manera.az
manera.az

Bizi bağışlayıb gedən nakam şairlər..

Bizi bağışlayıb gedən nakam şairlər..
Onlar bu dünyada qocalanadək yaşaya bilmədilər. Ömürlərinin baharında biri özü seçdi getməyi, birini isə qəfil qəza apardı.

Amma hər ikisi hiss etmişdilər, hazırlaşmışdılar getməyə sanki… Və getməzdən öncə halallıq da vermişdilər, bağışlamışdılar onları incidənləri, qəlbini qıranları… Özü də elə saf,elə təmiz,elə müqəddəs duyğularla bağışlamışdılar ki…

Bəlkə də bir-birini tanımırdılar. Bəlkə də bir-birinin şeirlərini oxumamışdılar. Bəlkə də tamamilə fərqli xarakterli insanlar idilər. Amma onları eyni vaxtda xatırlada biləcək hissləri,sözləri var idi…

Təqdim etdiyimiz bu iki şeiri oxuduqdan sonra sadəcə ah çəkmək qalır insana. Və dodağının altında pıçıldayırsan öz-özünə: “Əslində onlar bu dünyada çox yaşaya da bilməzdilər”

Saqif Zeynal

SƏNİ BAĞIŞLAYIRAM

Səni suların saflığına
Balıqların paklığına
Bəyaz yaddaşına bağışlayıram…

Bir zümzüməlik dua kimi
Pıçıldayıram səni hər gün
Pıçıldayıram dodağımın altında
Üfürürəm üzü qırışmış sulara…
Gözü yaşarmış sulara…

Yerin dərin ovuclarından
Buxarlanır duzlu dəniz suları
Sular da Tanrıya dua edirlər
Buxar olur duaları…

Qarışıb suların göz yaşlarına
Çəkilir göylərə, çəkilir duam
Çatır Tanrının bulud dərgahına…
Səni bağışlayıram…

Səni suların saflığına
Balıqların paklığına
Bəyaz yaddaşına bağışlayıram…


*******

Məlik Cahan

SƏNİ BAĞIŞLAYIRAM

Səni bağışlayıram
baharın gedişinə,
payızın gəlişinə.

Səni bağışlayıram
doğulacaq körpənin
balaca süd dişinə.

Səni bağışlayıram
yolunun üstündəki
qarışqanı əzməyən
insanın ürəyinə.

Səni bağışlayıram,
Məhəmməd peyğəmbərin,
İsanın ürəyinə.

Səni bağışlayıram
kimsəsiz məzarların
şəkilsiz baş daşına.

Səni bağışlayıram
oyuncağı qırılan
uşağın göz yaşına.

Səni bağışlayıram
bu yağışın səsinə,
bu torpağın ətrinə.

Səni bağışlayıram
elə sənin xətrinə.

/Aran qəzeti/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123456
78910111213
14151617181920
21222324252627
282930