manera.az
manera.az

Sən​ ömrümə bahar çağı gəlmisən - ŞEİRLƏR

Sən​ ömrümə bahar çağı gəlmisən - ŞEİRLƏR
MANERA.AZ gənc şair Fuad Biləsuvarlının şeirlərini təqdim edir:

Döz! Düzələcək!

Sənə çox dedilər dostlar, tanışlar:
“Az qalıb... Bu dünya döz, düzələcək.
Bir az səbirli ol, bir az toxdaq ol,
Çölləri, düzləri gəz, düzələcək...”

Fikirdən ürəyim yanan bir kürə,
Dərdim axıb getmir araza, kürə.
Dedilər, qələmi sən qoyma yerə,
Yorulmaq bilmədən yaz, düzələcək.

Fələk hər vaxt mənə qəmdən don biçir,
İmtahan etməyə hey məni seçir.
Çox da ömrüm-günüm qış kimi keçir,
Dedilər: “gələcək yaz, düzələcək.

Heç nəyin dərdini gəl çəkmə sən də,
Qəlbini eyləmə hey kündə-kündə.
Yalanla başını qataraq gündə
Alsan bu dünyadan həzz, düzələcək!”

Rəhm elə bu axan göz yaşlarıma

Aciz görünsəm də gözünə sənin,
Qurbanam ayaqda tozuna sənin.
Yalvarıb deyirəm özünə sənin,
Rəhm elə bu axan göz yaşlarıma.

Göydə mələklər də mat qalıb mənə,
Allah xatirinə, Allah eşqinə.
Gəl qayıt imana, gəl qayıt dinə,
Rəhm elə bu axan göz yaşlarıma.

Ahım ürəyimi yandırır axı,
Köksümü dağlayıb, sındırır axı.
Soyuqluğun məni öldürür axı,
Rəhm elə bu axan göz yaşlarıma.

Zarafat gəlməsin sənə sözlərim,
Quruyub qollarım, keydi dizlərim.
Ağlamaqdan şişib yazıq gözlərim,
Rəhm elə bu axan göz yaşlarıma.

Qəlbimə yığılıb qalan qəmim var,
Sənsiz görəcəkli çox pis günüm var.
Qorx Allaha çatan, səsim, ünüm var,
Rəhm elə bu axan göz yaşlarıma.

Dərdimiz...

“Uşaq kimi gah gizlənir, gah çıxır”,
Ərköyündü, əzizlənir dərdimiz.
Hərdən mənə elə gəlir köhnəlir,
Köhnəlmir ha, təzələnir dərdimiz.

Biz kimik ki, dərdi tamam əridək?!
Çəkə-çəkə ömrü-günü çürüdək...
Allah bizə göndəribsə nə demək!
Gah görünür, gah gizlənir dərdimiz.

Bəndə kimdi?! Sən dərdini ha qına!
Gözlə, səndən üz çevirər o yana...
Ürək gərək - dalğasına dayana,
Gündən-günə dənizlənir dərdimiz!

Ağlamaq istərəm...

Bir kimsə oğluna dil verməz, ana!
Yıxılsam əlimə əl verməz, ana!
Kişilik qürurum yol verməz, ana!
Ağlamaq istərəm bu səhər yenə...

Mən özüm gömmüşəm öz istəyimi,
Tale də puç edib hər bir səyimi.
Çəkərək başıma kədər meyimi,
Ağlamaq istərəm bu səhər yenə.

Həsrət dostum olub, dərd çəkmək - peşəm,
İlahi, bu yaşda necə düşmüşəm!
İçimdə göyərib qəm, kövrəlmişəm,
Ağlamaq istərəm bu səhər yenə.

Ya çətin günlərim ötərgi ola,
Nisgilim, həsrətim bitərgi ola, -
Ya Fuad - kəmqismət gedərgi ola!..
Ağlamaq istərəm bu səhər yenə...

