manera.az
manera.az

Köksümdə məhəbbətdən oyanmış bir ürək var - Qəzəllər

Köksümdə məhəbbətdən oyanmış bir ürək var - Qəzəllər
MANERA.AZ "Azərbaycan qəzəli" layihəsində Əşrəf Fəxrinin qəzəllərini təqdim edir:

***
Ömrlərdir aşiqəm mən ol ləbi-canpərvərə,
Tutiyi-könlüm əzəldən meyl salmış şəkkərə.

Bağrımın qanın çəkər yaşim, pozulsun qorxuram
İsmi ki, qan ilə yazdım ilk gün bu dəftərə.

Qamətin seyr eyləyib saldın məni qovğalarə
Eybi yox, qovğamız, ey dil, sənlə qalsın məhşərə.

Oynadar cismi-zəifim mütribin xoş nəğməsi,
Öylə ki, yel çör çöpü, yerdən göyə, göydən yerə.

Gün dönür, bülbül oxur, gül xəndə olur, su rəvan,​
Məclisi-dəhr içrə bir sərməsti-hüsnündür hərə.

Ver, İlahi, əşrəfi-əsrin fəraqindən əman
Həm Məcidü Fəxriyə, həm Rüstəm ilə Azərə.


***
Qəmindən, ey gözü ahu, yolunda ol qədər durdum
Ki sandım burda xəlq oldum budur axır-əzəl yurdum.

Süpürdüm yollarından düzdüyüm cismü dilü canı,
Yığıb bu çör-çöpü bir atəşin ah ilə yandırdım.

Başım açdım, yaxam cırdım, yüyürdüm, çölbəçöl gəzdim,
Səni hər bir səsə boylandım u hər kölgədən sordum.

Yanan tənlə yatan bəxtim gözün gün tək qamaşdırdım,
Onu bir hicr şamı vəsl sübhiyçün oyandırdım.

Qiyamət səhnidir, ey dil, qədi sərvim qiyam etmiş,
Əlimdən tut ki, bir ömrü səninlə durdum-oturdum.

Bir anda, Fəxri, yüz cür gövhəri-gənci-nihan gördüm
Nəvai vü Füzuli bəhrinə ol dəm ki baş vurdum.


***
​Dərdə düşmüş könlümün dərmanı sənsən, ya Əli,​
Hər bəladan hifz edən insanı sənsən, ya Əli.​

Olmasan çıxmaz günəş, axmaz sular, əsməz külək,​
Cismdirsə külli-aləm, canı sənsən, ya Əli.

Hüsnün istər, eyləməz cənnət təmənnasın könül,
Əhli-eşqin cənnəti-rizvanı sənsən, ya Əli.

Kimdi ki, qoymuş ayağın çiyninə peyğəmbərin?
Ey vücudim məqdəmin qurbanı, sənsən, ya Əli.

İxtiyarım səndədir, ey insü cinnin sərvəri,
"Ya Əli" dersəm dedirdən anı sənsən, ya Əli.

Cəngi-Siffində görüb Quranın övraqin qaçan
Bilməz oldu kamilən Quranı sənsən, ya Əli.

"Ya Əli"dir könlümün ilkin sözü, son kəlməsi,
Fəxridir ki, bir qulun sultanı sənsən, ya Əli.


***
Könül ki, yar əlindən aldı cami
Məlamidir, məlami.

Gözü məndə nə din qoydu, nə iman,
Həramidir, hərami.

Bəlalər çəkməyim “qalu bəla”nın
Dəvamidir, dəvami.

Nə dersəm əvvəlində, axirində
Səlamidir, səlami.

Pərişanlıq könüldə bir pərinin
Nizamidir, nizami.

Ruku, səcdə, təşəhhüddən muradım
Qiyamidir, qiyami.

O şahi-ənbiyanın Fəxri kəmtər
Qulamidir, qulami.


***
Niqabi-qeybdə bir gülüzarımız vardır,
Hər an xəyalı ilə növbaharımız vardır.

Könül gözüylə görənlərdən özgə fəhm etməz,
Fərəhlər içrə nə cür intizarımız vardır.

Yox ixtiyar deyək ixtiyarımız yoxdur,
Əlində bir sənəmin ixtiyarımız vardır.

Düşüb axarına göz yaşının axıb getdik,
Şükür ki atəşi-qəmdən firarımız vardır.

Yüz eylə həmlə, fəqih, verməriz könül sirrin,
Sənə nə borc, nə də etibarımız vardır.​

Könül bir ömr vəfa nəğməsin çalır, Fəxri,
Görən də zənn eləyir ahu-zarımız vardır.


***
Köksümdə məhəbbətdən oyanmış bir ürək var,
Gözdən könülə körpü salan arzu-dilək var.​

Arxamda təravətlə bürünmüş qoca keçmiş,
Qarşımda məşəqqətlə bələnmiş gələcək var.

Miskin bir ümidnən əl uzatdım boşa çıxdı
Göz gördüyü hər yoxluğu zənn eyləyərək var.

Çıx seyr elə gülzarı ki, ruhum təzələnsin,
Öpsün qədəmindən nə qədər tazə çiçək var.

Dil-dil ötüb hicrində dili-zarə dil olduq,
İndi bu dilin dərdini dildarə demək var.

Çün eşqdən insan tapıb əvvəldə təkamül,
Eşq olmasa insanlığa, Fəxri, nə gərək var.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123456
78910111213
14151617181920
21222324252627
282930