Könlüm yanıb hicrində vüsal atəşi ilə - Elman Nadim
![]()
MANERA.AZ "Azərbaycan qəzəli" layihəsində Elman Nadimin qəzəllərini təqdim edir..
***
Gəl, ey ömrümün baharı, gəl, ömür xəzanə döndü,
Qəmin ilə qönçələr tək dili-zar qanə döndü.
Göyə doğru qalxdı ahım oxu sərv qamətin tək,
Qaşının misali qəddim bükülüb kəmanə döndü.
Sənə doğru gəldiyim an, səni doğru bildiyim gün,
Nəyi doğru bilmiş idim dəyişib yalanə döndü.
Yox imiş bu bivəfadə nə vəfa nə bir vəfalı,
Bu fənadə yaxşı sandım kimi ki, yamanə döndü.
Nə xəyalım oldu gerçək, nə yetişdi kamə könlüm,
Nə muradim ilə Nadim dolanıb zəmanə döndü.
***
Gül açdı laləzardə, könlüm açılmadı.
Əfsus bu bahardə könlüm açılmadı.
Hicrində çeşmə tək gözümü açdı ruzigar,
Vəslinlə ruzigardə könlüm açılmadı.
Göz görmədi cəmalını, qəlbim xoş olmadı,
Göz qaldı intizardə, könlüm açılmadı.
Zəncirə bənd olan dəli-divanələr kimi,
Bağlandı zülfi-yardə könlüm , açılmadı.
Nadim, düyün-düyün açılır yanmaq ilə şəm,
Yandıqca amma nardə könlüm, açılmadı.
***
Saqi, əlinin qurbani gəl mey süz əyağa,
Ev sahibi mey təklif edər çünki qonağa.
Görsəm ürəyim dağlanır o lalə yanağı,
Baxsam soluram gül kimi o qönçə dodağa.
Ey mah, qürüb etdi günəş hüsnünü görcək,
Yox ehtiyac əlbətdə ki, gün cixsa çırağa.
Zülfünlə üzün fikrini çəkdim gəcə-gündüz,
Gah qatdım ağı qarəyə, gah qarəni ağa.
Nadim, seçə bilmirsən hələ ağı qaradan,
Bu əqlilə sən çox gedə bilməzsən uzağa.
***
Soldu ürəyim qönçəsi səndən gülüm ayrı,
Sənsiz qara gəldi günüm ayrı, ilim ayrı.
Hicrin ilə fəryadə gəlib ağlaram hər dəm ,
Vəslin diləyər çün, gözüm ayrı, dilim ayrı.
Ölsəm də mənimsən, diri qalsam da mənimsən ,
Səndən məni əsla sala bilməz ölüm ayrı.
Könlüm yanıb hicrində vüsal atəşi ilə,
Köksümdə qalanmış közüm ayrı, külüm ayrı.
Gah könlümü, gah sinəmi yaxdı oda eşqin,
Yanmaqdadı Nadim, içim ayrı, çölüm ayrı.
MANERA.AZ