Böyüklər üçün tamaşa - Kukla Teatrında | MANERA.AZ
![]()
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında tam yeni və maraqlı bir tamaşanın məşqlərinə start verilib.
Teatrın mətbuat xidmətindən MANERA.AZ-a bildirilib ki, bu dəfə uşaqların sevimli məkanında böyüklər üçün tamaşa hazırlanır. İdeya müəllifi və rejissoru teatrın baş rejissoru Qurban Məsimov olan səhnə nümunəsi “Melodiya” adlanır. Bütövlükdə ailə dramı olan tamaşa həm canlı plan, həm də cansız əşyaların hərəkətə gətirilməsindən ibarətdir. Belə ki, zivədə asılan qadın və kişi paltarı aktyorların oyununa daxildir. Beləcə bütün hekayətin məğzini daha çox iki geyim danışır.
Müəyyən dram elementlərinin olduğu sözsüz tamaşada musiqi tərtibatı səhnə işinin əhvalına uyğun olaraq mərhum pianoçu-bəstəkar Vaqif Mustafazadənin əsərləri əsasında qurulub.
Həll etibarilə daha çox festivallar üçün nəzərdə tutulan tamaşanın rəssamı Rəvanə Yaqubovadır. Səhnə işində obrazları Samirə Nəcəfova və Rəhim Rəhimov canlandırırlar.
İnsanlara məhəbbətin hər maneəni aşa biləcəyini, eləcə də uşaqların ailələrin xilasında, bir-birini qəbul etməsində əsas vasitə olduğunu göstərən 45 dəqiqəlik tamaşa noyabrın sonlarında təqdim olunacaq.