Qorxuram

Aramızda olan xətir-hörmətin
Nə zamansa bitməyindən qorxuram.
Sənə​ olan bu sevgimin, eşqimin
Ürəyimdə ölməyindən qorxuram.

Xəyalını daşıdığım anların,
Həsrətindən üşüdüyüm anların,
Sənə görə​ yaşadığım anların,
Xəyal kimi itməyindən​ qorxuram.

Gizli-gizli ürəyimə girmisən,
Sevgi nədir​ -​ mənimlə bir bilmisən.
Sən​ ömrümə bahar çağı gəlmisən,
Bir qış çağı getməyindən qorxuram.

Məndə...

Aparma başqa bir könülə pənah,
Bilirsən, qəlbinin açarı məndə.
Məni tərk eləsən - edərsən günah,
Məhəbbət dağının vüqarı məndə.

Qorxmaram boşalsa solum, sağım da,
Bilirəm, sən varsan çətin çağımda.
Sanki bir meyvəsən sevda bağımda,
Hələ dərməmişəm, nübarı məndə.

Əzəldən inandım düz ilqarına,
Sənin ismətinə, sənin abrına.
Bir zərrə söz olmaz tövrü-tavrına,
Sevginin peymanı, ilqarı məndə.

Bu Fuad ölmədi, onunçün sağdı,
Eşqi də təmizdi, bəyazdı, ağdı.
Güvənə bilərəm, arxamda dağdı -
Dünyanın vəfalı dildarı məndə!

Yanına gəldim ki...

Üzündə nikbinlik yaratmaq üçün,
Dərdini, fikrini dağıtmaq üçün,
Həsrətli qəlbini ovutmaq üçün
Yanına gəldim ki, darıxmayasan.

Dözmərəm yarpaqtək saralmağına,
O damın altında tək qalmağına.
Vicdanım yol verməz darıxmağına,
Yanına gəldim ki, darıxmayasan.

Xoşbəxtəm əllərim əlində sənin,
Nə yaxşı ki, varam bəxtində sənin.
Yenə də qonağam evində sənin,
Yanına gəldim ki, darıxmayasan.

Bu gündən yığışdır umu-küsünü,
Toxundur üzümə o gül üzünü.
Hiss etmə həyatda yalqız özünü,
Yanına gəldim ki, darıxmayasan.

Bu həsrət zəmisi biçilən deyil,
Həsrətim misqalla ölçülən deyil.
Zülümün dağ boyda! Kiçilən deyil!
Yanına gəldim ki, darıxmayasan.

Deyir...

Dərd mənim canımı elə yonub ki,
Mən səndən kənara qaçmaram,deyir.
Çətinlik çiynimə elə qonub ki,
Daha uzaqlara uçmaram, deyir.

Bezdirib lap məni​ bu yaşam​ tərzi,
Düz qoyub,​ düz​ çəkmir​ tale tərəzim.
Mənimlə​ nə imiş​ qəsdi-qərəzi? -
Səadət yolunu açmaram, deyir.

Allahım göndərib,​ bir sınaqdı çək,
Nə qədər yalvarsam dərd eyləməz tərk.
Elə yapışıbdı yaxamdan bərk-bərk,
Başqa birisini​ qucmaram, deyir.

Çətin günlərimin itibdi sayı...
Belə bəxtsiz​ varmı məndən savayı?
Sönüb başım üstə​ ulduzum, ayım,
Günəş də “yoluna​ saçmaram”​ deyir!..

Azərbaycan can, bayrağım

Üstündəki qırmızı rəng şəhidlərin al qanıdı,
Əsgərlərin döyüş vaxtı and içdiyi Quranıdı.
Bayraqların birincisi, bir incisi, sultanıdı,
Azərbaycan can, bayrağım!

Libas bilib əynimizə səni çox vaxt geyinmişik,
Sənin ilə qürrələnib, sənin ilə öyünmüşük.
Biz səndəki məğrurluğu, enməzliyi bəyənmişik,
Azərbaycan can,bayrağım!

