manera.az
manera.az

Darıxmaq öyrətmisən - Yeni şeirlər

📅 22.03.2021 03:00

Darıxmaq öyrətmisən - Yeni şeirlər
MANERA.AZ Qalib Şəfahətin yeni şeirlərini təqdim edir.

Boyda

Dərd kimdi ki, boyun əyim,
Köksümdəki bu qəm boyda.
Aç qəlbini süfrə elə
Dizim üstə, sinən boyda.

Yeni nəfəs, ün gələcək,
Nə gəlsə də, tən gələcək.
Gözlə, yeni gün gələcək.
Bu gün boyda, dünən boyda.

Bu ömrün öz mayası var
Çınqılı var, qayası var.
Hər günün öz boyası var.
Ya sən boyda, ya mən boyda.

Gedim

Məni tez çatdırın son nəfəsimə,
Elə son kəlməmi eşidim gedim.
Elə son anda da, son məqamda da
Çəkib öz-özümün keşiyin, gedim.

Qoy özüm eşidim vəsiyyətimi,
Elə özüm çəkim əziyyətimi,
Verib öz-özümə nəsiyyətimi,
Bilib tabutumu beşiyim, gedim.

Məndən nə qalacaq, nəyi aparım?
Üz tutub özümdən halalıq alım.
Ədəblə özümü qoy yola salım,
Deyib, əlvida ev-eşiyim, gedim.

Gələcəm

Gözlə! Gözlə! Yolumu,
Darıxanda gələcəm.
Arzularım hürüküb,
Qorxanda gələcəm.

Darıxmaq öyrətmisən,
Qorxmaq öyrətmisən,
Karıxmaq öyrətmisən,
Karıxanda gələcəm.

Ürəyimə qəm köçüb,
Üstündən üryan keçib.
Güllər ətrini töküb,
Soluxanda gələcəm.


***
Nə o məni yandırmadı,
Nə də mən yandım
onun oduna.
Nə də şam kimi yandırmadım
onu odumda.
İndi mən yoxam,
Heykəl daşam daha.
Onun heykəlimin önünə
Qoyduğu şam
Sozala-sozala
Alışıb yanır oduma.
Yəqin dözməyir,
Yoxluğuma.
Bir də ayrılığıma.

Analiz et

Çox narahatam,
Ömrüm, günüm dolaşıq düşüb,
Ömrüm, günüm qarışıq düşüb,
bəlkə də ömrümə,
yarı qaranlıq,
yarı işıq düşüb?
Ömürsüz, günsüz yaşayanla
Günaha yoluxmuşam
Günah daşıyıcısından.
Həkim!
Çox narahatam.
Analiz götur,
Analiz et ömrümü
Necə?
Nə vaxt?
Kim yoluxdurub məni?
Necə gəlib çıxmışam bu günümə?
Bəs niyə ölməmişəm?

İkimiz qalacağıq

Aramızdan küləklər də əsəcək,
Aramızdan çox zamanlar ötəcək
Çox sular bulanıb durulacaq,
Aramızda ikimiz qalacağıq.
İkimizin arasında
boşluq qalacaq.
O boşluq
dolub boşalacaq.
Yağış da yağacaq,
gündə çıxacaq
Təkcə ikimiz qalacağıq
İkimizin arasında.
Uçurum da olacaq,
fəlakət də qopacaq,
Şəhərlər də salınıb,
insanlarla dolub boşalacaq.
Təkcə ikimiz qalacağıq
o boşluqda,
ikimizin arasında.
Sən ərə də gedəcəksən,
mən də evlənəcəm vaxtım olsa.
uşaqlarımız bizə baxıb qürur duyacaq.
Bəlkə
qızın da oğluma vurulacaq
Çox istəklər bir-birinə qovuşacaq
Təkcə aramızda
ikimiz qalacağıq...


***
Təkliyimi
yastıq edib
başımın altına qoymuşam.
Rahat yatım deyə.
Tənhalığımı
süngü edib
uzaq yola çıxmışam.
Qurd-quşdan
qorunmaq üçün.
Təkliyə
vətən keşiyini çəkən
əsgər kimi baxmışam,
qürurumun yanında dayandığı üçün.
Uduzmamışam...
Uduzmağım,
gözlərimin qaşlarımı oynatmağında...
Bir də
yuxusuz gecələrdə
gözlərimi qırpmağımda
olub.


Baxış sayı - 1 174 | Yüklənmə tarixi: 22.03.2021 03:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031