Yad eyləsəm gər ol gül ilən vəsl çağların - Qəzəllər
![]()
MANERA.AZ "Azərbaycan qəzəli" layihəsində Seyyid Əsrinin qəzəllərini təqdim edir:
***
Könlümdə açdığın yaranı dağlamazmısan
Öz xanənin məgər qapısın bağlamazmısan
Sən ağladıqda mən ölərəm görsəm ey gözüm
Mən öldüyümdə sən görəsən ağlamazmısan
Ey çeşmimiz çirağı bizi ağladıb dəxi
Nuru sönük çirağımızı yağlamazmısan
Yad eyləsəm gər ol gül ilən vəsl çağların
Ey qanlı yaş yaz seli tək çağlamazmısan
Əsri bu misrə` ilə mənim bağla beytimi
Öz xanənin məgər qapısın bağlamazmısan
***
Ey aşina nədən belə biganələşmisən
Əğyar birlə olmaya həmxanələşmisən
Cingildəmiş qulağlərim ğeybətim qırıb
Xəlvət rəqiblərləmi peymanələşmisən
Məcnunəm adəm içrə səni şe'r şişəmə
Sallam görərsən ey pəri əfsanələşmisən
Çox rənclər bəhasinə bir gənci ey könül
Qoynunda saxladın deyə viranələşmisən
Rəhmət yağışı tək o qədəmdən düşən türab
Əhli-nəzər gözümdə nə dürdanələşmisən
Ey çərx yaxşı bax mənə son dönməz aşiqəm
Ahım çirağı dövrünə pərvanələşmisən
Zəncirə vurmur it yerinə qoymayır neçün
Əsri o burmatel səni divanələşmisən
***
O iz məzarim o başmağ məzar daşım ola
Həyat əhli verər can məzardaşım ola
Yolunda can-baş ilən hazirəm nisar ü fəda
Bu canım ol izə ol başmağa bu başım ola
Məhəbbət içrə riyadən gərək desəm sovuşum
Həbib ilən sevişim gah gəh savaşım ola
O odlu güzgü önündə gümüş də sudu mənim
O yüzdən ah ki simab tək təlaşım ola
Kürəkdə qanlı qəmən sarı qalibim qıvıra
Olam qızıl üzüyün al əqiq qaşım ola
Günün sonu görəm ol xalı qarə mərdüm tək
Ki dövlət ulduzı qarə şahı məaşım ola
Fəqir Əsriyə kim bəng ü badə verməzlər
Bəsimdi gər qatı ahimlə qanlı yaşım ola
***
O tifli bu qocanın həm olur görmək qucağində
Qurumuş bir ağacın olsa gər növbər budağində
Nədir mollabeçə bilməz ki müğbeççəylə oynaşmaq
Çıxır mehrab bətnindən qalır minbər qucağində
Xəyal eylər ki miskin şeyx açıbdır ehtiras ilən
Həman ol gənci ki gizlin bulub pozğun yatağində
Ətəkdən çırpdığın tozdan təbərrük ver gözə ey şəh
Qəra mərdüm qırıntıyçün gəzir süfrən qırağində
Çün ol cani qılıncından şəhadət şərbətin içdim
Gözüm ey Xızr yoxdur ta əbəd dirlik bulağində
Könül qazması ilən köks dağin şur Fərhadi
Çapır ol çeşməni çəksin ki var şirin dodağində
Qılır Əsri pərişan aləmi kakül həvasiylə
Dəli ahin gərəkdir yaş zənciri əyağində
***
Aç yüzün də`viyi-hüsn et qızara ta güllər
Tök telin bir də həsəddən dağıla sünbüllər
Nalədə itləri ilə tək ötüşməkdə könül
Səsinə münsif olub səs verin ey bülbüllər
Can quşum tən qəfəsin bir nəfəs ah atəşinə
Yandıra bilmədi başinə ələnsin küllər
Nə ağır uyquya getmiş oyadın meysatanı
Gəlmişik süftə edək biz ayağı yüngüllər
Qıvrılırsan gecələr Əsri ilanvurmuştək
Yoxsa qatmış yuxuna zəhr o qəra kaküllər
MANERA.AZ