Sən Çingizə, Mübarizə ölüm günü kəfən oldun,
Ah! Nə qədər ölümlərlə bizlə yasa batan oldun.
Sən ayrıca ana, ata, sən ayrıca vətən oldun,
Azərbaycan can, bayrağım!

Şuşamızda zirvələrdə asılıbdı enməz, enməz,
Üstündəki ay-ulduzla hey parlayır sönməz, sönməz.
Rəhbər cənab İlham kimi qədrini də kimsə bilməz,
Azərbaycan can, bayrağım!

Şah Xətai, Məmmədəmin, Heydər baba yadigarı,
Nə yaxşı ki, bizimkisən bəzəyirsən bu diyarı.
Sənin ilə qazanmışıq çox zəfəri, şöhrət, varı,
Azərbaycan can, bayrağım!

Anamızsan, atamızsan, qardaşımız, bacımızsan,
Başımızda bər-bəzəkli, lap qızıldan tacımızsan.
Canımızda qüvvətimiz, ağrımızsan, acımızsan,
Azərbaycan can, bayrağım!

Vətən üçün şəhid oldum, ay ana

Etməsən də mənə bu gün toy-düyün,
Mənə görə nə qəmli ol, nə üzgün.
Çoxu kimi mən də öldüm el üçün,
Vətən üçün şəhid oldum, ay ana!

Sevin, çoxlu əzdim düşmən başını,
Zəhər etdim mən onların aşını.
Qürurlu tut o vüqarlı başını,
Vətən üçün şəhid oldum, ay ana!

Qarabağın qisasını alaraq,
Yağıları minbir dərdə salaraq.
Yaddaşlarda igid kimi qalaraq,
Vətən üçün şəhid oldum, ay ana!

Yurdun əsgəri

Qələbə müjdəli xəbərlərdən de,
Artıq azad olan şəhərlərdən de.
Vətən tarix yazır zəfərlərdən de,
Özünə ev bilib soyuq səngəri,
Zəfərin mübarək yurdun əsgəri!

Xalqının gözünü yollardan yığan,
Söz ilə düşməni sıxaraq,boğan.
Tapıldı o, şəxslər İlham, Ərdoğan,
Qoruyaq dəyərli iki rəhbəri,
Zəfərin mübarək yurdun əsgəri !

Ali Baş Komandan min əhsən sizə,
Ordumuzla ağ gün gətirdin bizə.
Qaliblik yaraşır bu ölkəmizə,
Gördüm əsgərlərdə qeyrət,hünəri,
Zəfərin mübarək yurdun əsgəri!

Düşmən çəpərini qırdın əlinlə,
Bağrını deşərək, yardın əlinlə.
Torpağın yarasın sardın əlinlə,
Şükür məğlub etdin sən düşmənləri,
Zəfərin mübarək yurdun əsgəri!

Ay Çingiz, Mübariz, Rəşad ruhun şad,
Uğrunda öldüyün Qarabağ azad.
Ordumla gözəldir Şuşada həyat,
Təkcə mən demirəm deyir,minləri,
Zəfərin mübarək yurdun əsgəri!

Şuşa kimi elim Vətən!

Anam qədər mənə yaxın,
Azad oldu Qarabağım.
O sinəsi barlı bağım,
Şuşa kimi elim Vətən!

Ən ətirli, gül bağından,
Sönməyən od- ocağından.
Bərəkətli torpağından,
Qüvvət aldı qolum Vətən!

Gerb, üçrəngli bayrağından,
Kəpəzindən, Şahdağından.
Çilçıraqlı çırağından,
İşıqlandı yolum Vətən!

Çıxdın sən də bir ağ günə,
Düşmə bir də duman-çənə.
Nəğmə qoşdum mən də sənə,
Sevə-sevə gülüm Vətən!

Ömrüm-günüm, ağ gündüzüm,
Qurban olum sənə özüm.
Dodağımda şirin sözüm,
Ey nəğməli dilim Vətən!

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930