Düz əhdinə, ilqarına aşiqəm - Şeirlər

Manera.az Mehti Kamiloğlunun şeirlərini təqdim edir:
Ondan
Bu gecəsə gətir, Allah, yuxuma,
Söhbət edək, tutum hal-əhval ondan.
Gətirməsən, heç olmasa, xətrimə
Hər necədir, özün xəbər al ondan.
Xəbər alsan, unudulmayım gərək,
Biləm ki, eşqimlə döyünür ürək,
Sevilirəm yenə də əvvəlkitək
Qəlbiməcə bir rahatlıq sal ondan.
Güc toplayım, dağıdım əngəlləri,
Tez qovuşaq biz məhəbbət dəlləri,
Sığallasın qoy məni yar əlləri,
Yadigardır qurduğum xəyal ondan.
Aşiqəm
Səni niyə sevdiyimi soruşma,
Qaş-gözünə, rüxsarına aşiqəm.
Məndən ötrü doğulduğun o qışın
Soyuğuna, yanvarına aşiqəm.
Yaman açdın bu şairin eynini,
Zəbt elədin ürəyini, beynini.
Lap qızıldan geyin indi əynini,
Mən göyrəngli paltarına aşiqəm.
Nə olsun ki, eşq yandırıb, közüm var,
Sevirəmsə, iradəm var, dözüm var.
Başqasında nə könlüm, nə gözüm var,
Ruhumun öz oxşarına aşiqəm.
Kimdir mənim könlümə yar? Sənsən, sən,
Aləmə qoy edim ki car, sənsən, sən.
İnandığım tək biri var - sənsən, sən,
Düz əhdinə, ilqarına aşiqəm.
O
Çiçəklərin ən gözəli - sevgilim,
Nəfəsimə hopan qoxu onundur.
Necə deyim: "Qızılgülümsən mənim"?
Qulağa xoş isim axı onundur.
Yazılmış o, bu könlümə yar mənim,
Doğulduğu qış mənimdir, qar mənim.
Bilməm, neçə illik ömrüm var mənim,
Nə qalmışsa, azı-çoxu onundur.
Yaranmışam, məhəbbətə dadanım,
Sevgi alovunda elə hey yanım.
Eşq yuxusu... İstəmirəm, oyanım,
Gözlərimi tutan yuxu onundur.