzusu hərbi vətənpərvərlikdir.
Müsabiqəyə 20.000 (iyirmi min) işarədən artıq olmayan hekayələr qəbul olunur. Hekayənin mətni üçün tələblər - şriftin qarnituru “Arial” 12, sətirlər arası interval 1, faylın formatı “doc.” A4.
Esse janrı üzrə yazılar “Qarabağdan namə” mövzusunda olmalı, mətnin həcmi 700 sözdən çox olmamalıdır.
Poeziya (şeir) janrı üzrə əsərlər istiqlaliyyət və milli ruhun tərənnümü, Qarabağ müharibəsi mövzusunda olmalıdır. Müsabiqəyə iri həcmli nəzm əsəri (poema) qəbul olunmur.
Hər bir janr üzrə əsas qaliblərə (9 nəfərə) fəxri diplom və 1500 manat pul mükafatı təqdim olunacaq.
Hər bir janr üzrə həvəsləndirici qaliblərə (9 nəfərə) xüsusi diplom və 800 manat pul mükafatı təqdim olunacaq.
Müsabiqəyə esse və şeirlərin qəbulu üçün son tarix 25.11.2020, hekayələrin qəbulu üçün isə 30.11.2020-dir.
Müsabiqənin mükafat fondu 20 700 (iyirmi min yeddi yüz) manatdır.
Əlavə məlumat üçün əlaqə nömrəsi: (012) 493 42 94
İştirakçılar tərəfindən əsərlər nrtis@mct.gov.az elektron poçt ünvanına göndərilməlidir.